PDF Oxu

Əsas

  • 25

ANALIQ, İNSANLIQ, ZİYALILIQ anlayışlarının fövqündə dayanan ALİM

ANALIQ, İNSANLIQ, ZİYALILIQ anlayışlarının fövqündə dayanan ALİM
Bu gün ANALIQ, İNSANLIQ, ZİYALILIQ zirvəsində adını qeyd etdiyimiz Zərifə xanım Əliyevanın keçdiyi həyat yolunun fəlsəfəsi bizi səhifələri vərəqləyib, bir ömürdə abidəsini qəlblərdə yaşadan fərdin mənəvi dünyasına yaxın olmağa sövq edir. Azərbaycan oftalmologiya elminin inkişafındakı xidmətləri, zəngin bəşəri irsi, elmi aləmi Onun, həqiqətən də, çoxcəhətli fəaliyyəti ilə bağlı həqiqətləri subuta yetirir. Zərifə xanım yaddaşlarda və yazılı nümunələrdə fitri istedada malik novator alim, pak və nadir bir insan kimi əksini tapıb.
Onun yaşadığı dərin mənalı ömür, şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi kimi dəyərləndirilir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəsə örnək olan yüksək mənəvi keyfiyyəti haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Bizə mənbələrdən məlumdur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxsahəli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə əmək sərf etmişdir. Bu gün Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində Onun məktəbinin davamçıları fəaliyyət göstərir və Onun elmi nailiyyətlərindən bəhrələnirlər. Çox zəngin və əhatəli elmi fəaliyyəti dövründə Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş tədqiqatlar aparmış və dəyərli elmi-tədqiqat işləri yazmışdır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım tədqiqat işlərini zəruri və tələb olunan məsələlərin öyrənilməsinə həsr etmişdir. Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri namizədi Nübar Haşımova Zərifə xanımın Azərbaycan tibb elminə gətirdiyi yeniliklərə nəzər saldı. O, qeyd etdi ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir:"Zərifə xanım Əliyevanı biz oftalmologiya elminin anası kimi qəbul edirik. Bu sahənin mütəxəssisləri Onun məktəbinin davamçılarıdır. Mən oftalmologiya elminin sirlərini məhz Onun təməlini qoyduğu məktəbin izləri ilə mənimsəmiş, elmi məqalə və əsərlərini mütəmadi olaraq izləmişəm. Zərifə xanım Əliyeva uzun illər traxoma ilə mübarizə sahəsində çalışmış və namizədlik və doktorluq dissertasiyalarını məhz traxomaya həsr etmişdir. Onu da qeyd edək ki, Zərifə xanımın ilk elmi işi ekologiyaya həsr edilmişdir. O, elə bir alim idi ki, yaşadığı zamanda hansı məsələnin, problemin həllinə zərurət yarandığını dərk edərək, elmi fəaliyyətini bu sahəyə istiqamətləndirmişdir. Bildiyiniz kimi, o illərdə əhalinin bir qismi traxoma xəstəliyindən əziyyət çəkirdi. Onun müasirləri olan oftalmoloqlar Azərbaycan rayonlarına ezam olunur və geniş yayılmış traxomanını qarşısının alınması üçün yollar arayırdılar. Zərifə xanımın elmi nəticələri və axtarışları traxomanın qarşısının alınmasında bilavasitə təsirə malik oldu. Traxoma xəstəliyi elə bir xarakterə malikdir ki, o insanların korluğu ilə nəticələnirdi. SSRİ məkanında yaşadığımız illərdə respublikalar sırasında bu xəstəlik daha çox Azərbaycanda yayılmışdı. Ona görə də, Azərbaycanda daha çox bu sahə ilə məşğul olunur, onun törətdiyi fəsadlar araşdırılırdı".
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və b. oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Ümumiyyətlə, Zərifə xanım yaxşı həkim olmaqla yanaşı, gözəl İnsan idi. Həyati reallıqlara əsaslanıb deyə bilərik ki, Zərifə xanım olduqca ziyalı xanım idi. Zərifə xanımda insanlıq anlayışı ilə həkimlik sənəti bahəm idi. O, olduqca sadə, təvazökar, ziyalı xanım idi. Hər bir xəstəyə öz yaxını kimi yanaşır, onların qayğısına qalırdı. Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. O, hətta yardıma ehtiyacı olan xəstələrə belə maddi cəhətdən yardım edirdi. Böyük ürəyi, Analıq hissiyyatı Onun bacarıqlı həkim olmasına gətirib çıxarmışdı.
Zərifə xanım təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınan ziyalı idi. Belə ki, O, təkcə həkimlik fəaliyyəti ilə deyil, ictimai vəzifə daşıyan ziyalı kimi də geniş sferada tanınırdı.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Bu gün Zərifə xanımın yaratdığı və inkişaf etdirdiyi elm sahəsinin davamçıları, hər bir oftalmoloq məhz onun zəngin irsindən, elmi nailiyyətlərindən bəhrələnir, təbabətdə qoyduğu izləri daim müşayiət edirlər. Yaşından asılı olmayaraq, hər bir həkim məhz bu səpgidə Onun fəaliyyətinə yanaşır, hər il onun doğum günü ilə bağlı böyük tədbirlər keçirilir və mütəmadi olaraq, beynəlxalq konfrans təşkil olunur, dünyanın müxtəlif ölkələrindən qonaqlar dəvət edirik. Beynəlxalq nümayəndələr də Zərifə xanımın irsinə maraq doğur və Onunla bağlı olan materialları əldə edirlər. 28 apreldə Zərifə xanımın adı ilə dünyamiqyaslı konfrans artıq ənənəvi şəkil alıb. Konfransa böyük hazırlıq işləri görülüb. Bu konfransın əhəmiyyəti bundan ibarətdir ki, bütün dünya oftamoloqları bir-biri ilə görüşür və Zərifə xanımın elmi fəaliyyəti ilə daha yaxından tanış olurlar.
Həmişə insanlara yaxın olan Zərifə xanım heç zaman özünü ölkənin birinci katibinin xanımı kimi göstərməyib, əksinə, daha səmimi münasibəti ilə qayğıkeşliyi ilə ətrafdakı insanların məhəbbətini qazanırdı. Bütün bunlar Zərifə xanımın Böyük İnsan, Qayğıkeş Ana, zamanın yetişdirdiyi Alim olduğunu sübuta yetirir. Deyərdim ki, demokratizm onun daxilində yaşayırdı.
Zərifə xanım birtərəfli insan deyildi. Təkcə karyera ilə məşğul olub ailəyə laqeyd münasibət bəsləmirdi, məhz bunun nəticəsidir ki, Gözəl Həyat Yoldaşı, Gözəl Ana, Gözəl Nənə kimi xatırlanır.

Digər xəbərlər