Bu gün ölkədə "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi keçiriləcək
13-15 may tarixində Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi keçiriləcək.
SİA-nın xəbərinə görə, dünən Gülüstan sarayında "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresinə həsr olunan mətbuat konfransı təşkil olunub. Konqres Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Mətbuat konfransında çıxış edən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev tədbir barədə ətraflı məlumat verib. O bildirib ki, "1-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresi 2009-cu il mayın 9-11-də təşkil olunub və burada 16 xarici ölkə nümayəndəsi iştirak edib. K.Musayevin sözlərinə görə, bu il keçiriləcək "2-ci Bakı Ürək Günləri" Beynəlxalq Konqresində isə 25-dən artıq ölkədən 200-ə yaxın kardioloq və kardio-cərrahlar iştirak edəcək.
"Konqresin keçirilməsində əsas məqsəd ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunalacaq. Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər", - deyə o əlavə edib.