Bizim gücümüz bizim birliyimizdədir
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında böyük canlanma yaşanır. Bu günlərdə Azərbaycana dünya miqyasında birincilik gətirən Nigar Camal və Eldar Qasımovun "Eurovision-2011" Mahnı Müsabiqəsində qazandığı qələbə ölkənin imicini daha da yüksəkliklərə qaldırdı. Bu, hər iki gəncin mükəmməl şəkildə Azərbaycanı təmsil etməsi nəticəsində oldu. Belə bir coşqunu xalqımıza yaşadan gənclər qələbə əzmləri ilə insanlara mənən tələbatları olduğu qələbə sevincini yaşatdılar. Belə səviyyəli uğurlar ani qazanılan nailiyyət kimi qiymətləndirilmir. Bunun kökündə illərlə qələbəyə doğru gedən yol dayanır. Azərbaycanın dünyada yüksələn imici, onun iqtisadi potensialı, gənclərə dövlətin qayğısı və bütövlükdə, münbit şərait əsas faktorlardır. Ölkə Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da məhz dövlətin işıqlı gələcəyinin təminatçısına çevrilən gənclərə göstərilən etimadın bariz nümunəsidir.
"Eurovision-2011" Mahnı Müsabiqəsində qələbədən sonra Azərbaycanda mövcud olan əhvali-ruhiyyə. qaliblərə dövlət tərəfindən göstərilən diqqət və qayğı, əlbəttə ki, gənclərin daha da məsuliyyətli və prinsipial olaraq istedadlarının üzə çıxarılmasına təkan verən əsas amildir. Fikirlərimizin təsdiqi onların qələbə ilə qayıdışlarından sonra dövlət başçısı tərəfindən hər iki gəncin qəbul edilməsi və səmimi ab-havanın mövcudluğunda özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva müsabiqədə ölkəmizi çox ləyaqətlə təmsil edən gəncləri təbrik etmişlər. Bununla yanaşı, ötən gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Eurovision-2011" Mahnı Müsabiqəsində qazandığı qələbəyə görə Eldar Qasımov və Nigar Camal "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edildilər. Bu, qələbə əzmini bizlərə yaşadan gənclərə dövlət tərəfindən verilən ali mükafatdır. Azərbaycan bayrağını dalğalandıran gənclər bizim milli iftixarımızdır. Belə bir qüruru bizlərə yaşadan, məhz bu cütlük oldu.
"Eurovision" müsabiqəsində dördüncü dəfə iştirak edən və hər zaman yaxşı nəticələr əldə edən Azərbaycan ən yüksək nəticəni - müsabiqənin zirvəsini fəth etdi. Təbii ki, "Eurovision"da Azərbaycanın iştirakının təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva olmuşdur. Azərbaycan bu yarışmaya Mehriban Əliyevanın təşəbbüsü ilə qoşuldu və bütün bu illərdə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya və digər qurumlar fəallıq göstərdilər. Hər il biz qələbəyə daha da yaxınlaşırdıq.
Dünyanın ən mötəbər mahnı müsabiqəsində dünyadan kiçik bir nöqtə olaraq görünən Azərbaycan kimi bir ölkənin birinciliyi, əlbəttə ki, tariximizə qızıl hərflərlə həkk olundu. Avropa ölkələrini əhatə edən bu müsabiqənin dünya miqyasında oxşarı belə yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, "Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir". Bəli, bu uğur "Eurovision-2011" Mahnı Müsabiqəsi tarixində Azərbaycan öz sözünü demiş oldu. Azərbaycan dünya miqyasında coğrafi ərazisi baxımından kiçik olmasına baxmayaraq, bir çox sahələrdə, xüsusilə də, idmanda qələbələrə imza atmışdır. Bir çox görkəmli sənətkarlarımız, gənclərimiz milli muğamlarımızı, xalq mahnılarımızı, caz musiqimizi, milli mədəniyyətimizi vətənin hüdudlarından kənarda layiqincə təmsil etmişlər. Lakin estrada musiqisi ilə belə möhtəşəm qələbəyə imza atan olmamışdı. Bu sahədə isə qələbə bizim oldu. Nigar Camal və Eldar Qasımov cütlüyü Azərbaycana 221 xalla 1-ci yeri qazandırdılar. Müsabiqədə ikinci yeri İtaliya, üçüncü yeri isə İsveç tutmuşdur. Belə dövlətlərdən əvvəl Azərbaycanın adının hallanması əvəzsiz bir sevincin rəmzidir.
Bəli, uğur bizləri müşayiət edir. Müsabiqənin qaydalarına əsasən, "Eurovision-2012" yarışması Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir. Ənənəvi bir haldır ki, 1956-cı ildən keçirilən "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur. Əminik ki, 2012-ci ildə Bakıda təşkil olunan möhtəşəm müsabiqə bizlərə yeni nailiyyətlər gətirəcək. Eldar və Nigar bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı zəngin musiqisi, mədəniyyəti, incəsənəti ilə daim seçilib, ön cərgələrdədir. Hər zaman Azərbaycan mədəniyyətindən, incəsənətindən qaynaqlanmağa çalışan və "böyük Ermənistan" yaratmaq xülyası ilə təcavüzkar simasını göstərən ermənilər müsabiqədə hansı dəyərlərə malik olmalarını təsdiqlədilər. Dünya ölkələri ermənilərin "zəngin mədəniyyətini" qiymətləndirdi. Biz dünyaya sübut etdik ki, Azərbaycan xalqı istedadlı, sənətsevər, mükəmməl tarixi olan bir xalqdır.