PDF Oxu

Əsas

  • 11

Azərbaycanın gələcəyinin sahibləri gənclərdir

Azərbaycanın gələcəyinin sahibləri gənclərdir

Ölkəmizdə gənclər siyasətinin, onların sosial-məişət problemlərinin həllində, gənclərin asudə vaxtlarının səmərəli təşkilində əldə olunan yüksək nailiyyətlərdən bəhs edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva ölkəmizin hər yerində olduğu kimi, Sabunçu rayonunda da gənclərin aparıcı mövqeyə malik olduğunu bildirdi. Təşkilat sədri ölkə gənclərinin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursa uyğun olaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi əzəmətli layihələrə həmişə böyük dəstək olduğunu gənclərin diqqətinə çatdırdı.
Tədbirdə, həmçinin, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci və dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr edilmiş Sabunçu rayon məktəbliləri arasında inşa yazı olimpiadasının qaliblərinə mükafatlar və fəxri diplomlar verildi. Eyni zamanda, YAP sıralarına daxil olan bir qrup gəncə də partiya biletləri təqdim edildi.
Daha sonra Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək gəncləri salamladı və ilk növbədə, YAP sıralarına yeni qəbul olan gəncləri təbrik etdi. Qeyd etdi ki, YAP sıralarına daxil olan gənclər öz həyatlarında ən düzgün qərarlarından birini qəbul ediblər. YAP sırasında olmaq özünün siyasi taleyini Azərbaycanın bu möhtəşəm siyasi partiyası ilə bağlamağın həm ictimai-siyasi fəallıq nöqteyi-nəzərindən, həm də şəxsi maraqlar və özünü ifadə etmək baxımından kifayət qədər düzgün bir qərar olduğunu söyləyən Ə.Əhmədov bu qərarı qəbul edən gənclərin özlərini ifadə etmək üçün ən əlverişli mühitin yalnız Yeni Azərbaycan Partiyasında yaradıldığını diqqətə çatdırdı: "Yəqin ki, gənclərimiz bu qənaətdədir ki, YAP bugünkü Azərbaycan gəncliyinin həyat mövqeyini həm müəyyənləşdirməkdə, həm də ifadə etməkdə onlara ən düzgün yol göstərə biləcək əzəmətli siyasi təşkilatdır, Azərbaycanın yaxın keçmişini, bugününü və gələcəyini özündə ifadə edən əzəmətli bir partiyadır. Gənclər də, öz növbəsində, YAP-ın tarixi ideyaları bugünü və gələcəyi ilə bağlı kifayət qədər geniş məlumata və aydın təfəkkürə malikdirlər. YAP-ın gücü, əzəməti, hər şeydən əvvəl, ilk növbədə, onun istinad etdiyi ideyalara və prinsiplərə söykənir. YAP-ın yaradıcısı Ulu Öndərimiz Heydər Əliyev bu partiyanın formalaşmasının elə əzəmətli və əbədiyaşar prinsiplərini müəyyənləşdirmişdir ki, o prinsiplərə istinad edən partiya mövcud olduğu bütün dövrlərdə həm üzvlərinin, həm də, bütövlükdə, Azərbaycan xalqının Ona bağladığı, bəslədiyi ümidləri doğrulda bilib. YAP yarananda Azərbaycan vətəndaşları o zaman ölkəmizin yaşamış olduğu bəlalardan, təlatümlərdən xilas etməyi düşünürdülər və bu partiya insanların bütün arzu və istəklərinin ifadəçisi idi. Bu partiyanı yaradan Ulu Öndər Heydər Əliyevlə bağlı bütün niyyətlər Azərbaycanda sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsi ilə əlaqədar idi. Ona görə də, ruh yüksəkliyi ilə deyə bilərik ki, YAP 1992-ci ildə yarandıqdan sonra qısa bir zaman çərçivəsində Ulu Öndər Heydər Əliyev xalq tərəfindən Azərbaycanın Prezidenti seçildi və bu partiyanın ideya əsaslarını təşkil edən bütün vəzifələrin icra edilməsi imkanı qazanıldı. Təbii ki, Azərbaycan xalqının həm Ulu Öndər Heydər Əliyevə, həm də Onun yaratdığı partiyaya olan ümidləri həyata keçirilməyə