Berlin Jurnalistika Məktəbi azərbaycanlı jurnalistləri təhsil almağa dəvət edir
Dünən Azərbaycan Mətbuat Şurasında (MŞ)Almaniyanın Berlin Jurnalistika Məktəbinin (ABJM) professoru Klemens Şölün iştirakı ilə "dəyirmi masa"keçirilib. SİA-nın məlumatına görə, tədbirdə MŞ-nın sədri Əflatun Amaşov, ABJM-in professoru Klemens Şöl, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqidir: "Bir neçə gün öncə ABŞ-ın Minnesota Universitetinin professoru Ceyn Körtlinin "Media hüququ" kitabının ana dilimizdəki nəşrinin təqdimatını keçirdik. Bugünkü qonağımız isə Berlin Jurnalistika Məktəbinin professoru Klemens Şöldür. Onu deyim ki, bu məktəb dünyanın nüfuzlu jurnalistika institutlarından sayılır".
Daha sonra çıxış edən Klemens Şöl BJM-in həyata keçirdiyi layihə barədə məlumat verib: "Mətbuat - xalqlar arasında vasitəçi kimi adlı layihə müsabiqə əsasında seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlərin 3 aylığa Berlinə dəvət olunmalarını və bu müddətin 2 ayını hansısa alman mətbuat orqanında işləmələrini, təcrübə mübadiləsi aparmalarını nəzərdə tutur. Noyabrın 30-u sənəd qəbulunun son vaxtıdır. Başlıca şərtlərdən biri alman dilini bilməkdir. Biz əsasən 25-35 yaşları arasında olan, jurnalistika ilə peşəkar şəkildə çalışan şəxslərə üstünlük veririk. Layihə 2003-cü ildən davam edir. İndiyədək proqramda 140-dan artıq jurnalist iştirak edib. Proqram Robert Boş Fondu tərəfindən maliyyələşdirilir. Ümumiyyətlə, Berlin Jurnalistika Məktəbi dövlət təşkilatı deyil".
Görüşdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Almaniya ilə Azərbaycan arasında əlaqələrin hər zaman dinamik olduğunu önə çəkib. Media sahəsində də münasibətlərin vacibliyini vurğulayan baş redaktor mövcud layihənin bu baxımdan əlamətdar səciyyə daşıyacağına, Azərbaycan jurnalislərinin irəli sürülən təşəbbüsün reallaşmasında aktiv olacaqlarına ümid etdiyini bildirib.
Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Berlin Jurnalistlər Məktəbi tərəfindən həyata keçirilən layihənin əhəmiyyətindən söhbət açıb və layihədə Azərbaycandan neçə jurnalistin iştirak edə biləcəyi ilə və bununla əlaqədar prosedur qaydalarla maraqlanıb.
K.Şöl suala cavab olaraq bildirib ki, layihədə müxtəlif ölkələrdən ümumilikdə 15 jurnalistin iştirakı nəzərdə tutulur: "Hər ölkədən 1 nəfər nəzərdə tutulmaqla ümumilikdə 15 ölkədən nümayəndənin olmasını planlaşdırırıq. Seçim iki mərhələdə həyata keçiriləcək. İlk mərhələnin nəticələrinə bu region üzrə Tbilisidə baxılmasını nəzərdə tuturuq. Əlbəttə, bunu Bakıda da gerçəkləşdirə bilərik. Təbii ki, bu, prosesdə Azərbaycandan iştirak etmək istəyən jurnalistlərin sayından asılı olacaq".