Vasif Talıbov Əbdül Həmidlə görüşüb
Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Pakistan İslam Respublikasının ölkəmizdə diplomatik fəaliyyət müddəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Əbdül Həmidlə görüşüb.
Qonağı salamlayan Ali Məclisin sədri ötən illər ərzində Azərbaycanda uğurlu fəaliyyətinə görə səfiri təbrik edib, ona yeni iş yerində uğurlar arzulayıb : "Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə tərəfdardır. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamənin qəbul edilməsini buna misal göstərə bilərik. Eyni zamanda, Azərbaycan da Pakistana dost, qardaş münasibəti göstərir. 2010-cu ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakət Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının narahatlığına səbəb olmuş, Azərbaycan dövləti dost ölkəyə hər cür dəstək verməyə hazır olduğunu bəyan etmişdir."
V.Talıbov Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmlənəcəyinə, inkişaf edəcəyinə, hər iki ölkənin bundan sonra da dünya birliyində daim bir-birini dəstəkləyəcəyinə əminliyini ifadə edib. Əbdül Həmid ötən dövrdə Naxçıvan Muxtar Respublikasına bir neçə dəfə səfər etdiyini, burada yüksək qonaqpərvərliklə əhatə olunduğunu bildirib və əlavə edib ki, bunu ölkəsinə göstərilən hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirir. Qeyd edib ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün Pakistan beynəlxalq təşkilatlarda həmişə Azərbaycana dəstək verir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan İslam Respublikası bu günədək Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmayıb.