“Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə böyük əhəmiyyət verir”
"Rusiya prezidentinin təşəbbüsü ilə iyunun üçüncü ongünlüyündə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü planlaşdırılır". SİA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünə böyük əhəmiyyət verir: "Biz bu görüşə böyük əhəmiyyət veririk. ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin görüşünə böyük önəm verirlər. Siz yəqin ki, bu yaxınlarda hər üç həmsədr ölkə prezidentlərinin bəyanatını gördünüz. Orada münaqişənin tezliklə həll olunması ilə bağlı sanki bir tələb ortaya qoyulub".
N.Məmmədov bildirib ki, rəsmi Bakı eyni zamanda regiondakı status-kvonun dəyişilməsində də maraqlıdır: "Bizim, o cümlədən həmsədr dövlətlərin rəhbərlərinin, Minsk qrupu həmsədrlərinin və beynəlxalq ictimaiyyətin tələbi bundan ibarətdir ki, regiondakı status-kvo dəyişilsin. Status-kvonun dəyişilməsi isə münaqişənin həllində birinci mərhələ ilə, yəni Azərbaycanın ərazilərinin işğaldan azad olunması ilə başlaya bilər. Düşünürük ki, Ermənistan tərəfi bu bəyanata ciddi yanaşacaq. Müəyyən bəhanələr axtarmayacaq. Bundan sonra yenə də danışıqlar prosesinin vaxtının uzadılmasına çalışmayacaq".