“Bakı dəbdə olan Avropa paytaxtına çevrilir”
Mayın 30-da Rusiyanın nüfuzlu nəşri "Nezavisimaya qazeta"nın internet saytında Nazim Cavadovun "Bakı dəbdə olan Avropa paytaxtına çevrilir" sərlövhəli məqaləsi verilib. Məqalədə vurğulanır ki, Azərbaycan "Eurovision" müsabiqəsində qazandığı qələbə ilə özünü Avropa ambisiyaları və imkanları olan ölkə kimi inamla təqdim edir.
Qəzet yazır ki, Avropa Birliyinin rəsmi strukturları köhnə adətləri üzrə Bakıya soyuq münasibət nümayiş etdirsə də, nüfuzlu siyasətçilər, tanınmış biznesmenlər və sıravi avropalılar Odlar Yurdu ilə yaxından tanış olmağa getdikcə daha çox maraq göstərirlər.
"Bu Qafqaz dövlətinə Avropanın münasibətində dəyişikliklər Azərbaycan ifaçılarının 2008-ci ildə "Eurovision"da iştirak etməyə başlaması ilə eyni vaxta düşüb. İlham Əliyevin komandası avropalıları yeni Azərbaycanla- sürətlə inkişaf edən və haqlı olaraq təkcə regional lider deyil, həm də postsovet məkanında ən perspektivli dövlətlərdən biri roluna namizədlə tanış etmək üçün mahnı müsabiqəsinin səhnəsindən tam mənada istifadə edib.
Prezident İlham Əliyev bu yaxınlarda Avropanın iş adamları ilə görüşdə bu faktı təsdiqləyərək vurğulayıb ki ki, son 7 ildə Azərbaycanda ÜDM-in və sənaye istehsalının həcmi təxminən 3 dəfə artıb, ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb.
Rəsmi Bakı eyni vaxtda iri infrastruktur layihələrini reallaşdırmağa və kiçik biznesi inkişaf etdirməyə istiqamətlənib. Bu məqsədlə ölkədə sahibkarlıq mühiti qanunvericilik səviyyəsində liberallaşdırılır. Hər il dünya ölkələrində iqtisadi azadlıq indeksini tərtib edən beynəlxalq "Heritage" ("İrs") fondunun məlumatlarına görə, Azərbaycan ötən il MDB-nin digər dövlətlərini xeyli geridə qoyaraq, 92-ci yerə çıxıb. Odur ki, iqtisadçılar Azərbaycanın iqtisadi inkişaf sürətinin yaxın illərdə də artacağını bildirirlər".
"Nezavisimaya qazeta" paytaxtımızın böyük regional mərkəzə çevrilməsini qeyd edərək yazır: "Təəccüblü deyil ki, son vaxtlar Bakıda, mütəmadi olaraq, Avropa biznes forumları keçirilir. May ayında Çexiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüş başa çatandan dərhal sonra Niderland nümayəndə heyəti ilə dialoq başlanıb. Polşa prezidentinin Odlar Yurduna rəsmi səfər edəcəyi iyul ayında Azərbaycan və Polşa iş adamlarının iştirakı ilə forum da planlaşdırılır.
İlham Əliyev Çexiya nümayəndə heyəti qarşısında çıxışında xüsusi vurğulayıb ki, 1990-cı illərin əvvəllərində enerji resurslarına ümid bəslənilirdisə, hazırda hakimiyyət infrastruktur və regional layihələrin, kənd təsərrüfatının, nəqliyyatın, ən müasir texnologiyaların və əlbəttə, turizm sektorlarının inkişafında maraqlıdır".
Qəzet Azərbaycan Prezidentinin bununla bağlı fikirlərinə də yer ayırıb: "Bu il təkcə Bakı şəhərində dünya səviyyəli 6 yeni beşulduzlu hotel açılacaq. Bu da onu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə yatırmağın mümkün və lazım olduğu bir ölkə kimi baxır, ən başlıcası- ölkəmizin gələcəyinə inanırlar".
