PDF Oxu

Əsas

  • 12

Kazan görüşü Azərbaycana nə vəd edir?

Kazan görüşü Azərbaycana nə vəd edir?
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması istiqamətində göstərilən növbəti cəhd yenidən gündəmi zəbt edəcək. Xatırladaq ki, bir neçə dəfə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Üçtərəfli danışıqlar masasında münaqişənin həlli ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olunmamışdır.
Səbəb isə, Serj Sarkisyanın hər dəfə qeyri-adekvat addımlar atması olub. Siyasi analitiklər Rusiyanın Kazan şəhərində baş tutacaq növbəti danışıqlar üçün bir qədər ziddiyyətli fikirlər səsləndirir və bunu onunla əlaqələndirirlər ki, bu vaxta qədər Ermənistan heç bir real söz danışmayıb, konstruktiv mövqe sərgiləməyib. Siyasi analitiklərin gəldikləri qənaətə görə, görəsən, bu dəfə münaqişənin həlli istiqamətində S. Sarkisyan konstruktiv fikir yürüdəcəkmi, yoxsa Kreml yenə də Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqları öz nəzarətində saxlamağa çalışacaq?
Azərbaycanın ATƏT-də təmsil olunan nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov ölkə başçıları səviyyəsində keçirilən hər bir görüşü çox yüksək qiymətləndirdiyini qeyd etdi: "Dağlıq Qarabağ probleminin çözülməsi yalnız Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır. Cənab Prezident İlham Əliyevin hər zaman konstruktiv, real siyasət yürütməsinə baxmayaraq, Ermənistan prezidenti S.Sarkisyan hər zaman ikili oyun nümayiş etdirib. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllinə çox ciddi təsir edir".
Bu məsələnin hər zaman ATƏT-də də müzakirə olunduğunu vurğulayan millət vəkili Rusiyanın təşəbbüsünü də çox yüksək qiymətləndirdi. Bildirdi ki, D.Medvedev münaqişənin həll olunmasında maraqlıdır.
Bütün xristian dövlətlərinin işğalçı Ermənistana dəstək verməsinə tənqidi yanaşan E.İbrahimov bunu ikili standartlar və ədalətsizlik sindromu adlandırdı.
Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində BMT-nin qəbul etdiyi 822 saylı qərarından 19 il ötsə də, icra olunmayıb. Məgər buna ədalətsizlikdən, ikili oyunlardan başqa bir ad vermək olarmı?
E.İbrahimov bu məsələdə Azərbaycan tərəfinin konstruktiv mövqeyinin hər kəsə açıq-aşkar bəlli olduğunu söylədi:"Azərbaycan dövlətinin ərazi bütövlüyü, ümumiyyətlə, heç bir halda müzakirə obyekti ola bilməz. Kazan görüşündə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hansısa müəyyən qərarlar qəbul oluna bilər. Nədənsə, hər zaman Ermənistan tərəfi qeyri-real mövqe sərgiləyir. Çox güman ki, bu dəfə prezidentlərin üçtərəfli Kazan görüşündə müəyyən anlaşma əldə edilə bilsin. Ermənistanın öz qeyri-konstruktiv siyasətini davam etdirməsi həmin dövlətin iflasına, məhv olmasına səbəb olur. Bəlkə də S. Sarkisyan qarşısına müəyyən bir məqsəd qoyub ki, Ermənistanı tamamilə uçuruma sürükləsin. Əslində, Ermənistan tərəfinin bu dəfə də hansısa konstruktiv, müsbət addım atacağı gözlənilmir. Hər dəfə Ermənistan prezident Sarkisyanın danışıqları uzatma taktikası, qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, onu deməyə əsas verir ki, o, yenə də danışıqların baş tutmamasına çalışacaqdır. Sarkisyan 2008-ci ildə Ermənistanda hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində heç bir adekvat addım atılmayıb. Çox maraqlıdır ki, S. Sarkisyan bu dəfə hansı "siyasət"i yürüdəcək. Yəqin ki, bu dəfə də işğalçı Ermənistan razılaşdırılmış prinsiplərə bir də təkrar qayıtsın, danışıqların zamanını müəyyən müddətədək uzatsın. Və yaxud da ola bilsin ki, hansısa müsbət addım atsın, amma atılan bu addımlar elə addımlar olacaq ki, orada vəziyyət dəyişməyəcək.
Millət vəkili qeyd etdi ki, bu gün Azərbaycan dövləti birmənalı olaraq, zəbt olunmuş torpaqlarının geri qaytarılmasını tələb edir, Ermənistan isə işğalçılıq siyasətindən əl çəkmir. Əgər beynəlxalq aləm, birmənalı olaraq, işğalçı dövlətə lazımi təsir göstərsə, o zaman Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilə bilər. Ümid etmək lazımdır ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyişlər əldə olunsun.
Azərbaycanın sülhsevər dövlət olduğunu bildirən millət vəkili vurğuladı ki, dövlətimiz müharibə istəmir. Lakin Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu azad etmək üçün bütün vasitələrdən istifadə edərək torpaqlarımızı geri, sahibi olduğu dövlətə qaytaracağıq.

Digər xəbərlər