Ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən ən mühüm dəyişikliklərlə, tarixi hadisələrlə bağlı "Səs" qəzetinin redaksiyasında ənənəvi olaraq dəyirmi masalar keçirilir. Burada ölkəmizin aparıcı siyasətçiləri, hökumət nümayəndələri iştirak edir. Budəfəki dəyirmi masanın da əsas mövzusu qarşıdan gələn 28 May Respublika Günü ilə bağlı idi. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, siyasi elmlər namizədi, millət vəkili Aydın Mirzəzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspret Aydın Hüseynov, ETM "Təfəkkür" Universitetinin professoru, politoloq Cümşüd Nuriyev, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elman Nəsirov, Demokratik Sol Partiyasının sədri Elşən Manafov, "Milli Qurtuluş" Partiyasının başqanı Vüqar Bəyturan iştirak edirdi.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev dəyirmi masada giriş sözü ilə çıxış edərək, 1918-ci ilin may ayının 28-də yaradılmış Şərqdə ilk müstəqil, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə xüsusi yerinin olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanması AXC-nin yaranması ilə bir daha sübut olundu. Baş redaktor milli müstəqilliyimizin cəmi 23 ay yaşamasına baxmayaraq, xarici və daxili siyasətdə mühüm qərarların əldə olunduğunu da diqqətə çatdırdı. Minilliklər boyu müstəqil dövlətimizin yaranması naminə xalqımızın mühüm addımlar atdığını və ən əlverişli tarixi situasiyalarda qərarlar verdiyini söyləyən B.Quliyev 1918-ci ilin mayında elan olunmuş müstəqilliyimizdə də, xüsusi tarixi bir dönəm olduğunu vurğuladı. B.Quliyev dəyirmi masa iştirakçılarına 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, qarşısına qoyduğu hədəflərə nail olması və müəyyən işlərin sona çatdırılmaması, eyni zamanda, bu tarixin dövlətçilik ənənələrimizin davamında oynadığı rolun mahiyyəti aspektində də müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırdı.
"Səs" qəzetinin əməkdaşı:
- Elman müəllim, istərdik ki, milli müstəqillik tariximizin başlanğıcı olan 28 mayın mahiyyəti barəsində daha geniş məlumatlar verəsiniz?
23 ömür sürmüş Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyi baxımından olduqca mühüm bir tarixi dövrdür
Elman Nəsirov:
- Bu gün biz böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Azərbaycan kimi müstəqil dövlətimiz var. Eyni zamanda, bugünkü böyük nailiyyətimiz, yəni müstəqil dövlətə malik olmağımız Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Yəni burada bir varislik prinsipi var. Bu nöqteyi-nəzərdən 23 ay hakimiyyətdə olmuş Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyi baxımından olduqca mühüm bir tarixi dövrdür. 