Ötən həftə ölkə Prezidenti İlham Əliyev ümumilikdə 90 nəfərin daxil olduğu əfv haqqında Sərəncamı imzalayıb. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu məsələ ilə bağlı münasibət bildirərək vurğuladı ki, Azərbaycanda siyasi fikrinə, düşüncəsinə görə heç kim təqib olunmur: "Ümumiyyətlə, Azərbaycanda siyasi fikrinə, düşüncəsinə görə heç kim təqib olunmur və olunmayacaq.
Azərbaycan demokratik dövlətdir, ölkədə bu və ya digər şəxslər Cinayət Məcəlləsinin maddələrinə görə cinayət məsuliyyətinə cəlb edilirlərsə, bu, yalnız hüquqi məsələ olaraq dəyərləndirilməlidir. Doğrudur, bəzi beynəlxalq qurumlar Azərbaycanda müəyyən məsələlərə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin bəziləri haqqında subyektiv qərarlar çıxararaq, onları bizim qəbul etmədiyimiz halda siyasi məqsədlərlə təqib olunmuş şəxslər siyahısına salmağa çalışırlar. Ancaq bunu siyasi məsələ kimi qiymətləndirənlər hesab edirəm ki, məsələlərə düzgün yanaşmırlar. Bir çox müxalifət mətbuatında özlərinin tərtib etdikləri "siyasi məhbusların" məsələsinə gəlincə, onlar Cinayət Məcəlləsinin başqa müddəalarına görə həbs olunublar və onların əfv edilib-edilməməsi, təbii ki, ölkə başçısının səlahiyyətində olan məsələdir. Eyni zamanda, həmin şəxslərin hazırda həbsdə olduqları yerdə özlərini necə, hansı şəkildə aparması, onların müraciətləri və sairə məsələlərlə əlaqədar kompleks yanaşma olmalıdır".
"Sonuncu əfvi çoxları gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Eurovision - 2012" yarışması ilə əlaqələndirir, hətta daha uzağa gedən iddialar irəli sürürlər" sualını cavablandıran M.Qurbanlı bildirdi ki, Bakıda keçirilməsi nəzərdə tutulan "Eurovision - 2012" yarışmasının ölkəmiz üçün böyük sosial, iqtisadi, siyasi, deyərdim ki, ideoloji əhəmiyyəti var: "Sonuncu yarışmada Azərbaycan nümayəndələrinin qələbəsinin də, təbii ki, əhəmiyyəti hamıya aydındır, növbəti müsabiqəyə də hazırlıq işləri görülür. Amma bütövlükdə müsabiqəyə hazırlıqla əlaqədar guya Azərbaycanda əfvlərin verilməsi, bunun başqa məsələlərlə əlaqələndirilməsi, məncə, ayrı-ayrı mətbuat nümayəndələrinin, jurnalistlərin özlərinin şəxsi fikirləridir. Yəni hesab edirəm ki, hakimiyyət bu cür addımlar atarkən onu nə iləsə əlaqələndirmir. Bu, yalnız humanist addım kimi dəyərləndirilməlidir. O ki qaldı kütləvi aksiyalar, "İctimai Palata"nın mitinq məsələsinə, "İctimai Palata" adlanan qurumun sosial dayağı faktiki yox dərəcəsindədir, onların hansısa bir yerdə kütləvi aksiya keçirmək imkanları sıfıra bərabərdir. Ancaq hesab edirəm ki, onlar qanun çərçivəsində müraciət edib bu və ya digər yerdə siyasi aksiya keçirmək istəsələr, hakimiyyət buna müsbət yanaşacaq və bu zaman da görünəcək ki, bu qurumun sosial dayağı, sosial bazası nə dərəcədədir. Ona görə məhz bu qüvvələr qanunsuz, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə aksiyalar keçirmək istəyirlər ki, həqiqi simaları və həqiqi sosial bazaları haqqında cəmiyyətin fikirləri yanlış olsun. Kütləvi aksiyalarını qeyri-qanuni, yəni, insanların sərbəst toplaşdığı yerdə - metro çıxışlarında, istirahət parklarında keçirməklə, bir növ kütləviliklərini göstərmək istəyirlər, amma buna da nail ola bilmirlər. Ona görə düşünürəm ki, "İctimai Palata" müraciət etsə, qanunla hakimiyyətin, Bakı şəhər meriyasının ayırdığı yerdə onlara mitinq, aksiya keçirməyə həmişə icazə verilə bilər və veriləcək. Ancaq yenə onlar qeyri-qanuni və siyasi aksiya keçirmək məqbul olmayan yerdə mitinq, yürüş cəhdində olsalar, bunun qarşısı alınacaq".