başladı. Beləliklə də, ölkəmizdə sabitlik, əmin-amanlıq, dinclik təmin edildi. İnsanları narahat edən bütün qalmaqallar və təhlükəli proseslər tədricən Ulu Öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində aradan qaldırıldı. Azərbaycanda bu gün də davam edən sabitlik, əmin-amanlıq, dinclik təmin edilmiş oldu. Bu müstəvidə insanların gözlədiyi digər işlər də həyata keçirilməyə başladı. İqtisadi tənəzzül aradan qaldırıldı, iqtisadi islahatlar həyata keçirilməyə başladı. Azərbaycanın xarici siyasətində o zaman yaşanmış olan çətinliklər Azərbaycanı qonşu ölkələrlə və digər dövlətlərlə normal münasibətləri bərpa edildi. Bu da ölkəmizin bütövlükdə islahatlar yolunda irəliləyişinə, beynəlxalq dəstəyin olmasına gətirib çıxardı. Ölkəmizin bugünkü sürətli inkişafının əsasını təşkil edən və Ulu Öndər Heydər Əliyev dühasının məhsulu olan neft strategiyası müəyyənləşdi və o zaman çoxları üçün dəf edilməsi bəlkə də təsəvvür edilməyən çətinliklərin hamısı aradan qaldırıldı. Beləliklə də, ölkəmizdə neft strategiyası reallaşdı. Bu gün Azərbaycan neft strategiyasının həyata keçirilməsindən həm böyük gəlir əldə edir ki, bu da iqtisadiyyatın, sosial həyatımızın inkişafına ciddi əsaslar yaradır". Ə.Əhmədov bu gün dünyanın Azərbaycana olan marağının içərisində ən əhəmiyyətlisi və əzəmətlisi, təbii ki, Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olan ölkə olması ilə əlaqədar olduğunu da diqqətə çatdırdı. Bildirdi ki, bütün bunların reallaşması Azərbaycanın belə reytinqə, imicə malik olması, təbii ki, birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin qurduğu neft strategiyası ilə əlaqədardır. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ideya əsaslarını təşkil edən bütün bu prinsiplər əzəmətli milli vəzifələr ardıcıl surətdə həyata keçirildi və Azərbaycan tamamilə yeniləşmiş bir ölkəyə çevrildiyini söyləyən Ə.Əhmədov Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın adında ifadə olunan bu məfhumu özündə əks etdirən bütün gözləntilərin də reallığa çevrildiyini qeyd etdi. Bu gün də Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalarla sürətlə inkişaf edir. 2003-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqının yenə də Ulu Öndər Heydər Əliyev ideyalarını və müəyyənləşdirdiyi siyasəti dəstəkləməsi onunla ifadə olundu ki, Ümummilli Liderin ən layiqli davamçısı olan İlham Əliyev xalqın dəstəyini qazanaraq Prezident seçildi. "Ən əsası odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-sosial siyasət ölkəmizin sürətli və əzəmətli inkişafını təmin etmiş oldu" - deyən YAP-ın Sədr müavini Ə.Əhmədov Azərbaycanın analoqu olmayan tərzdə iqtisadiyyatının yüksəldiyi, dünyada çox az-az rast gəlinən iqtisadi inkişaf nümunəsi olduğunu vurğuladı. YAP İcra katibi Azərbaycanda insanların rifahının yüksəldilməsi, yaşayış səviyyəsinin dəyişdirilməsi, bütövlükdə, həyat səviyyəsinin və həyat tərzinin yeniləşdirilməsi istiqamətində də çox böyük layihələrin həyata keçirildiyini gənclərin diqqətinə çatdırdı: "Bu gün Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial həyatımızın inkişafı ilə yanaşı, eyni zamanda, Azərbaycanın simasının dəyişdirilməsinə yönəldilmiş, bütövlükdə, ölkəmizin müasirləşməsi və modernləşməsini özündə ehtiva edən əzəmətli Prezident siyasəti uğurla həyata keçirilməkdədir. Bunun sayəsində ölkəmiz, demək olar ki, bütünlüklə yeniləşir.

Bakıdan başlayaraq ölkəmizin bütün bölgələrində və guşələrində Azərbaycanın siması dəyişir. Müasir bir Azərbaycan gözlərimizin önündə yüksəlməkdədir. Bu, təkcə küçələrin gözəlləşməsi, yeni yolların çəkilməsi deyil, həm də, ölkəmizin çiçəklənməsi ilə əlaqədardır. Beləliklə də, bu uğurlu siyasətin əhəmiyyətli ifadəsi insanların yaşayışının tamamilə dəyişməsində özünü göstərir. Ona görə də Azərbaycan vətəndaşları qətiyyətlə Ulu Öndər Heydər Əliyev siyasətini, Onun yaratdığı partiyanı və Onun həyata keçirdiyi ideyaları reallığa çevirən ölkə Prezidenti İlham Əliyevi qətiyyətlə dəstəkləyir. Çünki Azərbaycan vətəndaşları aydın şəkildə dərk edirlər ki, Ulu Öndər Heydər Əliyev siyasəti bu vaxta qədər Azərbaycana xidmət etdiyi, ölkəmizdə inkişafın və sabitliyin əsasını təşkil etdiyi kimi bu gün də inkişafın fundamental amili kimi çıxış edir. Təbii ki, buna istinad edən hər bir Azərbaycan vətəndaşı, ölkəmizin gələcəyini Ulu Öndər Heydər Əliyev siyasəti ideyaları ilə əlaqələndirir. Bu isə, o deməkdir ki, Azərbaycan vətəndaşları ölkəmizin gələcəyini, eyni zamanda, Yeni Azərbaycan Partiyasında görürlər. Bu isə həm YAP-ın, həm də bu partiya sıralarında cəmləşmiş insanların üzərinə kifayət qədər şərəfli vəzifələr qoyur. Güman edirəm ki, həm YAP, həm də bu partiyanın təəssübkeşi olan Azərbaycan vətəndaşları bu məsuliyyəti və vəzifələri dərk edir, həm də onun həyata keçirilməsinə hazır olduğunu ifadə edirlər". Ə.Əhmədov YAP sıralarında 500 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdırdı. "Bu vaxta qədər Azərbaycan tarixində bu sayda insanı öz sıralarında birləşdirən YAP qədər güclü ikinci siyasi bir partiya mövcud olmayıb. Hətta sovet hakimiyyəti dönəmində, birpartiyalılıq mövcud olduğu zamanlarda belə bu sayda partiya üzvü olmamışdı. YAP isə ölkəmizdə çoxpartiyalılıq sistemində 20 ildən az bir müddətdə belə bir müsbət göstəriciyə nail olubdur. Güman edirəm ki, bunun ən mühüm səbəbləri sırasında Ulu Öndər Heydər Əliyev ideyalarının, faktorunun bu gün partiyamızın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən dəsətəklənməsini göstərmək lazımdır. YAP Azərbaycan vətəndaşları tərəfindən məhz bu keyfiyyətdə dərk edilir, qavranılır və qəbul edilir. YAP sıralarında olanlar Azərbaycanın yüksək intellektə, böyük vətənpərvərlik duyğularına, ölkəmizin inkişafı üçün hər bir fədakarlığa hazır olan insanlarıdır. Məhz bu insanların fədakarlığı YAP-a yaxından bağlılığı, partiyaya, partiya ideyalarına, Onun Yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir. Biz inanırıq ki, YAP-ın gücü getdikcə artacaq, bu partiyaya Azərbaycan vətəndaşlarının inamı daha da güclənəcək, partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı rolu daha da möhkəmlənəcək, Azərbaycanın gələcək inkişafını təmin edən amil olaraq fəaliyyət göstərəcək. Onu da vurğulayım ki, bu gün YAP sıralarında kifayət qədər gənclər də təmsil olunur. Partiyamızın üzvlərinin 40 faizi, təxmini 200 mindən çox yüksək