PDF Oxu

Əsas

  • 16

Həştərxanda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda forum işə başlayıb

Həştərxanda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda forum işə başlayıb
Mayın 19-da Həştərxanda "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumunun açılışı olub. Forum Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil edilib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, forumun işində hər iki ölkənin mərkəzi və regional hakimiyyət orqanlarının, işgüzar dairələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Forumda ölkəmizi Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının məsul əməkdaşları, hökumətin üzləri, Milli Məclisin deputatları, respublikanın bir sıra rayonlarının icra hakimiyyəti başçıları, sahibkarlar daxildirlər.
Tədbir iştirakçıları əvvəlcə Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş "Rusiya-Azərbaycan qarşılıqlı mədəni əlaqələri İTAR-TASS-ın və AzərTAc-ın fotoşəkillərində" mövzusunda sərgi ilə tanış olublar.
Sonra forum öz işinə başlamışdır. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin forum iştirakçılarına təbrikləri oxunub.
Rusiya Federasiyası Prezidenti Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsinin rəisi Sergey Vinokurov vurğulayıb ki, bugünkü forum Rusiya ilə Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək: "Humanitar, siyasi və iqtisadi sahələrdə əlaqələr uğurla inkişaf edir. Bu, iki ölkənin dövlət başçılarının sıx qarşılıqlı əlaqələri sayəsində baş verir. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 1,9 milyard dollar olmuşdur. Hazırda Azərbaycan bazarında 500-dən çox Rusiya şirkəti işləyir".
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, Rusiya ilə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamət olub və indi də belədir: "Azərbaycan ilə Rusiya arasında münasibətlər açıq və səmimi xarakter daşıyır. Hazırda ölkələrimiz arasında əməkdaşlığın bir çox məsələlərinə dair konsensus əldə edilmişdir. Bu, onu göstərir ki, tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Belə ki, təkcə bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 616 milyon dollar olmuşdur. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələr də uğurla inkişaf edir". Şöbə müdiri ölkələrimiz arasında qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi rolunu xüsusi vurğulamışdır.
Xatırladaq ki, forum öz işini "dəyirmi masa" iclaslarında davam etdirəcək. Həmin iclaslarda infrastruktur layihələri, Rusiyanın və Azərbaycanın maliyyə-bank sistemləri, iki ölkənin Xəzərdə strateji əməkdaşlığı məsələləri müzakirə ediləcək.

Digər xəbərlər