PDF Oxu

Əsas

  • 26

Əbədiyaşar lider

Əbədiyaşar lider

XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Ulu Öndərimiz Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Ulu Öndər Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bir xalqın dünəni, bugünü, sabahı aydın görünür. Müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

Xalqın milli mənafeyini uca tutan rəhbər

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən lider idi. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. 40 il öncə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Ulu Öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan qısa zamanda ittifaq respublikaları arasında öz layiqli yerini tapdı. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı.
Ulu Öndər Heydər Əliyevin sovet illərində ölkəmizə rəhbərliyini Azərbaycanın milli intibah dövrü kimi də səciyyələndirmək olar. Sözün əsl mənasında, o illərdə Azərbaycan xalqı özünü tapdı, özünə qayıtdı.
Tarixi qayıdış

Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Azərbaycan dövlətçiliyinə qənim kəsilən dairələrin fikrincə, xaotik proseslərin nəticəsi olaraq Azərbaycan parçalanmalı və nəticə etibarilə, iri dövlətlərdən asılı vəziyyətə düşməli idi. Amma onlar ən mühüm məqamı - Azərbaycan xalqının böyük inam bəslədiyi Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək istəyini unutmuşdular. Xalq Heydər Əliyevin hakimiyyətə gəlişini vəziyyətdən yeganə çıxış yolu kimi gördü və vaxtında öz böyük oğlunu Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev də özünün qayıdışının əsas qayəsini, mənasını ilk növbədə, xalqın ən böyük sərvəti saydığı müstəqilliyin qorunub saxlanmasında görürdü. Ulu Öndərə qayıtmaq üçün ünvanlanan müraciətlər maddi-mənəvi iztirablara məruz qalan bir xalqın, sadəcə, vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi.
1993-cü ilin iyun ayında Bakıya gəldikdən sonra ölkədəki vəziyyətin nəzarət altına alınmasına nail olan Ulu Öndər Heydər Əliyevin həmin il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyini gözləyən faciələrin qarşısı alındı. O, ölkəmizin üzləşdiyi çətinliklərdən - Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda tamamilə yeni bir siyasi-ictimai münasibətlər sistemi bərqərar edildi, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslər start götürdü, xalqın özünə inamı, sabaha nikbin baxışları bərpa edildi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin təməli qoyuldu. Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi idi. Məhz buna görə də Ulu Öndərin, bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyi sahəsində də zəngin təcrübəsi vardı. Heydər Əliyevin zəngin təcrübəsinin nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra dövlət quruculuğu uğurla həyata keçirilməyə başladı. Onun dühasının qüdrəti sayəsində Azərbaycan demokratik quruculuq və milli inkişaf yoluna qədəm qoydu. Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi.
Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli Liderinə çevrildi. Heydər Əliyevin Ümummilli Lider obrazı, ilk növbədə, onun şəxsi keyfiyyətlərində özünü təcəssüm etdirirdi. Onun şəxsi keyfiyyətlərinin prinsipiallıq və siyasi iradə komponentləri üzərinə götürdüyü tarixi missiyanın uğurunu zərurətə çevirən başlıca amil kimi nəzərdən keçirilir.

Digər xəbərlər