“Jurnalistlər üçün hüquqi terminlər lüğəti"
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının növbəti nəşri ictimaiyyətə təqdim edildi. Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Azərbaycan Mətbuat Şurasının birgə hazırladığı "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının təqdimetmə mərasimində Prezident Administrasiyasının, Baş Prokurorluğun, Hüquqşünaslar Konfederasiyasının, habelə, Azərbaycanın aparıcı media nümayəndələri, ayrı-ayrı qəzet baş redaktorları iştirak edirdi.
Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəis müavini, mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Eldar Sultanov jurnalistlər üçün hazırlanmış bu yeni əyani vəsaitin əhəmiyyətindən bəhs edərək, bunun mətbuat və ayrı-ayrı dövlət strukturları arasındakı münasibətlərin hüquqi prizmada tənzimlənməsində önəmli amil kimi xarakterizə etdi. Bildirdi ki, "Hüquq ədəbiyyatı" nəşriyyatında çapdan çıxmış "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" baş prokurorluğun ölkəmizin media təmsilçilərinə bu adda sayca ikinci ərməğanıdır. E.Sultanov son illərdə ölkədə prokurorluq sistemi ilə ictimai əlaqələr sistemi arasında əldə olunan qarşılıqlı münasibətlərin müsbət nəticələrindən bəhs edərək, ölkədə mətbuatın normal fəaliyyəti üçün normal hüquqi bazanın mövcud olduğunu da diqqətə çatdırdı. Mətbuat katibi bu əyani vəsaitin jurnalistlərin hüquqi cəhətdən maarifləndirilməsi istiqamətində əhəmiyyətini də xüsusi yerinin olduğunu vurğuladı.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jurnalistlər üçün hüquqi terminlər lüğəti " kitabının işıq üzü görməsi münasibətilə Azərbaycan media təmsilçilərinə öz təbriklərini çatdırdı. Bildirdi ki, bu kitabın ölkədə mətbuatın inkişafının xüsusi mərhələsində işıq üzü görməsi mühüm əhəmiyyətə malikdir. Ə.Amaşov, ümumiyyətlə, ölkəmizdə Baş Prokurorluq və ölkənin prokurorluq strukturları ilə mətbuat nümayəndələri arasında qarşılıqlı iş prinsipinin normal səviyyədə olduğunu da diqqətə çatdırdı. Qeyd etdi ki, 2005-ci ildə ilk nüsxəsi çapdan çıxmış "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının hazırlanaraq ərsəyə gəlməsi də media təmsilçilərinin diqqətinə səbəb olmuşdur.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Milli Məclisin üzvü Əli Hüseynli də jurnalistlər üçün yeni məlumatlar toplusundan ibarət olan bu kitabın çap olunması münasibətilə öz təbriklərini çatdırdı. Qeyd etdi ki, cəmiyyətimiz indiki şəraitdə bu cür hüquqi terminlər toplusunun çap edilərək, geniş auditoriyaya təqdim edilməsində olduqca maraqlıdır. Ə.Hüseynli hüquqi terminlərin ictimai və mətbuat nümayəndələri tərəfindən daha çox işlənildiyini, müasir hüquqi ensiklopediyaların bundan sonra da işlənib hazırlanmasının vacibliyini vurğuladı.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev də çıxışında Azərbaycan jurnalistlərini onlar üçün əyani vəsait ola biləcək yeni kitabın çapdan çıxması münasibətilə təbrik etdi. V.Əliyev belə bir kitabın hazırlanmasının və işıq üzü görməsinin alqışa layiq olduğunu da diqqətə çatdırdı. Ölkədə KİV-lərin inkişafı, söz və mətbuat azadlığının tam təmin edildiyi bir vaxtda bu cür əyani vəsaitin işıq üzü görməsinin önəmindən danışan V.Əliyev Azərbaycanda çoxsaylı informasiya agentliklərinin ölkə həyatı və beynəlxalq aləmdə baş verən prosesləri əhatəli şəkildə işıqlandırdığını da bildirdi. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin söz və mətbuat azadlığının yüksək səviyyədə təminatı, ölkəmizdə KİV-lərin inkişafı üçün ən mühüm qərarları qəbul etdiyini bildirən V.Əliyev bu kitabın da mətbuat və dövlət orqanları arasındakı münasibətlərin daha geniş aspektdə qurulmasına öz töhfəsini verəcəyini söylədi.
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov da çıxışında Azərbaycan jurnalistlərinə bu cür əyani vəsait əldə etdiklərinə görə təbriklərini çatdırdı. Qeyd etdi ki, jurnalist peşəsi çox məsuliyyətli və ictimai önəm kəsb edən bir sahədir. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli də, belə bir kitabın hazırlanmasının xüsusi diqqətə layiq olduğunu bildirdi. Vurğuladı ki, jurnalistələrin nəzəri ədəbiyyata malik olması çox vacibdir.
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev jurnalistləri təbrik edərək, belə bir kitabın hazırlanıb ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini çatdırdı. Bildirdi ki, bu kitabda jurnalistlər üçün vacib olan qanunlar toplusu öz əksini tapıb. Eyni zamanda, bu kitabda media təmsilçiləri üçün əsas baza rolunu oynaya biləcək qanunların daha aydın formada təsbit olunduğunu söyləyən B.Quliyev mətbuatla ayrı-ayrı strukturlar arasındakı münasibətlərin bundan sonra da inkişafına ümid etdiyini bildirdi.
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bundan sonra jurnalistlərin daha peşəkar formada hüquqi terminlərə toxunacaqlarına əminliyini ifadə etdi. Bildirdi ki, Azərbaycanda media-vətəndaş və dövlət münasibətləri inkişaf istiqamətindədir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da, istənilən formada hüququn cəmiyyətin iradəsinə xidmət etdiyini söylədi. O, hər bir vətəndaşın, o cümlədən, jurnalistlərin öz hüquqlarını bilmələrinin çox vacib olduğunu vurğuladı.
Tədbirin digər çıxışçıları da kitabın media nümayəndələrinin hüquqi bazasının təkmilləşdirilməsindəki əhəmiyyətindən bəhs etdilər.