1917-ci ilin fevral inqilabından sonra prinsip etibarilə müxtəlif xalqların, xüsusilə, çarizmin əsarətində olan xalqların müstəqillik əldə etməsi üçün unikal şans yaranmışdı. Amma əks-arqument də səsləndirmək olar ki, 1917-ci il fevral inqilabı baş verməsə idi və çarizm güclü olsaydı, o zaman nə baş verəcəkdi? Burada prinsip etibarilə çarizmin devrilməsi üçün imkanlar yarandı və bu proses baş tutdu. Belə bir vəziyyətdə isə o zaman Azərbaycan dövlətçiliyinin önündə gedən siyasətçilər siyasi iradə nümayiş etdirməsəydilər, həmin tarixi şans əldən buraxılmış olacaqdı. Bundan əlavə, 1918-ci ilin may ayının 28-də yaradılmış Xalq Cümhuriyyətimizin əzəmətinə qiymət verərkən əsasən, üç amili nəzərə almaq lazımdır. Birinci amil ondan ibarətdir ki, bu müstəqillik Birinci Dünya müharibəsinin gedişatında əldə edilib. Bu, o zaman baş verir ki, bir yandan müharibənin gedişində yaranmış boşluqlardan istifadə edən bolşevik, daşnak qüvvələri Şaumyanın başçılığı ilə Azərbaycan dövlətçiliyinin bərqərar olmasının əleyhinə işlər aparırdılar. Onlar soyqırımı hadisəsi həyata keçirir və hər vəchlə çalışırdılar ki, müstəqil Azərbaycan dövləti yaranmasın. Burada ən böyük təhlükələrdən biri məhz bununla bağlı idi. İkinci mühüm təhlükə isə o zamanlar müharibənin gedişatında çar generalları, ermənilərdən necə istifadə edib, onların vasitəsilə həm Şərqi Anadoluda, həm Qərbi Azərbaycanda antidövlət siyasəti həyata keçirirdilər. Belə bir vəziyyətdə böyük dövlətlərin Cənubi Qafqaz regionu ilə bağlı da fərqli planları var. Onlar hələ də bolşeviklərə qarşı real güc tətbiq etmək istəmirdilər. Çünki Böyük Britaniya, ABŞ və digər Qərb dövlətləri Cənubi Qafqazda çar rejminin qorunub saxlanmasında maraqlı çıxış edirdilər. Çünki Qərb dövlətləri güman edirdilər ki, çar rejimi yenidən bərpa oluna bilər. Müstəqil dövlətlərin yaranması, o cümlədən, Azərbaycanın müstəqilliyinin bərqərar olunması planı baş tutmayacaq. Belə olan vəziyyətdə onlar düşünürdülər ki, hələ çarizmi müdafiə etmək lazımdır. Rusiyanın isə Qafqazla fərqli planları var idi və Azərbaycan dövlətçiliyinin yaranması, xalqımızın 1813-cü ildən bəri ilk dəfə öz dövlətçiliyinin yaranması əleyhinə hər vəchlə çalışırdı. Amma bütün bu çətinliklərə, ermənilər tərəfindən həyata keçirilən soyqırımı siyasətinə baxmayaraq, 1918-ci il may ayının 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Qısa bir ömür sürmüş AXC-nin xalq şurasının 2 mühüm qərarı daha da yadda qalan idi. Bunlardan biri yaranmış ağır böhran durumunda paytaxtın Gəncəyə köçürülməsi ilə bağlı olmuşdur. Çünki bu, çox mühüm bir qərarlardan hesab olunurdu. İlk baxışdan bunu etmək bir qədər anlaşılmaz görünə bilərdi ki, yəni paytaxtı Bakıdan köçürmək bəlkə də həmin tarixi şəraitdə çox vacib idi. Amma real şərait isə o idi ki, paytaxtın Gəncəyə köçürülməsi deyil, elan edilmiş dövlətçiliyin qorunması əsas şərt idi. İkinici mühüm addımlardan biri də Xoyskinin başçılığı ilə Milli Hökumətin formalaşdırılması məsələsidir. Bu da onu göstərdi ki, artıq dövlət elan edilib. Belə vəziyyətdə isə diqqəti cəlb edən əsas məsələ isə yeni yaranmış dövlətin manevr imkanları və bağlı idi. Çünki bir yandan ingilislərin təzyiqi, italyanların bu prosesdə iştirak etmək cəhdləri, ABŞ-ın isə mandat əldə etmək prinsipləri fonunda yeni elan edilmiş dövləti qoruyub saxlamaq olduqca çətin idi.
"Səs" qəzetinin əməkdaşı:
- Aydın müəllim, necə oldu ki, Azərbaycan adlı coğrafi-siyasi məfhum məhz Xalq Cümhuriyyəti yaradıldıqdan sonra elan edildi?
