HEYDƏR ƏLİYEV - XALQIN ƏBƏDİYAŞAR LİDERİ
Dünən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi irsini öyrənirik" mövzusunda siyasi məktəbin növbəti məşğələsi keçirildi. Mövzu "Heydər Əliyev: Böyük islahatçı, yaradıcı, qurucu fenomen" adı altında dinlənildi. Dinləyicilərə mühazirəni tanınmış professor, ictimai xadim Vilayət Əliyev oxudu. V.Əliyev məruzəsində vurğuladı ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onu dövlətçiliyinin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində Ümummilli Liderimiz Heydər Əliyev qədər qüdrətli və cəsarətli şəxsiyyət olmamışdır:" Onun fəaliyyətində, əməllərində bir tamlıq vardır. O, həmişə zirvədə durmuş, durur və əbədi olaraq duracaqdır! Çünki Heydər Əliyev Azərbaycançılığın yaradıcısı, ilhamçısı və müdafəçisidir. Azərbaycançılıq fəlsəfəsini dərk etməyən şəxs Azərbaycan vətəndaşı ola bilməz! Azərbaycançılıq nədir? Bu sualın ən kamil cavabını Heydər Əliyev vermişdir. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Milli-mənəvi dəyərlərdən və bu dəyərlərin qorunması, yabançı təsirlərdən xilas olunması, saflaşması timsalında Ulu Öndərin gördüyü nəhəng işlərdən də bəhs edən V.Əliyev daha sonra qeyd etdi ki, Azərbaycan xalqının dəyərli sərvəti kimi milli emblemə çevrilməsində Ulu Öndərimizin uzaqgörən siyasəti, əməli fəaliyyəti, verdiyi fərman və sərəncamlar, keçirdiyi tədbirlər, apardığı görüşlər, beynəlxalq kürsülərdən söylədiyi tarixi nitqlər, gənc nəslin milli-mənəvi dəyərlərə yiyələnməsi üçün istiqamətləndirdiyi tədbirlər və özünün şəxsi nümunəsi əvəzsiz rol oynamışdı.
"XXI əsrin başlanğıcında Azərbaycan, onun müstəqil, qurub-yaratmaq eşqi ilə fəaliyyət göstərən xalqı belə görünür. Onu bizlərə bəxş edən Ulu Öndərimiz Heydər Əliyevdir" deyən mühazirəçi professor əlavə etdi ki, Azərbaycan xalqı zaman-zaman tarixin amansız sınaqlarından başıuca çıxmışdır:"Azərbaycan və onun xalqı tarixin amansız sınaqları ilə çox üzləşmiş, müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında maraqlı və ziddiyyətli bir tarix yaratmışdır. Onun yaxşısı da, pisi də bizimdir. Dünya birliyində Azərbaycan bayrağının ucalması, Azərbaycan dilinin mötəbər kürsülərdə səslənməsi, özü də Ulu Öndərimiz Heydər Əliyevin ecazkar nitqində vüqarla səslənməsidir. Böyük neft və qaz müqavilələrinin bağlanması, "Bakı-Tbilisi-Ceyhan" neft, Bakı-Ərzurum qaz kəmərlərinin çəkilməsi, dünya ölkələrinin Azərbaycan reallığını təsdiq etməsi, nəhayət, Azərbaycan intibahının çiçəklənməsi illəri kimi yadda qalacaqdır". Siyasi məşğələnin sonunda professor V.Əliyev məşğələlərdə iştirak edən fəal gənclərin bu amildən olan müxtəlif suallarını cavablandırdı.