PDF Oxu

Əsas

  • 9

Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi yolunda Ümummilli Liderin zəngin irsindən bəhrələnir

Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi yolunda Ümummilli Liderin zəngin irsindən bəhrələnir
Müasir Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən sıçrayışlar onun simasının gündən-günə dəyişməsinə, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanması ilə nəticələnib. Bu gün Azərbaycan dünyada sözünü deməyə qadir olan qüdrətli dövlətdir. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirib. Ölkəmizin simasının bu şəkildə dəyişməsində, onun imicinin yüksəlməsində Heydər Əliyev Fondunun rolunu da qeyd etməliyik. Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan fondun 2004-cü il may ayının 10-da rəsmi açılışı olub. Həmin zamandan 7 il vaxt keçməsinə baxmayaraq, fondun genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurmasına gətirib çıxarıb.
Fond yarandığı zamandan bu günə qədər görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib. Fond Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək edir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirir. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində fondun böyük mahiyyət daşıyan addımları onun prezidentinin humanizm prinsiplərinə söykənir. Qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında vacib məsələlərdən biri olduğundan buna xüsusi önəm verilir.
Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək etməkdir. Bu sahədə optimal yol xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətin genişlənməsidir. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də, bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə məhz fondun nümayəndəliklərinin əməli fəaliyyətində özünü göstərir.
Müasir həyatımızda fond tərəfindən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilir. Belə ki, fondun həyata keçirdiyi sosialyönlü layihələr sırasında "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və s. layihələri xüsusi olaraq vurğulamaq lazımdır. Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışı, Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evinin yenidən qurulması, sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün istirahət düşərgəsinin təşkili, Bakının Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulan Cümə məscidinin istifadəyə verilməsi və s. məhz fondun sosialyönlü layihələrinin nəticəsində həyata keçirilib.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Belə ki, məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərməkdədir. Demək olar ki, Azərbaycanın hər bir məkanında təhsil sahəsində aparılan bu dəyişikliklər özünü büruzə verir. Mehriban xanım Əliyeva tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən, respublikamızda təhsil sahəsində böyük nailiyyətlər əldə olunub. Son zamanlar həm paytaxtımızda, həm bölgələrdə görülən işlər buna əyani sübutdur. Təhsil sistemində baş verən dönüş məhz Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur. Bu uğurlu addım fondun başlıca vəzifəsi olaraq davam etdirilir. Hazırlanmış proqramda da əsas məqsəd ölkəmizin hər bir gəncini daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü görməkdir. Proqram çərçivəsində qısa zaman məsafəsində Azərbaycanın kənd məktəblərinin maddi-texniki bazasının vəziyyəti yaxşılaşdırılaraq, yeni təhsil ocaqları istifadəyə verilib. Fond öz vəsaiti hesabına məktəblərin bir hissəsini tikdirərək, onları lazımi avadanlıqla təmin edir.
Heydər Əliyev Fondunun təhsilə göstərdiyi bu diqqət Azərbaycanın gələcək inkişafına yönəlib. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında gerçəkləşən layihələr Azərbaycan gənclərinin dünyaya inteqrasiya olunmasında əvəzsiz xidmətə malikdir.
Bütün bunlar Mehriban xanım Əliyevanın fondun prezidenti olaraq əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı layihələri öz qiymətini alır. Bu illər ərzində Mehriban xanım Əliyeva əməli fəaliyyəti nəticəsi olaraq dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülmüşdür. Belə ki, O, 2004-cü ildə Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" seçilib. 2005-ci ildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatının daşıyıcısıdır. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülməsi onun dünya miqyasında əməllərinin birmənalı olaraq qiymətləndirilməsini əyani olaraq təsdiqləyir. 2009-cu ildə Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edildi. Bir il sonra isə Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edildi. Elə həmin il uğur onu müşayiət etdiyindən YUNESKO-nun "Qızıl Motsart" medalı Mehriban xanım Əliyevaya təqdim olundu. 2010-cu ildə Mehriban xanım Əliyeva türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ın "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan xalqı qarşısında xidmətlərinə olan mükafat və qiymətdir. 7 illik fəaliyyəti dövründə əldə etdiyi bu nailiyyətlər Heydər Əliyev Fondunun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.

Digər xəbərlər