Azərbaycan 1918-ci ildə müstəqillik əldə etmiş bütün dövlətlərdən fərqli olaraq, bu müstəqilliyi əldə etməyə tam hazır idi
Aydın Mirzəzadə:
- İlk növbədə, onu qeyd edim ki, müstəqilliyin qazanılması üçün tarixi şəraitin olması əsas şərtdir. Amma digər tərəfdən cəmiyyətin özü də buna hazır olmalıdır. Azərbaycan cəmiyyəti xanlıqlar, Rusiya və İran imperiyaları arasında bölündükdən sonra addım-addım özünün keyfiyyət göstəricilərini artırırdı. Bunun nəzərə alaraq Mirzə Kazım bəyin Rusiyanın aparıcı universitetlərindən birinin professoru olmasını xüsusilə göstərmək olar. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılarımız iqtisadi elitanın meydana gəlməsi Bakıda və əyalətlərdə çoxsaylı qəzetlərin "Kəşkül", "Açıq söz", "Füyuzat" kimi mətbu orqanların, "Molla Nəsrəddin" jurnalının meydana gəlməsi, Azərbaycan ictimai fikrinin ziyalılarımız tərəfindən daha da dərinləşdirilməsi, dəqiqləşdirilməsi və ümumilikdə, götürüldükdə bütün bunlar Azərbaycan cəmiyyətini 1918-ci ildə müstəqillik üçün tam hazır etdi. Ona görə də Azərbaycan o dövr müstəqillik əldə etmiş və bütün dövlətlərdən fərqli olaraq, bu müstəqilliyi əldə etməyə tam hazır idi. Bunu da 1991-ci ildə yenidən bərpa etməyi də bacardı. Bir məsələni də qeyd edim ki, ayrı-ayrı xalqların həyat tərzlərinin xüsusiyyətlərinin adının araşdarılıb üzə çıxarılması bəzən əsrlərlə vaxt apara bilər. Eyni zamanda, bunu da biz özümüz üçün də istisna hal hesab etmirik. Müəyyən bir bölgə, müəyyən bir xalqın adının tarixin tozlu səhifələrindən tapılıb üzə çıxarılması müəyyən bir tarixi dövr ərzində baş verə bilər. Bir faktı da qeyd edim ki, biz Azərbaycan dedikdə, heç də indiki Azərbaycan dövlətinin ərazisini başa düşmürük. Tarixi Azərbaycan coğrafiyası deyilən bir anlayış var. Başqa dövlətlərin sərhədlərinə hörmətlə yanaşmaqla, onların mövcudluğunu qəbul etməklə Azərbaycan dövləti anlayışından biz heç vaxt imtina etməmişik. Bu baxımdan "Azərbaycan" sözü indiki Azərbaycan ərazisini, həm də İranda yerləşən tarixi Azərbaycan torpaqlarını özündə ehtiva edir. "Azərbaycan" sözü Azərbaycan cəmiyyətinə 1892-ci ildə "Kəşkül" qəzeti ilk dəfə dərc edilmiş bir məqalə ilə təqdim edildi. Həmin dövrə qədər ayrı-ayrı Azərbaycan ziyalıları xalqımızın gah Qafqaz tatarları, gah da Qafqaz müsəlmanları adı ilə adlandırılmasına etiraz edirdilər. Onlar bildirirdilər ki, bu bölgədə yaşayan xalqların öz milli adı var. Bölgənin coğrafi adı ilə bağlı da 1892-ci il "Kəşkül" qəzetində xalqın Azərbaycan xalqı adlandırılması və bölgənin ümumilikdə Azərbaycan adlandırılması ilə bağlı gözəl bir təklif irəli sürülmüşdü. Həmin təklif qısa bir müddətdə Azərbaycan ziyalı dairələri tərəfindən qəbul edildi və bu ad özünün tərəfdarlarını çoxaltmağa başladı. 1918-ci ildə Azərbaycan öz milli müstəqilliyini elan edəndə, yeni dövlətin adlandırılması ilə bağlı heç bir şübhə yeri qalmadı. Çünki bu, Azərbaycan dövləti olmalı idi. İlk növbədə, bu ərazidən daha çox, burada yaşayan xalqın dövlətinin olması vurğulanırdı. Həmin dövrdə bu adla bağlı müəyyən qədər diplomatik gərginlik də yaşanmışdı. O zaman, İran şahı Azərbaycan hökumətindən bu adın təcili dəyişdirilməsi, onun digər bir coğrafi adla adlandırılması ilə bağlı tələb irəli sürmüşdü. Ancaq Demokratik Cumhuriyyətin rəhbərləri bütün bu təzyiqlərə davam gətirərək, bu adın bu ərazinin və bu xalqın əsil sahibi olduğunu isbat edə bildilər. Qeyd edim ki, sonrakı gedişatda da "Azərbaycan" adının düzgün olduğunu və bu gün həm xalqın, həm də ərazinin bu ada layiq olduğu bir daha sübut edildi.
"Səs" qəzetinin əməkdaşı:
- Elşən bəy, Xalq Cümhuriyyətinin xarici ölkələr tərəfindən tanınmasının bir uğuru da Əlimərdanbəy Topçubaşovun ABŞ prezidenti Vidro Vilsonla görüşüdür. Bunu ilk müstəqil dövlətimizin diplomatik uğurunun tərkib hissəsi kimi qiymətləndirmək olarmı?
