PDF Oxu

Əsas

  • 29

Milli Məclisin növbəti iclası keçirildi

Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Oqtay Əsədov 28 May - Respublika Günü münasibətilə deputatlar adından Azərbaycan xalqına təbriklərini çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi altında son 8 ildə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini və dünya miqyasında layiqli yer tutduğunu bildirdi. Sonra gündəliyə çıxarılan məsələlər müzkirə edildi.
"Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova təqdim etdi. Komitə sədri bildirdi ki, sənəd 2011-ci il aprelin 29-da Bakı şəhərində imzalanmışdır: "Azərbaycan Respublikası öz konstitusiyasına əsasən, dini etiqad azadlığını tanıyaraq, Katolik dininə aşkar etiqad etmək və ayinləri yerinə yetirmək azadlığına təminat verir. Ölkəmizdəki katolik öz daxili qanunlarına uyğun olaraq özünü təşkil etmək və Azərbaycan Respublikasının qanunvericiliyinin, habelə, bu Sazişin müddəalarını nəzərə alaraq, öz dini səlahiyyəti daxilində missiyasını yerinə yetirmək hüququna malikdir".
Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
Sonra İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sənədləri təqdim etdi: "Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət tədbirləri nəticəsində yola saldığımız 2010-cu ildə əhalinin sosial rifahı xeyli yüksəlmiş, dövlətin iqtisadi qüdrəti və valyuta ehtiyatları artmış, milli valyutanın sabitliyi, ölkənin müdafiə, ekoloji, ərzaq təhlükəsizliyi təmin olunmuş, mühüm əhəmiyyət kəsb edən onlarla sosial və infrastruktur layihələr reallığa çevrilərək xalqın xidmətinə verilmişdir. Əldə edilmiş bu nailiyyətlər 2010-cu il dövlət və icmal büdcələrin göstəricilərində də müşahidə olunmuşdur".
Komitə sədri 2011-ci il dövlət büdcəsinə yenidən baxılmaqla aparılacaq dəyişikliklərin əsas mahiyyəti barədə də məlumat verdi. Bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, ilk növbədə, pensiya təminatı sistemində islahatların davam etdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə, bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması olmuşdur.
Maliyyə naziri Samir Şərifov bildirdi ki, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının qanun layihəsi və bununla bağlı hazırlanmış 2010-cu il dövlət büdcəsinin icrasına dair hesabat gəlirlərin toplanması və xərclərin icrası vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcları barədə məlumatları da özündə əks etdirir: "Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin gəlirləri 19 milyard 444 milyon manat və ya 125,8 faiz icra olunmuşdur ki, bu da 2009-cu ilə nisbətən 4 milyard 978 milyon manat və ya 34,4 faiz çoxdur. İcmal büdcənin xərcləri 14 milyard 285 milyon manat və ya 95,5 faiz icra olmaqla 2009-cu ilə nisbətən 1 milyard 362 milyon manat və ya 11,1 faiz çox olmuşdur. 2010-cu ilin icmal büdcəsi 1 milyard 167 milyon manat profisitlə proqnozlaşsa da, faktiki olaraq, 5 milyard 807 mln. manat profisit olmuşdur ki, bu da proqnoza nisbətən 4 milyard 639 milyon manat və ya 5 dəfə çoxdur. Hesabat ilində dövlət büdcəsinin mədaxili 11 milyard 403 milyon manat və ya 99,1 faiz yerinə yetirilsədə, 2009-cu illə müqayisədə 1 milyard 77 milyon manat və ya 10,4 faiz çox icra olunmuşdur. 2010-cu ildə təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə icra üst-üstə 2 milyard 901 milyon manat və ya 2009-cu ilə nisbətən 138,4 milyon manat və ya 5,0 faiz çox olmuşdur. Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3 milyard 703 milyon manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin (əmək haqqı, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, pensiya və müavinətlər, ərzaq, dərman xərci) maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 119,0 milyon manat və ya 3,3 faiz çoxdur".
Bütövlükdə, 2010-cu il dövlət büdcəsinə faktiki daxil olan vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməklə dövlətə məxsus əsas sosial vəzifələrin stabil maliyyələşdirilməsi təmin edilmiş, əmək haqqı, pensiya, müavinət, daxili və xarici borc kimi zəruri xərclər üzrə borc öhdəliyi yaranmamışdır.
Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi orqanın "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı rəyini diqqətə çatdırdı. Hesablama Palatası analitik təhlillərin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlib ki, Milli Məclisə təqdim edilmiş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb.
