"Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini 171-ci yerlə qiymətləndirən istənilən təşkilatı buraya dəvət edirəm"
Beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatlarının çoxu qərəzlidir. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi bildirib ki, beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatları Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq etmək və təsir göstərmək məqsədi daşıyır: "Mən Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini 171-ci yerlə qiymətləndirən istənilən təşkilatı Azərbaycana dəvət edirəm. Gəlsin, sizin qarşınızda müzakirə aparaq. Əgər Azərbaycan mətbuatından istənilən qəzeti götürüb orda Azərbaycan hakimiyyəti ilə bağlı tənqidə rast gəlirsənsə, istənilən dövlət məmurunun fəaliyyətini tənqid etmək, araşdırmaq imkanına maliksənsə, belə ölkədə söz, mətbuat azadlığının pozulmasından danışmaq yüz faiz subyektivlikdir. "Freedom House" və digər təşkilatların fəaliyyətini bütövlükdə şübhə altına almırıq. Onlar hansısa fonddan maliyyələşərək fəaliyyət göstərirlər, hansısa məqsədlərə xidmət edirlər, amma onların məqsədləri heç də sözün həqiqi mənasında, dünyada söz azadlığını təsnif etmək, yaxşı-pis xarakteristikasını açıb onun əsasında nümunə yaratmaq deyil. Onlar bu və ya digər məqsədləri və sifarişləri həyata keçirirlər, onları maliyyələşdirən qurumlar qarşısında məsuliyyət daşıyırlar".
Ə.Həsənovun fikrincə, Şimali Afrika ölkələrində baş verən hadisələrlə bağlı transmilli adlandırılan televiziyaların məlumatları bir mərkəzdən formalaşdırılan və yayılan informasiyalardır: " Liviya, Tunis, Misirdə baş verən hadisələrlə bağlı müxalif fikirdə olan, fərqli düşünən yoxdurmu? Kifayət qədər var. Niyə onların biri səhifələrə çıxmır? Biz onda burdan bəyan edək ki, həmin televiziyalarda azad söz, azad fikir yoxdur? Belə qurumlar Azərbaycanda, özgə gözündə tük axtarmaqdansa, Avropadakı TV-ləri görsünlər. Bütün dünya ölkələrində "ütülü" informasiya siyasəti var. Hər bir dövlətin özünün informasiya siyasəti var. Bunun da əsas məqsədi öz dövlətinin, millətinin maraqlarının təmin olunmasıdır". Onun sözlərinə görə, Azərbaycanda söz, mətbuat azadlığı da, məmur fəaliyyəti də - istənilən sənət, o cümlədən azad söz, azad jurnalistika ictimai əhəmiyyət daşımırsa, dövlətə xidmət etmirsə, heç kəsə lazım deyil: " Əgər jurnalistika Azərbaycanın inkişafına xidmət etmirsə, heç kəsə lazım deyil. Biz jurnalistləri jurnalist olmaqla yanaşı, həm də vətəndaş olmağa çağırırıq".