“Heydər Əliyev və Azərbaycan gəncliyi"
Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının gənclər birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib. YAP Suraxanı rayon təşkilatında keçirilən tədbirdə rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Ümümmilli Lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbirin keçirilmə məqsədini açıqlayıb. O bildirdi ki, tədbir Ulu Öndərin həyatına və heyrətamiz tale yollarına nəzər salmaq, Onunla bağlı xatirələri bir daha dinləmək üçün YAP Suraxanı rayon təşkilatının gənclər birliyi tərəfindən təşkil olunmuşdur. V.Seyidov Ulu Öndər haqqında fikirlərini bölüşərkən Onun əbədiyyət, tale və insanın alın yazısıyla bağlı bir sıra yığcam fikirlərinin yaddaşlarda qaldığını qeyd etmişdir. O, Ulu Öndərin Azərbaycanda müstəqil dövlət quruculuğuna verdiyi töhfələr, eyni zamanda, Azərbaycan gəncliyinin inkişafında və düzgün istiqamətə yönləndirilməsindəki böyük rolu haqqında danışmışdır.
Azərbaycanda gənclərin hərtərəfli inkişafı onların problemlərinin həlli və hüquqlarının müdafiə edilməsi gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə keçirilən tədbirlər dövlətin daim diqqət mərkəzində olmuşdur. Qısa zaman kəsiyində böyük nailiyyətlərin əldə edilməsi yalnız və yalnız Ümummilli Lider cənab Heydər Əliyevin fenomeni və titanik əməyi, həmçinin, onun siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin şəxsiyyəti nəticəsində mümkün olmuşdur."
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyyə Musayeva Ümummilli Liderin dövlət və xalq üçün gördüyü əvəzsiz tarixi xidmətlərindən danışmış və Onun müasiri olduğu üçün böyük iftixar hissi keçirdiyini vurğulamışdır.
YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü Raul Fərəcov Azərbaycanın müstəqilliyin əldə etdikdən sonra nail olduğu bütün uğurların Ümumilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi.
YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin idarə heyətinin üzvü, Respublika Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov isə çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin onlar üçün nümunə olduğunu və Onun ideyalarını yaşatmaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirmişdir.
Tədbirdə, həmçinin, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Ulu Öndər barədə xatirələrini bölüşdü və Onun birmənalı şəkildə Yeni Azərbaycanın qurucusu olduğunu vurğulamışdır. Azərbaycanın yüksək iqtisadi, siyasi nailiyyətlər əldə etməsi məhz Prezident İlham Əliyevin Ulu Öndərin siyasi ideyalarının layiqli şəkildə davam etdirməsinin nəticəsidir. V.Rəhimzadə bildirdi ki, Dahi Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq və Onun adı Azərbaycan tarixinin ən şərəfli səhifəsində yer alacaqdır: "Ümumilli Lider Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur."
Millət vəkili Sevinc Fətəliyeva da tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyev millət və dövlət üçün gördüyü xeyirxah işlər barədə danışdı və Onun Azərbaycanın bugünkü inkişafında əvəzedilməz rolunun olmasını birmənalı şəkildə vurğuladı. S.Fətəliyeva qeyd etdi ki, bu gün Azərbaycan gəncliyi inkişaf edir və daim öz fəaliyyətində Heydər Əliyev ənənələrini yaşatmağı üstün tutur.
Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov isə çıxışında Ulu Öndər Heydər Əliyevin sovet dönəmindən indiyə kimi olan fəaliyyəti barədə danışdı və hələ o dövrlərdə Onun Azərbaycanın gəncləri üçün gördüyü işlərin yüksək əhəmiyyətini qeyd etdi. Azərbaycanın dünya miqyasında tanınmasının məhz Ulu Öndər Heydər Əliyev dühasının adı ilə bağlı olduğunu deyən İ.Abbasov uşaqlıq, gənclik dövrlərindən Onu özünə ideal seçdiyini bildirdi.
Tədbirin sonunda YAP sıralarına daxil olan bir qrup gəncə partiya vəsiqələri təqdim edildi. Həmçinin, Suraxanı rayon icra hakimiyyəti və millət vəkili Sevinc Fətəliyeva tərəfindən Ümummilli Liderin anadan olmasının 88-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş ingilis dilində inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.