PDF Oxu

Əsas

  • 24

Milli kökdən qaynaqlanan ziyalı

Milli kökdən qaynaqlanan ziyalı

Çağdaş dünyamızda təbiətin bizə bəxş etdiyi rənglər dünyasına bürünən və bu alabəzəklikdə özünü dərk edib rəngini taparaq, zamanla, cəmiyyətlə həmahənglik yaradıb mənini üzə çıxaran insan bəşəriyyətin aliliyindən çıxış edərək, söz aləmində müxtəlifliyin bir harmoniyasını yaratmağa çalışır. Zamanla təmasda olub, ünsiyyət qurmaq, o daxili dünyanın cizgilərinin əksini yaradıcılıq dünyasında təsvir etmək, əlbəttə ki, təxəyyülün zənginliyinin, eləcə də, bədii dərkin məhsulu tək ortaya çıxır. Poeziya aləmində vərəqlədiyimiz səhifələrdə rast gəldiyimiz və sevərək oxuduğumuz misralar belə yaradıcı insanların daxili dünyasının sədası tək ruhi dünyamıza bir rahatlıq çökdürür. Çağdaş poeziyamızın tanınmış qələm sahiblərindən olan Sona Vəliyeva da məzmunlu və ahəngdar nəzm nümunələri ilə insanın ruhi dünyasına bir təskinlik, nəfəs gətirir. Söz ilə dost olub yola çıxan Sona Vəliyevanın şeirləri müxtəlif zamanın, dövrün tələb və təəssüratlarından yonularaq ağ vərəqlərdə əksini tapmış, yaşantılarının mühakiməsində bütövlükdə daxilində donub qalan və onu bu misraları qələmə almağa hökm edən qəlb evinin və fikir dünyasının bir tərcümanına çevrilmişdir.
Sözsüz ki, nəzmə çəkilən və iki dünyanı - mənəvi və maddi dünyanı bir qələmdə əks etdirmək onun yaradıcılıq yolunun zənginliyi və bu zənginliyi ərsəyə gətirən təzahürləri tək meydana gəlib. Yaşadığı dünyanı rənglərin içərisində əks etdirən Sona xanım bu duyğuları qələmə alarkən bədii ifadə vasitələrinn köməyindən istifadə etsə də, reallıq onun əsas meyarı tək diqqəti cəlb edir. Bəlkə də, illərin həyatında saldığı izlər, naxışlar, bəlkə də yol gəldiyi karvanın sakini olan şəxslərin ömür yolu onu kədərli, nikbin, inmalı və mübarizlik hökmü oxunan şeirləri yazmağa vadar edib. Kim bilir, yollar ayrıcımı, yoxsa yaşadığı dünyanın harayımı...
Bəli, çox yaradıcı şəxslər kimi Sona Vəliyevanın da gizli dünyasının soraqları misralar vasitəsilə oxucuya ötürülür:

Bu da bir fürsətdir, ələ düşməyən,
Sözlərin mələklər göydən gətirən,
Min ildir heç kimə söylənilməyən,
Gəl, sənə bir həzin şeir oxuyum.
Oxuduğumuz şeirlərin hər misrasında həyatımızla bağlı məqamlara rast gəlinir. Azərbaycan dərdi, vətən sevgisi, qürbət dərdi, ata-ana, övlad məhəbbəti onun qələminin yol yoldaşıdır.
Filologiya elmləri namizədi, jurnalist, azərbaycançılıq ideologiyası sahəsində yazıb-yaradan, elmi yaradıcılıq fəaliyyəti ilə vətəndaşlıq mövqeyini ortaya qoyaraq, yorulmadan çalışan Sona xanım ictimai fəaliyyətində də məhz məqsədə doğru addım atır. Amal, vətəndaşlıq heysiyyəti onun fəaliyyətində bir ölçüdür. Səs-küylü, qaynar həyatın fəal nümayəndəsi kimi şaxələnmiş yolunu bir çox sahələrdə davam etdirir. Gördükləri və mütaliə etdikləri ədəbi tənqid sahəsində də fikirlərini ifadə etməyə, məqalə yazmağa vadar edir.
Onun işıq üzü görmüş "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi", "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" kitabları Sona xanımın yaradıcılıq görüşlərini və milli özünüdərki özündə ehtiva edir. Bəlkə elə onun milli təəssübüdür ki, ilk məhəbbətini uşaqlıq yaşlarından yaradıcılıq dünyasına bələd olan Cəlil Məmmədquluzadə də tapıb. "Mirzə Cəlil hər bir azərbaycanlının, istər qadın olsun, istər kişi, ilk məhəbbətidir" deyən Sona xanım hərf tanımayanda belə "Poçt qutusu", "Saqqalı uşaq", "Quzu", "Usta Zeynal" hekayələrini böyüklərin dilindən eşidib, xatirələrində iz buraxıb. Elə bu qayədən bəhrələndiyindən ömür yolunda vətən dərdini çiyninə alıb əzmkarlıq göstərir. Onun yaradıcılığında bunu sezməmək mümkün deyil. Həssas və səmimi qəlbi belə məzmunlu misralarda açıq-aydın özünü büruzə verir. Bir yanğı, bir sevgi, bir həsrət, bəzən də bir damla yaşın izləri duyulur bu misralarda. "Torpaq bütövlüyü olmadan insan ruhu bütöv ola bilməz. Təbriz dərdi azmış kimi, üstünə Qarabağ dərdi gəldi". Həyatla bağlı fəlsəfi düşüncələrində dünyanı bir pəncərə tək qələmə verən Sona xanım Tanrıdan izn istəyərək, dünyanı tanımağa, yaramızın sağalmasına möhlət istəyir. Fəlsəfi məzmun daşıyan "Bir az möhlət ver, Allah" şeirində Allaha xitab edərək Tanrıdan təpər istəyir ki, insanları tanısın, başı bəlalı yurdun xoş güzəranını görsün:

Əl uzatdım qılınca, əlim qoldan kəsildi,
Yol başladım Şuşaya, yolum yoldan kəsildi,
Hanı ağ atlı oğlan, səbrim kəsik-kəsikdi,
Möhlət ver bizə Allah, bu torpağı almağa,
Bir az möhlət ver Allah, dünyanı tanımağa.

Müasir dünyanın ab-havası ilə yaşayan Sona xanımın daxili aləmində bir millilik, milli düşüncə, azərbaycançılıq ideologiyası, tariximizə məhəbbət və istək dayanır. Milli kökdən qaynaqlanan şairənin misralarında da bunu görmək mümkündür. Türk dünyasının mifləşdirilmiş anlamına, obrazına bədii düşüncəsində özünəməxsus yanaşan Sona xanım, öz xalqının qəhrəmanlığı ilə, tarixi ilə, işıqlı ziyalıları ilə qürurlanır və mütəmadi olaraq, xitab edərək onu narahat edən məsələlərə məhz bu mənbələr əsasında yanaşır.
Özünün müsahibələrində hələ uşaq yaşlarından qəlbində olan vətən sevgisinin pöhrələndiyini bildirir:"Vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır. Vətən mənim üçün əziz mövzudur, bəlkə də ona görə də elmi işim də bu mövzuda oldu. Həmişə də özümü xoşbəxt hesab edirəm ki, yaradıcılığımda bu işıqlı xətt var".
Tarixi həqiqətlər, zamanın mühakiməsi, ömür qatarının irəliləməsi oxucuya şair düşüncəsinin məhsulu tək təqdim olunur. Milli hiss, milli qürur onu heç vaxt tərk etmir. Həyatda heç zaman bərpa olunmayan zaman sanki atlı tək ömür axarında milyonlarla insan kimi onu da müşayiət edir. Ayların, illərin bu sürəti Sona xanımın arxada qoyduğu yaşantılarına naxışını salmışdır. Xalqın övladlarının nisgili, baş vermiş siyasi-ictimai proseslər onu daim fəaliyyətdə olmağa sövq edərək müxtəlif məzmunlu şeir nümunələrini yazmağa vadar etsə də, onun yaradıcılığında övlad səsi, ana hissi, həyat yoldaşı kimi ali duyğular diqqətdən kənarda qalmır. Bəlkə də insan həyata gəldiyi zamandan öz üzərinə götürdüyü mənəvi məsuliyyət və borc hisslərini ödəməkdən ötrü bu və ya digər məhəbbətlər qarşısında aciz, bəzən də ödənilməmiş bir borcun ağrısını, acısını, məsuliyyətini ömrünün son gününə qədər çiynində daşımış olur. Bu dünya öz hökmünü verərkən, ikinci bir səsin belə naləsini, harayını, qəzəbini eşitmir. Bəlkə də bu, onun insanla özü arasında hakimlik missiyasını yerinə yetirməsi məqsədindən doğur. Yoxsa, dünyanı xəlq etmiş və Tanrının yaratdığı ən güclü məxluq olan insan əqli, kəşfləri, qüvvəti qarşısında geri çəkilmiş olardı:

İçim pardaq-pardaq, dərd zəmisidir,
Ömrün bir köçünə çatmamışam mən,
Yolların min yerdən beli sınaydı,
Fəryadı fələyə çatan bacımın,
Layla laylasına qatmamışam mən.

Sona Vəliyevanın şeirlərində nəsihətamiz ifadələrə rast gəlinir. Bu fikirlər onun Azərbaycan xanımına sanki bir öyüd-nəsihət kimi səslənir:

Yox, sən Burlaxatun nəvəsi deyil,
Qanında bir özgə qan yaşar sənin,
Bir Oğuz gözəli, Oğuz anası,
Dərdinə oynamaz bu məmləkətin.

