PDF Oxu

Əsas

  • 21

“24 aprel erməni soyqırımı" cəfəngiyyatdan başqa bir şey deyil

“24 aprel erməni soyqırımı" cəfəngiyyatdan başqa bir şey deyil
Milli Məclisin Elm və Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədris metodikası kafedrasının müəllimi Taleh Cəfərov "Səs"ə açıqlamalarında qondarma erməni soyqırımı məsələsinə tarixin öz qiymətini verdiyini bildirdilər.
Milli Məclisin Elm və Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bizimlə söhbətində ermənilərin xəyalpərvər yazılarından başqa, bütün ciddi elmlə məşğul olan alimlərin həmişə "erməni soyqırımı" adında belə bir hadisənin olmadığını söylədiklərini vurğuladı. Qeyd etdi ki, bu gün gündəmə gətirilən məsələ erməni uydurmalarının nəticəsidir. "1920-ci illərdən başlayaraq, ermənilərin millətçilik hərəkatlarına start verildi. Bu hərəkatlarda isə, həmişə olduğu kimi, dünyanın bölüşdürülməsində maraqlı olan böyük güclərin təsiri olub. 1920-ci-1930-cu illər sovet dönəminə düşdüyünə görə müəyyən qədər millətçiliyə qarşı mübarizə gedişində bu məsələ bir qədər səngimişdi. Lakin bununla yanaşı, yenə də xaricdə yaşayan ermənilər hər zaman bu xəyalpərvər ideyadan öz məqsədləri üçün istifadə etməyi belə xüsusi maraqlı olublar. 1915-ci ildə Birinci Dünya müharibəsinin gedişində Türkiyədə mövcud olan Osmanlı dövlətinin təbəələri olan ermənilər arxa cəbhədə satqınçılıqla məşğul olublar. Məhz ona görə də, Osmanlı hökuməti məcburiyyət qarşısında qalaraq, erməniləri cənuba köçürüb. Bu köçürmə prosesi isə sistemli şəkildə, öz qaydasında həyata keçirilib. Köçürmə prosesində müəyyən problemlər yaşansa da, konkret məqsəd ermənilərə qarşı "soyqırımı" həyata keçirməkdən ibarət olmayıb. Türkiyənin burada başlıca məqsədi özünə qarşı arxadan vurulan zərbənin qarşısını almaqdan ibarət idi" deyə N.Cəfərov ermənilərin bu iddialarına nə Atatürk, nə də ondan sonrakı dövrlərdə Türkiyə hökuməti tərəfindən heç bir cavab verilmədiyini də diqqətə çatdırıb. Eyni zamanda, Türkiyə tərəfi bu məsələ ilə bağlı uzun müddət heç bir reaksiya vermədiyinə görə, ermənilər isə, sonradan mürtəce hərəkətlərini genişləndirdikdən sonra arxivlər açıldı və tədqiqatlar aparıldı deyən N.Cəfrov bu tədqiqatlarda da ermənilərin uydurmalarının tam əsassız olduğunun sübut edildiyini bildirdi. "Türk alimləri isə son on ildə əhəmiyyətli dərəcədə çox ciddi araşdırmalar apardılar. Bu araşdırmalardan bir faktı misal çəkmək olar ki, ermənilərin təqdim etdikləri, guya 1915-ci ildə köçürülmə hərəkatı dövründə adları qeyd olunan bir çox sayda erməninin adları, soyadları və sənədləri 1916-1917-1918-ci illərdə rəsmi şəkildə başqa-başqa yerlərdən çıxıb. Halbuki onları ermənilər 1915-ci ilin aprel hadisələrində ölmüş kimi qələmə vermişdilər. Tarixi faktlara əsaslanaraq, onu demək olar ki, ermənilər ilk əvvəl 1915-ci il hadisələrində 500 min, 1 milyon, 1,5 milyon sonradan isə, az qalırlar ki, desinlər ki, 3 milyon erməni "qətlə" yetirilib. Amma bir həqiqəti unutmaq olmaz ki, əgər həmin vaxt 1,5 milyon erməni öldürülmüş olsaydı, bu gün dünyada bir-iki nəfər erməni qalmış olardı" deyə N.Cəfərov əlavə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədris metodikası