Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunur
Azərbaycan dünya ölkələri içərisində söz və mətbuat azadlığının təmin edilməsi sahəsində, xüsusilə, seçilən ölkələrdəndir. Ölkəmizdə bu sahədə görülən işlər və aparılan islahatlar son illərdə, digər sahələrdə olduğu kimi, söz və mətbuat azadlığı sahəsində də genişmiqyaslı inkişafa nail olunmuşdur. Heç şübhəsiz ki, bu inkişaf diqqətdən kənarda qala bilməz. Bunu görmək üçün isə Azərbaycanda fəaliyyət göstərən mətbu orqanların fəaliyyətinə nəzər salmaq kifayətdir.
Azərbaycanda mətbuat və söz azadlığına olan yüksək diqqət beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin də diqqətindən kənarda qalmayan məsələlərdəndir. Bu günlərdə ölkəmizdə ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusunda keçirilən konfrans bir daha beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı maraq və diqqətini göstərmiş oldu. Konfransda dünyanın müxtəlif ölkələrindən olan qonaqların Azərbaycandakı söz və mətbuat azadlığından məmnunluqla danışması görülən işlərin layiqincə qiymətləndirilməsi kimi nəzərdən keçirilə bilər. Bununla yanaşı, adıçəkilən tədbirdə diffamasiya ilə bağlı beynəlxalq standartlar, ölkə qanunvericiliyi və jurnalistləri qorumaq üçün səmərəli tədbirlər, müvafiq qanunun tətbiqində təcrübə mübadiləsi və digər mövzular da müzakirə olunmuşdur. Eyni zamanda, tədbir zamanı bəzi beynəlxalq qurumlar tərəfindən Azərbaycandakı söz və mətbuat azadlığı ilə bağlı qərəzli hesabatların yayılmasına da aydınlıq gətirilmişdir. Bu barədə danışan Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə hesabatların yalnız subyektiv fikirlərə əsaslandığını bildirdi: "Azərbaycanda söz azadlığı sahəsində görülən işlər göz önündədir. Bir sıra beynəlxalq qurumların Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı hesabatları sadəcə təəccüb doğurur". Ə.Həsənov bildirmişdir ki, əgər bir ölkənin mətbuatında istənilən mövzuda tənqidi fikirlərə rast gəlinirsə, istənilən dövlət məmurunun fəaliyyətini araşdırmaq və bu barədə sərbəst fikir yazmaq imkanı mövcuddursa, belə ölkədə söz və mətbuat azadlığının pozulmasından danışmaq subyektiv mövqe kimi qiymətləndirilməlidir. "Hər bir dövlət kimi, Azərbaycanın da özünün informasiya siyasəti vardır. Bu siyasətin əsas məqsədi öz dövlətinin, millətinin maraqlarını təmin etməkdir. Azad söz, azad jurnalistika ictimai əhəmiyyət daşımalı və dövlətin inkişafına xidmət etməlidir".
Ə.Həsənov əlavə etmişdir ki, medianın təsis olunması, KİV-lərin və jurnalistlərin fəaliyyəti üçün heç bir qadağanedici qanunun, mexanizmin olmadığı Azərbaycan kimi bir ölkədə mətbuat azadlığının pozulması fikrini səsləndirmək qətiyyən doğru ola bilməz.
Ə.Həsənovun dediklərindən də tam aydın olur ki, bu gün Azərbaycanda heç bir halda söz və mətbuat azadlığının pozulmasından danışmaq olmaz. İnkaredilməz faktdır ki, bu gün Azərbaycan dövləti tərəfindən ölkədə mətubatın inkişafına göstərilən qayğı dünyanın heç bir ölkəsində yoxdur. Bu, özünü istər mətbuat orqanlarının maddi- texniki bazasının gücləndirilməsində, onların qeydiyyatdan keçməsinin asanlaşdırılmasında, istər jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılmasında, istərsə də, Azərbaycan mətbuatının dünyaya inteqrasiya etməsində göstərməkdədir. Yəni bu sahədə görülən işlərdə, birbaşa olaraq, başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin mühüm və danılmaz rolu vardır. Müstəqilliyimizin ilk illərindən etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən mətbuat üzərindən senzuranın götürülməsi də diqqətəlayiq məsələlərdəndir. Bu, bir daha Azərbaycanın demokratikləşməyə və plyuralizmə olan meyilinin göstəricisidir.
Bütün bunlara baxmayaraq, hansısa bir özünü demokratiyanın təminatçısı kimi təqdim edən beynəlxalq qurumun Azərbaycandakı söz və mətbuat azadlığının məhz hökumət tərəfindən pozulması ilə bağlı iddia ilə çıxışı etməsi absurddur və reallıqla üst-üstə düşmür. Bu cür hesabatların arxasında isə Azərbaycanın beynəlxalq arenada günü-gündən yüksələn nüfuzuna xələl gətirmək məqsədi dayanır. Lakin belə olduğu təqdirdə, Azərbaycan tərəfi bu qurumlara layiqli cavabını verməyə hazırdır. Yəni ölkədə demokratik mühitin yaradılmasında və vətəndaş cəmiyyəti quruculuğunda hər hansı bir qüsurun tapılması mümkünsüzdür. Azərbaycan bununla bağlı öhdəliyinə götürdüyü və qəbul etdiyi beynəlxalq sənədlərin də həyata keçirilməsinə böyük həssaslıqla yanaşır.