Maliyyə naziri Samir Şərifov bildirdi ki, "Azərbaycan Respubliksının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi ilə dövlət və icmal büdcələrin gəlir və xərclərinin artımı, dövlət büdcəsinin kəsirinin isə azaldılması nəzərdə tutulur. Maliyyə nazirinin sözlərinə görə, bu dəyişikliklər əsasən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsi, sosial müavinətlərin, təqaüdlərin və sair sosial ödənişlərin, habelə, bir sıra sosial və infrastruktur təyinatlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldilmişdir. Bu tədbirlərin həyata keçirilməsi üçün 3193,2 mln. manat məbləğində əlavə vəsaitin tələb olunduğu müəyyən edilmişdir ki, bu da təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinin vəsaiti hesabına örtülməsi imkan xaricindədir. Yuxarıda qeyd olunan xərclər üzrə maliyyə təminatın yaradılması üçün 2011-ci il dövlət və icmal büdcələrinin gəlirlərinin artımı istiqamətində müvafiq dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Dünya neft bazarlarında konyuktur əlverişli olaraq qalmaqla Azərbaycan neftinin bir barrelinin qiyməti 2011-ci il dövlət büdcəsinin hesablamalarında istifadə olunmuş qiyməti xeyli müddətdir ki 80 faizdən artıq üstələyir. Belə ki, 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərə əsasən yaranmış əlavə gəlirlər hesabına təsdiq edilmiş proqnozla nəzərdə tutulduğundan 193,5 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 976,4 milyon manat vəsait daxil olmuşdur. Dünya neft bazarlarındakı müsbət konyukturanı nəzərə alaraq, Azərbaycan neftinin qiymət fərqinə görə təsdiq edilmiş 2011-ci il dövlət büdcəsinə və Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə əlavə gəlirlərin daxil olacağı gözlənilir. Aparılmış təhlillər nəticəsində müəyyən olunmuşdur ki, 2011-ci il dövlət və icmal büdcələri hazırlanarkən hesablamalarda istifadə olunan neftin 1 barrelinin qiymətinin 60 ABŞ dollarından 80 ABŞ dollara çatdırılması, 2011-ci il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 770,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin isə 3 milyard 684 milyon manat artmasına əsas verir. Qeyd etmək istərdim ki, Beynəlxalq Valyuta Fondununu 2011-ci il üçün neftin 1 barrelinin orta illik qiymətinin 100-106 ABŞ dolları ətrafında olacağını proqnozlaşdırır. Dövlət büdcəsinin gəlirləri üzrə yaranmış əlavə gəlirlərin və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin dövlət büdcəsinin xərclərinə yönəldilməsi hesabına dövlət büdcəsinə əlavə olaraq 82,0 milyon manat əlavə dəyər vergisi şəklində gəlirin də daxil olacağı proqnozlaşdırılır.
Yuxarıda qeyd olunan müsbət amillər nəzərə alınmaqla təqdim olunmuş qanun layihəsində 2011-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 493 milyon manat artırılaraq 15 milyard 554 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 29,0 faiz çoxdur.
Samir Şərifov bildirdi ki, dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 6,7 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5 faiz azalacaq, əsaslı xərclərin xüsusi çəkisi isə 7,2 faiz artacaqdır. Cari xərclərin artımı üçün nəzərdə tutulan 698,0 milyon manat vəsaitin 463,0 milyon manatı və ya 66,3 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, pensiya təminatı sistemində aparılan islahatlara müvafiq olaraq 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləğləri arasındakı mövcud fərqlərin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının, sosial müavinətlərin və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcəkdir. Dövlət başçısının ölkənin həyatı vacib bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə artımın 77,8 faizi həcmində və ya 2 milyard 484 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Dəqiqləşmədən sonra dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üzrə xərcləri 5 milyard 864 milyon manata çatmaqla, onun büdcədə xüsusi çəkisi 10,3 faiz artaraq 36,8 faiz olacaqdır.
Qanun layihəsinin müzakirəsində deputatlardan Elton Məmmədov, Aqiyə Naxçıvanlı, Tahir Rzayev və başqaları çıxış edərək 2011-ci il dövlət büdcəsi haqqında qanunda edilən dəyişikliklərin əhəmiyyətindən danışdılar. Çıxış edənlər əhalinin pensiya təminatı sahəsində aparılan islahatları, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirdilər.
Sonra Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli "Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim etdi. Komitə sədri bildirdi ki, respublikamızda sosial müdafiə sahəsində islahatlar mütəmadi həyata keçirilir və Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan dəyişikliklər məhz bu islahatların mühüm və tərkib hissəsi hesab olunmalıdır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirdi ki, nəzərdə tutulmuş dəyişikliklərlə fondun gəlirləri 195000 min manat artırlaraq 2165540 min manata çatdırılımışdır. Bu artım illik müəyən edilmiş məbləğin 9,9 faizini təşkil edir. Fondun sədri qeyd etdi ki, aparılmış təhlillər pensiyası yenidən hesablanan vətəndaşların pensiyasının artması ilə respublikada orta aylıq pensiyanın məbləğinin təqribən 150 manata yüksələcəyini göstərir. Hesablamalar islahatın 800 mindən çox vətəndaşı əhatə etdiyini göstərir.
Deputatlar "Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Digər xəbərlər