PDF Oxu

Əsas

  • 19

Gözəlliklər bayramı

Gözəlliklər bayramı
Müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibəti ilə Səbail rayonunda genişmiqyaslı tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulubdur. Dünən Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tərtib olunan tədbirlər planına uyğun olaraq şəhərin mərkəzindəki "Sahil bağı"da ənənəvi olaraq Əzəmətli Gül Bayramı keçirilib. Bayrama hazırlıq dövründə rayon ərazisində aparılan genişmiqyaslı abadlıq və təmizlik işləri çərçivəsində hər həftə iməciliklər aparılıb, minlərlə yeni ağac və gül kolları əkilib, əvvəl əkilən yaşıllıqlara qulluq göstərilibdir. Bu işlər çərçivəsində "Sahil bağı"nda hazırlıq işləri görülüb, minlərlə zambaq və s. güllər əkilibdir ki, bu da bütün ay ərzində bağa xüsusi gözəllik və yaraşıq verməkdədir.
Bayramın gözəl və yaddaqalan keçməsi üçün Səbail rayonundakı idarə və müəssisələr, o cümlədən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, "Qərb" Universiteti, Bakı Oksford məktəbi canlı və süni güllərdən düzəldilmiş ekspozisiyalar hazırlanıb. Gül bayramında rayonun orta və orta ixtisas məktəblərinin, uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilirdi. Qeyd edək ki, bu gözəlliklər bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb edirdi.
Gül bayramında Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali, orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələri "Sahil bağı"nı gəzərək, maraqlı gül ekspozisiyaları ilə tanış oldular. Həmçinin, qonaqlar bayramın iştirakçıları ilə səmimi söhbətlər etdilər. Sonra Bakı şəhər icra hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirildi.
Gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, memar Ramiz Xəlfəliyevin tər çiçəklərdən hazırladığı "Səbail" gəmisi, gənc rəsam Fərid Nəcəfovun canlı gül və Ulu Öndərin müxtəlif şəkillərindən yığılmış kompozisiya, Bakı şəhərinin və mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının, Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun, "Azərbaycan muğamı" kompozisiyasının, Bakı şəhərinin gerbinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etdi.
Gül bayramında rayonun 6, 7, 49, 50, 51, 91, 160, 162, 163, 189, 190, 203, 236, 239 saylı məktəblərinin, 33, 46, 53, 136, 157, 332 saylı uşaq bağçalarının, uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin nümayiş etdirdikləri gül kompozisiyaları və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş sənət nümunələri iştirakçılarda daha xoş təəssürat yaratdı.
"Sahil bağı"nda keçirilən gül bayramında ənənəvi olaraq fəal iştirak edən Dövlət Neft Şirkətinin kollektivləri də bağda rəngbərəng güllərdən düzəldilmiş müxtəlif eksponatları nümayiş etdirdi.
Qeyd edək ki, bütün gün ərzində Səbail rayonunun və DNŞ Sosial İnkişaf İdarəsinin mədəniyyət saraylarının bədii kollektivləri paytaxt sakinləri və tədbirdə iştirak edən çoxsaylı qonaqlar üçün rəngarəng musiqi və rəqs çələnglərindən ibarət konsert proqramı təqdim ediblər. Tədbirin sonu isə populyar müğənni Röyanın solo konserti ilə başa çatdı.

Digər xəbərlər