kafedrasının müəllimi Taleh Cəfərov da bizə verdiyi dəqiq bilgilərdə erməni iddialarının, əslində, heç bir fakta əsaslanmadığını dilə gətirdi. Bildirdi ki, 1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra Türkiyə hökumətinə rəhbərlik edən Ənvər Paşa ordu komandanı Tələt Paşaya göstəriş vermişdi ki, Qarsda, Vanda və İqdırda baş vermiş erməni terrorunun səbəb və nəticələrini araşdırsın və bunun nəticələrinin müəyyənləşdirilməsi üçün bir komisssiya yaratsın. Hətta "27 may qanunnaməsi adlanan bir qanun da, imzalandı ki, ermənilərin Şərqi Anadoludan imperiyanın ucqar vilayətlərinə köçürülməsi, xüsusilə, Suriya və Mesopotamiya ərazilərində yerləşdiriməsi ilə bağlı konkret göstərişlər verildiyini deyən T.Cəfərov bu qanunnamədə ölkəni ağır vəziyyətdən çıxarmaq üçün xəyanətə yol vermiş hər bir qruplaşmanın imperiyanın ucqarlara köçürülməsi planının öz əksini tapdığını söylədi. "Məhz 1915-ci ildə 27 mayda ermənilərin və digər etnik qrupların Osmanlı imperiyasının ucqar rayonlara köçürülməsi haqqında verilmiş qanunnamədə bütün məsələlər də öz əksini tapmışdı. Beləliklə də, Şərqi Anadolu ərazisində yaşayan və ruslarla işbirliyinə gedən terrorçu erməni və onların ailə üzvləri Suriya və Mesopotamiya ərazilərinə köçürülməyə başlanıldı. Hətta onların köçürüləcəyi ərazilərdə də yaşayış məskənləri salındı. Sonradan isə qondarma 24 aprel məsələsini ona görə "soyqırımı" günü kimi ermənilər tərəfindən qeyd edildi ki, həmin gün Osmanlı hökuməti tərəfindən missioner təşkilatların üzvləri və onların aparıcı nümayəndələri həbs edilmişdi. Məhz 24 aprel günü 2443 nəfər missioner təşkilat üzvü həbs edildi. Ona görə də ermənilər öz rəhbərlərinin həbs olunduğu günü soyqırımı günü, yəni "millət"in sınan günü kimi qeyd etməyə başladılar. Amma sonrakı dövrdə ümumi Osmanlı arxiv sənədlərində 790 min nəfərin müharibə ocağından Suriya və Mesopotamiya ərazisinə köçürüldü ki, bunların da 400-450 min nəfərini ermənilər təşkil edirdilər. Yəni bu onu göstərir ki, burada ermənilərdən başqa, digər etnik qruplaşmalar da olmuşdur. Sonradan, yəni 1916-cı ildə Arno Tombi tərəfindən "Mavi kitab" yazıldı ki, burada da 1,5 milyon erməninin məhz həmin köçürülmə zamanı guya məhv edildiyi ilk dəfə dünya ictimaiyyətinə yalan formasında yayılmağa başladı. Amma tarixi sənədlərdə isə 790 min nəfər həmin vaxt Osmanlı imperiyasının bir ərazisindən digər ərazisinə köçürülməsinə dair konkret sənədlər var. Bunun da 450 minini ermənilər təşkil edirdi. Bütün bunların davamı olaraq 1919-cu ildə Osmanlı hökuməti tərəfindən "geri dönüş" haqqında qanun imzalandı. Demək olar ki, həmin vaxt imperiyanın ucqar vilayətlərinə köçürülmüş həmin vətəndaşların 80 faizi yenidən əvvəlki ərazilərinə qaytarıldı" deyə T.Cəfərov bildirdi. Onun dediyinə görə, 20 faiz geri qayıtmayan əhali oradakı vəziyyətin çətin olduğunu əsas gətirib köçməkdən imtina etdiyini bildirmişdi. Məhz bu "geri dönüş" palanından imtina edərək Osmanlı ərazilərini tərk etmişlərin sonradan bir sıra Avropa ölkələrində əks-təbliğatla məşğul olmağa başladıqlarını söyləyən T.Cəfərov uydurma iddiaların da onlar tərəfindən daha çox səsləndirildiyini diqqətə çatdırdı.

Digər xəbərlər