bilikli, müasir dünyagörüşlü Azərbaycan gəncləri təmsil olunur. Bu, YAP-ın kifayət qədər maraqlı, onları cəlb edən təşkilat olduğundan xəbər verir. YAP özünün siyasi taleyini bu partiya ilə bağlamış hər bir gəncin özünü ifadə etməsi üçün mümkün olan imkanları yaratmağı əsas borcu hesab edir. Çünki Azərbaycanın gələcəyi bugünkü gəncliyin əlindədir. Bugünün gəncliyi Azərbaycanın gələcəyini təmin etməlidir. Bütövlükdə, həyata keçirdiyimiz işlərin mərkəzində məhz bu prinsip dayanır. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2011-2015-ci illəri əhatə edən Gənclərin İnkişafı Dövlət Proqramı hazırlanır. Bu Proqramda Azərbaycan gəncliyinin inkişafını təmin edən ən ümdə vəzifələr öz əksini tapacaqdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin vacib istiqamətlərindən biri Azərbaycanın müasirləşməsi, modernləşməsidir. Çünki ölkə Prezidentinin istəyi Azərbaycanı müasir bir dövlətə çevirməkdən ibarətdir. Təbii ki, Azərbaycan dünya birliyinin bir parçasıdır. Dünya isə çox böyük sürətlə inkişaf edir. Çox böyük yeniliklər meydana gəlməkdədir. Bütün bunların hamısına, sürətli yeniləşmə prosesinə Azərbaycan da hazır olmalıdır" deyən Milli Məclisin üzvü Ə.Əhmədov Azərbaycanın modernləşməsi siyasətini həyata keçirməklə Prezident İlham Əliyevin həm də Azərbaycanın maddi dəyərlər və tələblər baxımından sürətli inkişafının vəzifəsini həyata keçirdiyini söylədi. Eyni zamanda, Azərbaycan hökuməti bu prosesdə, bu əzəmətli vəzifənin həyata keçirilməsində gənclərimizin yaxından iştirak etməsini nəzərdə tutur. Çünki Azərbaycan gəncləri ölkənin demoqrafik qrupunda üstünlük təşkil edən ölkələr sırasındadır. "20 il ərzində Azərbaycan əhalisi 2 milyon nəfər artıbdır. Bu, o deməkdir ki, gənc insanlar Azərbaycanın demokrafik qrupunda əhəmiyyətli zümrəni təşkil edir. Digər bir tərəfdən gənclərimiz müasir dünya görüşünə, yüksək biliklərə yiyələniblər"- deyən Ə.Əhmədov bütün bunların hamısının, gənclərin Azərbaycanın inkişafında çox əzəmətli bir güc olduğunu ortaya qoyduğunu bildirdi. "Partiyamız və dövlətimiz də, bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə, ondan səmərəli şəkildə istifadə etmək yolunu seçibdir. Eyni zamanda, gənclərin özlərinin də, marağı onların inkişafı üçün imkan və şəraitin yaradılması, gənclərin özünü ifadə etməsi üçün lazım olan bütün amillərin təmin edilməsi də düşünülmüş siyasətin həyata keçirilməsinin əsasında dayanır. Azərbaycanın gələcəyinin sahibləri gənclərdir. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar"- deyə vurğulayan Milli Məclisin üzvü Ə.