PDF Oxu

Əsas

  • 22

Yeni Azərbaycan Partiyasının gənc üzvləri idman sahəsində də uğurlar əldə edir

Yeni Azərbaycan Partiyasının gənc üzvləri idman sahəsində də uğurlar əldə edir

Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və ARDNŞ-in Neftçi İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən mini-futbol turniri başa çatıb. Final oyunu ilə bağlı təşkil olunmuş tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov, İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edirdilər.
Əli Əhmədov: "Ümummilli Liderimiz Heydər Əliyev idmanı gənclərimizin sağlam ruhda böyüməsi üçün vacib şərtlərdən biri sayırdı"

Final oyununda YAP Nizami rayon təşkilatı və Abşeron təşkilatının gənclər birliklərinin komandaları mübarizə aparıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda YAP Nizami rayon təşkilatı gənclər birliyinin komandası rəqibi üzərində 3-0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Oyundan sonra turnirdə birinci, ikinci və üçüncü yeri qazanmış komandaların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə qaliblərini təbrik edən YAP-ın Sədr müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı hər il Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü yüksək təntənə ilə qeyd edir. Onun sözlərinə görə, Ulu Öndərimizin doğum gününə həsr olunmuş tədbirlər sırasında YAP Gənclər Birliyinin təşkil etdiyi mini-futbol turniri xüsusi yer tutur. "Ümummilli Liderimiz Heydər Əliyev həmişə idmana böyük önəm verirdi. İdmanı gənclərimizin sağlam ruhda böyüməsi üçün vacib şərtlərdən biri sayırdı. Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev siyasətinə həmişə sadiq olduğunu isbat edib. Bu mini-futbol turnirində də YAP Gənclər Birliyinin üzvlərinin yüksək fəallıq nümayiş etdirməsi onu göstərir ki, bizim gənclərimiz Ümummilli Lider Heydər Əliyev siyasətinə böyük hörmət və ehtiramlarını nümayiş etdirir" deyə Ə.Əhmədov əlavə edib.
Azərbaycanın sürətlə inkişaf etdiyini, yeniləşdiyini vurğulayan İcra katibi Ə.Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin özünü artıq bütün sahələrdə ən yüksək tərzdə təsdiq etdiyini söylədi. "Təbii ki, ölkəmizin inkişafını bütövlükdə səciyyələndirən təkamülün müxtəlif istiqamətləri və formaları içərisində Azərbaycanda idmanın inkişafını da ayrıca qeyd etmək lazımdır. İndi Azərbaycanda müxtəlif səviyyəli beynəlxalq yarışlar keçirilir, ölkəmizin idmançıları dövlətimizin şərəfini dünya səviyyəli yarışlarda layiqincə qoruyurlar. YAP da ölkəmizin inkişafından, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ruhlanaraq, bu inkişafa öz dəstəyini vermək üçün fədakarlıq nümayiş etdirir. YAP-ın ölkəmizin ictimai-siyasi həyatında iştirakı ilə yanaşı, partiyamızın sıralarında olan hər bir vətəndaş, o cümlədən, gənclər də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin reallaşmasına öz töhfələrini verirlər. Eyni ilə də, YAP-ın gənc idmançıları Azərbaycanın inkişafının təbliğində fəal iştirak edirlər. Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən bu mini-futbol yarışı buna əyani misaldır" deyən YAP-ın Sədr müavini Ə.Əhmədov gənclər arasındakı mini-futbol oyununun final yarışının çox maraqlı olduğunu da vurğulayıb: "Turnirin final oyununu izlədik və bu oyun göstərdi ki, YAP-ın gənc üzvlərinin sırasında kifayət qədər peşəkar futbolçular yetişib. Bu da, onu sübut edir ki, YAP gəncləri ölkəmizin ictimai-siyasi həyatında olduğu kimi idman sahəsində də yetişmiş insanlar olublar. Əminəm ki, bu idman yarışı ədalətli keçirildi. Sözün həqiqi mənasında, layiqli komanda oyunda qalib adına sahib çıxdı. Partiyamızın Nizami və Abşeron rayon təşkilatları gənclər birliklərinin komandaları da artıq yetişmiş futbolçular kimi yarışda iştirak etdilər. Biz çox maraqlı idman yarışının şahidi olduq. Ümumiyyətlə, bu turnirin Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunması çox əhəmiyyətli hadisədir. Hesab edirəm ki, növbəti illərdə də YAP Gənclər Birliyi müxtəlif turnirlər və yarışlar keçirəcək".
Ə.Əhmədov turnirin keçirilməsində verdiyi dəstəyə görə ARDNŞ-in Neftçi İdman-Sağlamlıq Mərkəzininin kollektivinə, eləcə də, zəhməti olan hər kəsə təşəkkür etdi.
Daha sonra tədbirdə ilk üçlüyü qazanmış YAP-ın Nizami rayon təşkilatı gənclər birliyi (1-ci yer), Abşeron rayon təşkilatı gənclər birliyi (2-ci yer) və Sabunçu rayon təşkilatı gənclər birliyininin (3-cü yer) komandaları kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Həmçinin, turnirin keçirilməsində əməyi olan şəxslər də mükafatlara layiq görüldülər.
Xatırladaq ki, turnirdə YAP-ın Bakı şəhəri üzrə 11 rayon və Abşeron rayon təşkilatlarının gənclər birliklərinin komandaları iştirak edib. Turnirdə iki qrup olmaqla hər qrupda 6 komanda yarışıb.

Digər xəbərlər