- deyən şairə Qarabağ dərdinin, harayının için-için oyan dünyasının mənəvi-psixoloji məqamlarının, torpaq dərdinin, yükünün ağırlığından yaranan misraları nəzmə çəkərək, Azərbaycan xanımını yaşadığı zamanın ruhunu, ab-havasını duymağa çağırır. Biganəliyi xalqın Tanrı cəzası kimi qələmə alan şairə erməni təcavüzündə olan torpaqların pərən-pərən olmasını qəbul edə bilmir. "Yurdu yağmalanan ozan kimiyik" - deyən şairə Tanrıya üz tutaraq, bir ümman olduğunu bildirərək, damla günahları bizə yazmamasını təvəqqe edir. Torpaq itkisi, yurd itkisi, çadır həyatı, tale yükü onun zərif çiyinlərinə çox böyük yükdür.
Sona xanımın yaradıcılığı maraqlı ştrixlərlə zəngindir. "Tanrıdan dost payım, köhnə dostlarım", "Səni sevdim Allahım", "Bir havasız hava çalın" kimi şeirlərində onun fikir dünyasının qapalı tərəfləri ilə tanış oluruq. Çox maraqlı məqamlar bizi bu açılan yollarda onun çarpışan dünyasının izinə salır. Susan dünyasının, düşünən beyninin, bəzən də nitqi kəsilən varlığının təcəssümü bu misralarda həzin-həzin səslənir. Ahəngdarlıq, şeir dilinə yatımlılıq onun poeziyasında əvvəldən-axıra qədər izlənilir. Gördüyü və təsirləndiyi hisslər şairənin hətta ağrı hissini də belə özündən uzaqlaşdırır və bu düşüncələr içərisində uzaq, lap uzaq yol gedərək, yurd yerlərimizdə yuva salır:

Ömrüm özüm biçimdə,
Alqışım duam içində,
Yol başladım, yol içində,
Qapına gəldim, İlahi.

Bu dağın o üzü yurd yeri,
Əlim çatmır əl verməyə,
Qıyma nisgilli, həsrətli,
Qapına gəldim, İlahi.

İctimai fəaliyyət, yaradıcılıq duyğuları, publisistika Sona xanımı, bir ana olaraq, vaxtına məhdudluq qoymur. Vaxtın düzgün bölgüsünün nəticəsidir ki, ailəyə də sevinc payını ayırır: "Qadının hər zaman ən ilkin vəzifəsi ana olmaqdır, qadın olmaqdır... Allaha min şükür, hər sahədə xoşbəxt qadınam, amma hər birimizin içində müşkül bir dərdimiz var, torpaq bütövlüyü. Bu, məni ana kimi də narahat edir, qadın kimi də, vətəndaş kimi də. Bəlkə çoxlarına qəribə gələcək, bu dərddən çox danışılıb, çox deyilib, amma hər birimiz onu yaşayırıq. İşimdə də, həyatımda da nailiyyətlərimi azaldır, tamlığıma xələl gətirir". Səmimi olaraq fikirlərinə aydınlıq gətirən şairə haqqın nazilərək üzülməyəcəyinə əmindir.
Bəli, bir ömrün hesabat çağında deyiləsi, maraqla qəbul oluna biləcək çox ştrixlərə rast gəlinir. Mənalı keçən ömrün işığında onlar təmiz, aydın görünür. Şairə olmaqla daxili potensialının çəkisi azalmayıb. O, həm də Milli Teleradio Şurasının üzvüdür. Bundan çox böyük enerji alır. "Çünki milli-mənəvi dəyərləri qorumağa xidmət edir". Bununla yanaşı, "Kaspi" qəzetindəki peşə fəaliyyəti ona qeyri-adi bir rahatlıq verir. Onun xalqa xidmətinin əsasında isə Kaspi Təhsil Mərkəzinə rəhbərliyi dayanır. Sona Vəliyeva Azərbaycan təhsilinə, tədrisinə böyük diqqət ayırır: "Bu, elə bir sahədir ki, bununla hər kəs məşğul ola bilməz. Bu işi görən şəxs təhsilə münasibətdə maarifçi olmalıdır. Təhsil, maarif işi ilə məşğul olan hər bir şəxsin məqsədi gələcəyi quran savadlı vətəndaşlar yetişdirməkdir. Mərkəzin əsas vəzifələri gənc vətəndaşların maarifçi təfəkkürünün inkişaf etdirilməsi, gələcək kadrların yetişdirilməsi, tarixi "Kaspi" adının qorunub-saxlanılmasıdır".
Sona Vəliyevanın keçdiyi bu ömür yolunda görüləsi işləri onu izləyəcək. Həsrəti, sevgisi, açılmamış müəmmalı dünyası, vətənə xidməti, Azərbaycançılıq əzmi onu yazıb-yaratmağa sövq edəcək.

Digər xəbərlər