Şimali Osetiyanın Vladiqafqaz şəhərində alman faşizmi üzərində qələbənin ildönümü ilə bağlı tədbir keçirilib
Bir neçə gündən sonra, yəni may ayının 9-da alman faşizmi üzərində qələbənin növbəti ildönümü qeyd olunacaq. 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində keçmiş SSRİ tərəfindən əldə olunan bu Qələbə günü bütün postsovet ölkələrində qeyd olunur. Bununla bağlı, bu il də bir sıra yerli və beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur ki, onlardan biri artıq ötən həftə Şimali Osetiyanın Vladiqafqaz şəhərində baş tutdu. Bir sıra Qafqaz ölkələrindən nümayəndələrin iştirak etdiyi "Birlikdə əldə olunmuş Böyük Qələbə: Böyük Vətən müharibəsi illərində Qafqaz" adlı ikinci beynəlxalq regional konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
"Avrasiya Araşdırmalar İnstitutu"nun təşkilatçılığı ilə aprel ayının 28-29-da keçirilən tədbirdə, eyni zamanda Rusiya Federasiyası, Adıgey, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay Çərkəz, Şimali Osetiya-Alaniya, Çeçenistan, Abxaziya, Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Osetiya respublikaları, Krasnodar, Stavropol, Rostov vilayətlərindən nümayəndə heyətləri də iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin tərkibinə isə "Moskvada Azərbaycan Həmvətənləri Evi" İbtidai Peşəkar Tədris təşkilatının sədri Qaiq Yusifzadənin rəhbərliyi ilə Böyük Vətən müharibəsi veteranları Bəkir Məmmədov, Rəşid Şıxəliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Avrasiya Araşdırmalar İnstitutu"nun Azərbaycan Respublikasında filialının direktoru Rauf Həsənov və fəlsəfə elmləri doktoru, Bakı Slavyan Universitetinin dosenti Qalib Barxalov daxil idi.
Konfransın ilk günü - aprelin 28-də konfrans iştirakçıları qələbə memorialına əklil qoyub, 2004-cü ildə Beslandakı 1 nömrəli məktəbdəki terror aktının qurbanlarının xatirəsinə memorial abidəsinin qarşısına gül düzüblər. Bundan sonra isə konfrans çərçivəsində plenar iclas öz işinə başlayıb. İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Qaiq Yusifzadə "Böyük Vətən müharibəsi Qafqaz xalqlarının birliyinin tarixi təcrübəsi kimi" mövzusunda çıxış edib. Eyni zamanda, iclas zamanı nümayəndə heyətinin digər üzvü Qalib Barxalov da "Böyük Vətən müharibəsində böyük qələbə işində Azərbaycanın arxa cəbhəsi əməkdaşlarının və hərbçilərinin verdikləri töhfələr" mövzusunda çıxış edərək Azərbaycanın müharibədə iştirakı və qələbənin əldə olunmasında oynadığı mühüm rol haqqında məlumat verib. Digər ölkələrin iştirakçıları da çıxış edərək, Böyük Qələbənin qazanılmasında Qafqaz ölkələrinin əvəzolunmaz rolu barədə danışıblar. Qeyd edək ki, konfransın ilk gününün sonunda Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri tərəfindən ziyafət verilib, yerli kollektiv və ifaçıların təqdimatında konsert keçirilib.
Aprelin 29-da isə konfrans davam etdirilib və sessiyada "Böyük Qələbə haqqında tarixi yaddaş və gələcək: biz Qafqazı necə görmək istəyirik" mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Vətən müharibəsi veteranı Rəşid Şıxəliyev "Əsl beynəlxalq birliklə əldə olunmuş Böyük Qələbə: Qafqazı sabit və çiçəklənən görmək arzusu" mövzusunda çıxış edib.
Digər çıxışlardan və müzakirələrdən sonra konfransın yekun bəyanatı qəbul olunub. Bəyanatda qeyd olunur ki, qələbə sayəsində dövlətlərarası münaqişələrin sülh yolu ilə həlli prinsipi və millətlər arasında ziddiyyətin yolverilməzliyinə doğru qəti addım atılıb. Qələbə sayəsində bütün planet miqyasında azadlıq və demokratiyanın dəyəri təsdiq olunub. Eyni zamanda, göstərilir ki, qələbə dünyanın çox millətlərinin sülh şəraitində inkişafına imkan yaradıb. "Bu gün bizi birləşdirən dəyərlər təsadüfi deyil və uydurulmayıb. Xeyirxahlıq, azadlıq, humanizm və dinc inkişaf - bunlar uğrunda bizim əzizlərimiz və yaxınlarımız vuruşublar. Biz təsdiq edirik ki, bu dəyərlərin qəbulu və araşdırılmasının üzərində sabit, müstəqil, vahid və çiçəklənən Qafqazın gələcəyi dayanır".