Ətraf mühitin sağlamlığına diqqət daha da artırılmalıdır
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən növbəti ənənəvi mətbuat konfransında çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son illər həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verdi. H.Bağırov nazirliyin bu günlərdə yaranmasının 10 illiyini qeyd etdiyini və son illərdə ekoloji problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını söylədi: "Ölkəmizin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafına, eləcə də, ətraf mühitin sağlamlaşdırılması, xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə məsələlərinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qazanılmış uğurlar əhalinin ekoloji şüurunda da müsbət dəyişikliklərə gətirib çıxarıb. Belə ki, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradır".
Ötən il dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə "Ekologiya ili" elan olunduğunu vurğulayan H.Bağırov onu da bildirdi ki, ötən il çərçivəsində görülən işlər bu gün də davam etdirilməkdədir: "Dövlət başçısının qeyd etdiyi kimi, ekoloji tədbirlərin görülməsi ancaq "Ekologiya ili" ilə məhdudlaşmamalıdır. Əsas istiqamətlərdən biri də ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdir. Bu baxımdan, ötən il ümumilikdə 5000-dən artıq ekoloji hüquqpozma qeyd alınaraq, ödəmə tətbiq olunub. Mindən artıq iş hüquq-mühafizə orqanlarına göndərilib. Ətraf mühitin mühafizəsi fonduna ödəmələrin universal göstərici, insanların ətraf mühitə münasibətini əks etdirən, ekologiya müfəttişlərinin işini ümumiləşdirən bir rəqəm olduğunu nəzərə alsaq, onun açıqlanmasını məqsədə uyğun hesab etmək olar. Nazirlik yaranandan bu günədək ətraf mühitin mühafizəsi fonduna köçürmələrin həcmi 6 dəfə artmışdır".
Meşələrin mühafizəsi ilə bağlı fikirlərini açıqlayan H.Bağırov bildirdi ki, Azərbaycanın ümumilikdə meşə ilə örtülü əraziləri 0,4 faiz artaraq, 11,8 faizə çatmışdır: "Bu, əsasən, təbii bərpaya dəstəyin əsasında təmin olunub. Son illər meşə ərazilərinin hasarlanması prosesi həyata keçirilib. 52 min hektardan çox meşə Dövlət Meşə Fonduna qəbul olunub. Nəticədə qeyd etdiyimiz irəliləyiş əldə olundu. Meşələrin qırılması hər kəsi narahat edən məsələlərdəndir. Görülən tədbirlər sayəsində bu sahədə də müəyyən nəticələr əldə olunub. 2010-cu ildə 34 min km ərazidə qanunsuz ağac doğranması qeydə alınıb və dərhal qarşısı alınıb. Bu müddət ərzində həmin cəmiyyətə aid olan ərazilərdə 13 milyondan artıq ağac əkilib. Abşeron yarımadasında ağacların əkilməsi əsasən suvarma sistemlərinin qurulması ilə müşahidə olunur. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı" mövcud problemlərin həllinə, xüsusilə, Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermişdi. Bu istiqamətdə iri layihələr uğurla həyata keçirilmiş və hazırda da davam etdirilir".
Nazir son illərdə paytaxt və respublikamızın bölgələrində həyata keçirilən yaşıllaşdırma işləri barədə də ətraflı məlumat verdi: "Bioloji müxtəlifliyin qorunub saxlanılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. Aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilmiş, onların sahəsi 2 dəfədən çox artırılıb. Sonuncu layihə Şahdağ Milli Parkıdır. Bu layihəni nazirlik müstəqil surətdə həyata keçirir. Qeyd edək ki, Şahdağ Milli Parkı Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.