1919-cu il may ayının 2-də Versal Sülh Konfransında Əlimərdanbəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti ABŞ prezidenti ilə görüşüb
Elşən Manafov:
- İlk növbədə, "Səs" qəzetinə belə bir dəyirmi masanı təşkil etdiyinə görə, öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, dəyirmi masa iştirakçılarını qarşıdan gələn Milli Müstəqillik Günümüzlə bağlı səmimi-qəlbdən təbrik edirəm. Qeyd edim ki, 1919-cu il may ayının 2-də Versal Sülh Konfransında iştirak edən Əlimərdanbəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ABŞ prezidenti Vidro Vilsonla görüşüb. Bu danışıqlarda Topçubaşov Xalq Cümhuriyyətinin diplomatik nümayəndə heyətinin rəhbəri kimi çıxış edirdi. Nümayəndə heyətinin qarşısına qoyulmuş əsas vəzifə 1918-ci ilin mayında elan edilmiş müstəqil Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləm, o cümlədən, ABŞ tərəfindən tanınması məsələsi idi. Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 1919-cu ilin 28 mayında, yəni, müstəqilliyimizin birinci ilinin tamamında ABŞ prezidenti V.Vilson tərəfindən Azərbaycan nümayəndə heyəti qəbul edildi. O zaman danışıqlarda Azərbaycan tərəfindən irəli sürülən tələblər dövlət müstəqilliyimizin Qərb tərəfindən tanınması, Azərbaycanla Qərb dövlətləri arasında əməkdaşlıq, Rusiya tərəfindən ehtimal olunan təcavüz təhlükəsində Azərbaycan Cümhuriyyətinə hərtərəfli, o cümlədən, hərbi yardımın göstərilməsi və digər məsələlər öz əksini tapmışdır. Məndən öncə, çıxış edənlər də bildirdi ki, AXC elan edildiyi vaxt Birinci Dünya müharibəsi gedirdi. Parisdə keçirilən Versal Sülh Konfransı bu müharibənin nəticələrini götür-qoy etmək üçün çağırılmışdı. Dünya müharibəsinin başa çatması ərəfəsində V.Vilson tərəfindən 14 məşhur maddədən ibarət prinsiplər irəli sürülmüşdü. Həmin maddələrin də bir qismi bu gün beynəlxalq hüququn əsasını təşkil edir.
"Səs" qəzetinin əməkdaşı:
- Cümşüd müəllim, istərdik ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlament - respublika quruluşundan bəhs edəsiniz?
Azərbaycanın müstəqillik qazanmasında Qərb ölkələrinin vahid mövqedə olmaması böyük rol oynadı
Cümşüd Nuriyev:
- Mən hər şeydən əvvəl, istərdim ki, o dövrə bir səyahət edək. Çünki Azərbaycanın bu əsrin əvvəlindəki problemi ilə ötən əsrin əvvəlindəki problemlər arasında paralelik aparmaq çox asandır. Daha doğrusu, burada oxşar problemlər çoxdur. Əvvəla, onu qeyd edim ki, o dövr Qərbin Azərbaycanla bağlı xüsusi planları vardı. Çünki ingilislər, konkret olaraq, Azərbaycan neftinə sahib olmaq istəyirdilər. Burada Lord Kerzonun və Çörçillin də Azərbaycanla bağlı fikirləri tam açıq idi. Denikin isə açıq şəkildə yazırdı ki, Avropa və Asiyanın siyasəti birbaşa Azərbaycan neftinə hesablanıb. Burada, həmçinin, Almaniyanın Türkiyə vasitəsilə Azərbaycana və Rusiyaya girməsi faktoru da özünü nəzərə çarpdırırdı. Azərbaycanın müstəqillik qazanmasında Qərb ölkələrinin vahid mövqedə olmaması böyük rol oynadı. Yəni Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunmasında mühüm məsələlərdən biri də o dövrdə yaranmış gərgin vəziyyət idi. Beləliklə də, almanların planı işə düşməyə başladı. Bütün bunların fonunda Azərbaycanda həm inqilabi şərait yetişmişdi, eyni zamanda, problemlər də ciddi şəkil almışdı. Batumda qəbul olunan İstiqlal Bəyannaməsi, əsasən, Azərbaycanın müstəqilliyi ilə əlaqədar idi. Bir məsələni də qeyd edim ki, 1994-cü ilə qədər 28 May Milli İstiqlal Günü kimi qəbul edilirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin 29 noyabr Fərmanından sonra Azərbaycanda yeni bir ənənə - Respublika Günü, yəni dövlətçiliyin ənənəsi qoyuldu. Bu isə, o demək idi ki, Azərbaycan bir dövlət kimi, respublika kimi həmin günü qeyd etməklə, 93 il əvvəlki tarixə istinad edir. İlk dəfə də Azərbaycan sözü məhz 1918-ci ilin may ayının 28-də elan edilmiş İstiqlal Bəyannaməsində öz əksini tapmış oldu.