Əhmədov bu gün müxalifətin radikal qanadının bir sıra gəncləri öz ətraflarına çəkmək üçün müəyyən vasitələrdən istifadələrə cəhdlər etdiklərini də diqqətə çatdırdı. Qeyd etdi ki, mart və aprel aylarının əvvələrində bir neçə dəfə ölkədəki mövcud ictimai-siyasi sabitliyin pozulması məqsədilə kütləvi aksiyalar adı altında küçə yürüşlərinə cəhdlərin göstərilməsi və xüsusilə də gənclərdən bu niyyətlərin həyata keçirilməsi üçün istifadə edilməsi Azərbaycan gəncliyinin, YAP sıralarında olan gənclərin diqqət mərkəzində olan məsələlərdəndir. "Çünki YAP demokratiyanın, insan haqlarının hər kəsin öz istəyini, düşüncələrini sərbəst şəkildə ifadə etməsini fundamental dəyərlər kimi həm qəbul edir, həm də onların həyata keçirilməsi üçün imkanlar yaratmış olur. Azərbaycan nə qədər inkişaf etsə, qüdrəti daha da artsa, bunun faydasını hər bir vətəndaşımız görəcək. Bir faktı da qeyd edim ki, 1990-cı illərin əvvələrində Azərbaycanda ictimai-siyasi sabitlik çox ciddi şəkildə pozulmuşdu. Bunun da əziyyətini hər bir Azərbaycan vətəndaşı çəkirdi. İnsanlar küçələrdə sərbəst şəkildə gəzə bilmirdilər. Valideynlər öz övladlarını məktəbə yola salanda, onların məktəbdən evə qayıdıb-qayıtmayacağına ümidli deyildilər. Çünki o zamankı hakimiyyət universitetlərin qarşısında dərsdən çıxan oğlan uşaqlarını, heç bir hərbi hazırlıq olmadan qaynar döyüş nöqtələrinə göndərirdilər. Bu da, öz növbəsində, ağır nəticələrə gətirib çıxarırdı. Bu gün isə ölkəmizdə möhkəm dövlətçilik ənənələri formalaşdırılıb ki, bu da istənilən məsələdə ən doğru addımın atılmasını diqtə edir. Ona görə də, ölkəmizin, xalqımızın bugünü, sabahı və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının məfkurəsi, düşüncəsi, idealları Azərbaycan inkişafına bağlıdır. Azərbaycan inkişafı isə hər bir vətəndaşın həyatının yeniləşməsi və yaxşılaşması deməkdir. Bu gün YAP gəncləri ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmək imkanı əldə etməklə yanaşı, həm də özlərini təsdiq edə bilirlər"- deyə əlavə edən Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin bundan sonra daha da güclənəcəyinə öz əminliyini ifadə etdi.
YAP Sabunçu rayon gənclər birliyinin idarə heyətinin üzvü Lamiyə Cavadova çıxış edərək Azərbaycan gəncliyinin rifahına, tərəqqisinə və yüksəlişinə həsr olunmuş bu cür səmimi görüşlərin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ilə yanaşır, onların sosial problemlərinin həlli, qarşıya çıxan məsələlərin yoluna qoyulması istiqamətində görmüş olduğu işlərin əzəməti olduqca təqdirəlayiqdir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ölkədəki gənclər siyasətinin bu gün ən yüksək səviyyədə davam etdirildiyini bildirən L.Cavadova artıq Azərbaycan gəncliyinin özünün layiqli yolunu müəyyən etdiyini də gənclərin diqqətinə çatdırdı.
YAP Sabunçu rayon GB-nin idarə heyətinin üzvü Məhəmməd Əsədov da çıxışında ölkəmizdə gənclərin rolundan, onların ictimai-siyasi proseslərdəki aktivliyindən bəhs etdi. Bildirdi ki, bu gün müasir düşüncəli Azərbaycan gəncliyi öz sağlam gələcəyinin istiqamətlərini müəyyənləşdirərək, qəti qərarını verib, ona görə də, müəyyən vasitələrdən istifadə etməklə gəncləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi doğru yoldan çəkindirməyin qeyri-mümkün olduğunu söyləyən M.Əsədov müasir düşüncəli Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini də vurğuladı.
Tapdıq Qurbanlı

Digər xəbərlər