Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderimiz Heydər Əliyevin 88-ci ildönümü ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunur. Bu tarixi günlə bağlı ictimaiyyətin fikirlərini qəzetimiz vasitəsilə diqqətinizə çatdırırıq.
Tahir Süleymanov:
Millət vəkili,
- Ümummilli Liderimizin doğum günü ərəfəsində bir araya gələrək, bu böyük şəxsiyyət barədə fikirlərimizi bölüşərkən, bir daha hiss edirik ki, Dahi Öndər Heydər Əliyev haqqında nə qədər ibrətamiz fikirlər deyilsə də, yenə də nəyi isə yaddan çıxarmış oluruq. Bax, bu hiss, bu fikir neçə illərdir ki, yaranır və bunun özü Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əlçatmaz bir zirvə olduğunu göstərir.
Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü təkcə ölkə vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının əziz bayramı kimi təntənə ilə qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır. Ulu Öndərimiz mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövləti qurmağı bacardı. Təsadüfi deyil ki, Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub. Bu gün Azərbaycan dövlətinin və xalqının qazandığı nə qədər nailiyyətlər varsa, onların hamısının müəllifi yalnız Heydər Əliyevdir. Bu baxımdan da, Ulu Öndərin siyasi irsinin Azərbaycanda öyrədilməsi ən vacib məsələlərdəndir. Necə ki, bütün bəşəriyyətə böyük töhfələr vermiş böyük şəxsiyyətlərin tərcümeyi-halı, fəaliyyət istiqamətləri, həyata keçirilən işlər qiymətləndirilir və bunlar dünya ictimai fikirində həmişə öz təsirini göstərmiş olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son yeddi ildə görülən işlər əyani şəkildə göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin ideyaları yaşayır və xalqın rifahını təmin edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı Ulu Öndərin ruhu qarşısında mənəvi borcu sayır. Bütövlükdə, son yeddi il ərzində müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan xalqının qarşısında duran vəzifələri belə müəyyənləşdirmişdir: "Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün iş görmək, Azərbaycanı müasir güclü ölkəyə çevirmək".
Rauf Əliyev:
Millət vəkili
- Dərin zəka sahibi olan Ümummilli Liderimiz Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsi olmaqla, şanlı epoxa təşkil edir. Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. Çünki mübağiləsiz demək olar ki, keçən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın müasir tarixinin bütün mərhələləri, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının qurulması, respublikada hərbi kadrlar yetişdirən hərbi liseyin yaradılması məhz müstəqil Azərbaycanın bugünkü inkişafı üçün nəzərdə tutulmuş addımlar idi. Hər bir azərbaycanlı çalışmalıdır ki, yeni böyüyən nəslin yaddaşında Böyük Öndərimizin xalqımız qarşısında gördüyü xidmətlər əbədi olaraq həkk olunsun, onlar məhz Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda böyüsün.