"Səs" qəzetinin əməkdaşı:
- Vüqar bəy, AXC yarandığı dövr xarici dövlətlər bu bölgəyə böyük maraq göstərirdilər. Yenicə yaranmış Xalq Cümhuriyyəti bu maraqlar qarşısında öz fəaliyyətini necə tənzimləyə bilirdi?
Azərbaycan Xalq Cümhuriyyəti öz qonşuları ilə normal münasibətlər saxlamaq niyyətində idi
Vüqar Bəyturan:
- O dövrdə Azərbaycan dövlətçiliyi qarşısında bir sıra problemlər dayanmışdır. Xarici qüvvələrin Azərbaycanın müstəqilliyinin qarşısında yaratdığı problemlər qalmaqda idi. O vaxt müəyyən bir qrup ziyalı var idi ki, yalnız onlar Azərbaycanın istiqlaliyyəti istiqamətində var gücləri ilə çalışırdılar. Onların da, təbii ki, dövlətçilik istiqamətində peşəkarlığı və təcrübələri yox idi. Çünki onlar vətənpərvər istiqlalçı insanlar idilər. Proqram şəkilində hazırlanmış müəyyən əsaslara malik bir siyasət yeritməklərini də söyləmək sadəlövhlük olardı. Bütün bunlara baxmayaraq, həmin dövrdə 23 ay ərzində yürüdülən siyasətə nəzər saldıqda, yetərincə demokratik ənənələrə sadiq, dünya siyasətindən baş çıxaran konsepsiyanın ortada olduğu görünür. Eyni zamanda, Azərbaycan öz qonşuları ilə normal münasibətlər saxlamaq niyyətində idi. Amma burada bir amili də unutmaq olmaz ki, Azərbaycanın qonşuluğunda olan dövlətlərin heç biri bizim müstəqil olmağımızı arzulamayıblar.
"Səs" qəzetinin əməkdaşı:
- Aydın müəllim, istərdik ki, 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin iqtisadi əsasları və həyata keçirilən iqtisadi siyasətlə bağlı məlumat verəsiniz?
"Xalq Cümhuriyyəti böyük sosial çətinliklər qaşısında qalmışdı"
Aydın Hüseynov:
- 1918-ci ilin may ayında yaradılmış Xalq Cümhuriyyəti dövründə də və 1991-ci ilin oktyabrında müstəqillik aktının qəbul edildiyi vaxt da müəyyən proseslər arasında paralellik aparmaq mümkündür. Çünki xalqımız həmişə öz milli müqəddəratını həll etmək üçün böyük səylər göstərib. Birinci Dünya müharibəsinin son çağlarında yaranmış müstəqil Azərbaycan Xalq Cümhuriyyəti, təbii ki, o dövrün çətinliklərindən maliyyə və iqtisadi böhranlarından sığortalanmamışdı. Müharibənin baş verməsi və Rusiyada yenicə sona çatmış inqilab sosial sahədə çaşqınlıqların yaranmasına, birmənalı olaraq, iqtisadi pozğunluğa gətirib çıxarmışdı. Elə bu səbəbdən də, AXC-nin elan olunmasından sonra onun yaşadığı iqtisadi böhran, qarşılaşdığı çətin durumu bu gün müəyyən bir cədvəllə təyin etmək də çətindir. Çünki yeni yaradılmış bir ölkənin hansısa bir baza üzərində formalaşması əsas şərtlərdəndir. Amma o dövr üçün bunu söyləmək çox çətin idi.
(Ardı var)