PDF Oxu

Əsas

  • 27

“İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət"

“İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət"
Aprelin 24-də akademik Zərifə Əliyeva adına orta məktəbdə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan məktəblilərin "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" adlı inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirildi.
Müsabiqənin açılışında iştirak edən təhsil naziri Misir Mərdanov bildirdi ki, inşa müsabiqəsi 2007-ci ildən etibarən keçirilir. Müsabiqədə, bir qayda olaraq, ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri, peşə liseylərinin şagirdlərinin iştirak etdiyini deyən M.Mərdanov vurğuladı ki, builki müsabiqənin məktəb və rayon mərhələlərində 700 minədək məktəbli iştirak edib. O, söylədi ki, qaydalara görə, hər rayon və şəhərin müsabiqədə, sinfindən asılı olmayaraq, bir nəfər təmsil edir: "Builki müsabiqədə peşə liseylərinin şagirdləri də daxil olmaqla 97 nəfər məktəbli yekun mərhələdə iştirak edir. Onlardan 20-si oğlan, 77-i isə qızdır. Yekun mərhələ iştirakçılarının müsabiqə işləri Təhsil Nazirliyində yaradılan komissiya tərəfindən yoxlanılıb qiymətləndiriləcək. Müsabiqənin nəticəsində I, II və III, həmçinin, həvəsləndirici yerlərə layiq olanlar mükafatlandırılacaqlar. İnşa yazılar bir neçə gün ərzində nazirlik tərəfindən müəyyən olunmuş ekspertlər tərəfindən qiymətləndiriləcək. Sonra şagirdlərin yazısı kitabça halında çap olunacaq. Son mərhələnin qalibləri may ayının əvvəlində elan ediləcək. Ötən il olduğu kimi, yekun mükafatlandırma tədbirinin mayın 6-da "Gülüstan" sarayında təşkili nəzərdə tutulub ki, qaliblərə xüsusi mükafatlar, "tərifnamə"lər veriləcək. İnşa yazı qaliblərinə Təhsil Nazirliyi ilə yanaşı, Yeni Azərbaycan Partiyası təqaüd, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası isə müxtəlif hədiyyələr təqdim edəcək".
Sonra isə şagirdlərə mövzu təqdim olundu və onlar "İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət" mövzusunda yazıları yazmağa başladılar.
Tədbir zamanı bir sıra məsələlərə aydınlıq gətirən təhsil naziri M.Mərdanov dərsliklərlə də bağlı məsələyə aydınlıq gətirdi: "Bu gün dərsliklərdə səhv yox, qüsur və nöqsanlar olur. Dünyada ideal heç bir şey yoxdur, o cümlədən, insanlar, dərslik də ideal ola bilməz. Hər dərsliyə insanların öz yanaşmasının olduğunu deyən təhsil nazirinin sözlərinə görə, biri bunu səhv, digəri nöqsan, başqa birisi isə düz hesab edə bilər. Son illər Azərbaycanda dərslik hazırlığında çox böyük işlər görülüb. Həm dərsliyin məzmunu ilbəil təkmilləşir, yenişləşir, həm də poliqrafik keyfiyyəti yaxşılaşır. Ancaq istisna deyil ki, dərslik də bir qrup insanların təxəyyülünün nəticəsi olduğuna görə, burada da müəyyən səhv və nöqsan ola bilər. Biz ilbəil bunları aradan qaldırırıq. Bu istiqamətdə çox ciddi addımlar atılır. Əlbəttə, dərsləri hazırlayan və qiymətləndirənlər bu məsələdə məsuliyyət daşıyır. Hamı dərsliyin keyfiyyətinə görə mənə baxır. Ancaq mən nə dərslik hazırlayan, nə də yazanam. Bu işlərə görə əsas dərsliyi çap edən nəşriyyat və qiymətləndirənlər məsuliyyət daşıyır".
Qeyd edək ki, tədbirdə YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri Səttar Mehbalıyev də iştirak edib.

Digər xəbərlər