Avropa Parlamentinin qətnaməsi Azərbaycandakı mövcud reallığı əks etdirmir
Məlum olduğu kimi, Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycana da aidiyyəti olan qətnamə qəbul olunub. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azadinform"a verdiyi açıqlamasında bu qətnamənin Azərbaycanla bağlı hissəsinə öz münasibətini bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov demokratiya və insan hüquqları məsələsinin Azərbaycan dövlətinin Konstitusiya normaları olduğunu və ona əməl olunması sahəsindəki vəziyyəti də yetərincə qənaətbəxş saydığını vurğulayıb: "Bu yolu Azərbaycan özü seçib və Avropa strukturları ilə də mövcud sahədə əməkdaşlıq və tərəfdaşlıq xətti götürüb. Bizi təəccübləndirən odur ki, Avropa strukturları nədənsə, Cənubi Qafqaz bölgəsində və bütövlükdə postsovet məkanında baş verən hadisələrə fərqli standartlar çərçivəsində yanaşır, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə tamamilə bir-birinə əks olan qiymət verirlər. Əlbəttə, mən adını çəkmək istəmirəm, həmin qətnamənin qəbul olunmasında iştirak edən deputatların özləri belə, bu subyektiv yanaşmanı və "norma"nı dəfələrlə etiraf ediblər. Məsələn, Azərbaycanda keçirilən prezident seçkilərində bizim üçün əsas amil, seçicilərin etimadını qazanmaq, əhalinin seçib-seçilmək hüququnu təmin etmək və qalib gələn namizədi şəffaf şəkildə elan etməkdən ibarətdir. Bu normanı biz demokratik Avropadan götürmüşük. Lakin qətnamədə bu prinsiplər bir kənara atılaraq, hansısa subyektiv ambisiyası olan daxili və xarici şəxsin, yaxud qrupun seçkiyə münasibəti əsas qiymət meyarı kimi dəyərləndirir. Əlbəttə, bu, yolverilməzdir".
Daha sonra Ə.Həsənov Azərbaycanda söz və mətbuat azadlığının ürəkaçan olmadığı ilə bağlı fikrə də diqqət yönəldib. "İki gün bundan əvvəl, ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə öz əksini tapmış insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin təqiblərə məruz qalması isə heç bir əsası olmayan subyektiv mülahizələrdir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, insan və vətəndaş hüquqlarının həyata keçirilməsi realdır və buna əməl edilir. Amma kimlərsə qanunun üzərində öz ambisiyasını təmin etmək istəyir, yerli icra strukturlarının və yaxud qanun keşikçilərinin tələblərini tamamilə inkar edirsə, o zaman onlara qarşı tədbirlər görmənin də alternativi yoxdur. Yaxud kimsə əgər öz dövlətinin milli ordusunda xidmət etməkdən boyun qaçırırsa və bunun heç bir qanuni əsası yoxdursa, Azərbaycanda hüquqi dövlət prinsiplərinə uyğun olaraq, ona qarşı yalnız qanuni tədbirlər görülməlidir".
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Avropa Parlamentində bunun fərqli alternativinin olduğu halda Azərbaycanın müzakirəyə hazır olduğunu qeyd edib: "Bir sözlə, birmənalı şəkildə bəyan edirəm ki, bu qətnamə Azərbaycandakı mövcud reallığı əks etdirmir, subyektiv mülahizələrə söykənir və Azərbaycan-Avropa Parlamenti əməkdaşlığının ruhuna ziddir".