Məqalədə qeyd edilir ki, ölkə prezidenti siyasi modernləşdirmə olmadan iqtisadi islahatların yalnız qısamüddətli perspektivdə səmərə verə biləcəyini Bakıda yaxşı başa düşdüklərini vurğulayıb: "Biz Avropa strukturları ilə konstruktiv münasibətlər qurmuşuq, artıq 10 ildir ki, Avropa Şurasının üzvüyük, Avropa Birliyi ilə "Şərq tərəfdaşlığı" proqramı üzrə işləyirik. Azərbaycanı çiçəklənən dövlətə çevirmək üçün ölkəmizi bundan sonra da modernləşdirmək niyyətindəyik".
Məqalədə ölkəmizin "Eurovision"da qələbəsinə də toxunulub: "Bu fonda Azərbaycan duetinin "Eurovision"da qələbəsi, həqiqətən, Odlar Yurdunun Avropada öz yeni obrazını qəti təsdiq etməsinə imkan verən bir hadisədir. 2012-ci ilin may ayının sonlarında Bakıda keçiriləcək müsabiqəyə on minlərlə turistin gələcəyi gözlənilir. Onların Bakıda yerləşməsini lazımi qaydada təşkil etmək üçün dövlət başçısı yüksək səviyyəli təşkilat komitəsinin tərkibini təsdiq edib.
Təşkilat komitəsinə hökumətin üzvləri, sahə idarələrinin rəhbərləri daxildir. Müsabiqəyə hazırlığa isə şəxsən birinci xanım Mehriban Əliyeva rəhbərlik edəcəkdir. "Eurovision"un icraçı prodüseri Jan-Ola Sand vəd edib ki, Bakıda bütün Avropanın ürəyincə olacaq müsabiqə keçiriləcəkdir".
"Nezavisimaya qazeta"da vurğulanır ki, indiki qaliblərin- Eldar Qasımov və Nigar Camalın görünməmiş dərəcədə populyarlığına əsasən mühakimə yürütmək olar ki, avropalılar Odlar Yurdunu özləri üçün kəşf etməkdə maraqlıdırlar: "Onlar Avropada çıxış etmək və Qərb telekanallarına müsahibə vermək üçün hər gün yeni-yeni dəvətlər alırlar. Duetin rəqiblərinin şərhləri də bunu təsdiq edir.
Məsələn, bu ilin favoriti sayılan Britaniyanın "Blue" qrupunun iştirakçıları KİV-lərə müsahibələrində bildirmişlər ki, müsabiqəyə hazırlıq çərçivəsində onları yaxşı mənada ən çox heyrətləndirən Bakıya səfərləri olmuşdur. Onlar demişlər: "Ölkəniz bizdə o qədər xoş təəssürat doğurmuşdur ki, biz yenidən Azərbaycana qayıtmaq istəyirik". Qəzetin yazdığına görə, Azərbaycan duetinin təqdim etdiyi musiqinin gözəlliyini, çıxışı təmin edən qrupun sahmanlı işini, mahnının son dərəcə uğurlu olduğunu vurğulayan britaniyalı ifaçılar həmkarlarının qələbəsini layiqli qələbə sayırlar.
"Artıq Avropada hitə çevrilmiş "Running Scared" mahnısı tənqidçiləri də təəccübləndirib: melodiyanın romantik şəffaflığının və mətnin lirikasının parlaq şounun dəstəyinə ehtiyacı yox idi. Avropalılar bu kübar sadəliyini layiqincə qiymətləndirdilər. Azərbaycana maksimum balı verən ölkələrin sayı çox olmayıb. Lakin orta səviyyədən yuxarı göstəricilər bütün Avropa ölkələri üzrə bərabər paylanıb.
Duetin gözəl, inamlı və sakit "məxməri qələbə"sini də məhz bu təmin edib. Müsabiqənin finalının digər 24 iştirakçısı favoritlərdən xeyli geri qalıb. Ekspertlər proqnozlaşdırırlar ki, inkişaf edən, Avropa standartlarına can atan, lakin bənzərsiz özünəməxsusluğunu qoruyub saxlayan Azərbaycanın özünü də elə belə rahat və gözəl qələbələr gözləyir"- qəzet yazır.