PDF Oxu

Əsas

  • 26

Dövlət büdcəsinin yenidən hesablanması...

Dövlət büdcəsinin yenidən hesablanması...

Artıq bildiyimiz kimi, may ayında dövlət büdcəsinə yenidən baxılması mövzusu ətrafında Azərbaycan Respublikası Milli Məclisində müzakirələrin aparılması gözlənilir. Bu, eləcə də, bir sıra millət vəkilləri və ekspertlər tərəfindən zəruri hal kimi də dəyərləndirilməkdədir. Məsələn, verilən proqnozlara görə, dövlət büdcəsinə 2 milyarda yaxın vəsait əlavə olunacaq. Hökumətin may ayında yenidən dövlət büdcəsinə baxacağı və yeni müzakirələr aparacağı, onu da təsdiq edir ki, həmin büdcəyə əlavə və dəyişikliklərin olması zərurətdən doğan amil kimi dəyərləndirilir. Həm iqtisadçılar, həm də parlamentdə fəaliyyət göstərən deputatlar dövlət büdcəsinə yenidən baxılması, sənədə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı hökumətə təkliflər paketi ünvanlayır, qarşılıqlı olaraq, öz tövsiyə və məsləhətlərini bölüşürlər. Bu, eyni zamanda, onun göstəricisidir ki, 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqlarının, eləcə də, pensiyaların artırılması üçün maliyyə mənbələri mövcuddur.

Neftin bahalaşması dövlət büdcəsinə daxilolmaları artırıb

Bəlli olduğu kimi, büdcədə 1 barrel neftin qiyməti 60 dollar nəzərdə tutulub. Hazırda isə dünya bazarında Azərbaycan neftinin qiyməti 120 dollardır. Cari ilin birinci rübü üçün Azərbaycan neftinin orta qiyməti 90 dollardan yuxarı olub. Deməli, ilin ilk üç ayında neftin orta qiyməti dövlət büdcəsindən nəzərdə tutulandan təxminən 50 faiz çox olub. Millət vəkili Əli Məsimovun fikrincə, bu, təbii ki, dövlət büdcəsində profsitin yaranmasına gətirib çıxarır:" Büdcədə profsitin yaranması və büdcə gəlirlərinin artması səbəbindən dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaranıb. Nəzərə alsaq ki, ilin birinci rübü ərizində dövlət büdcəsinin mədaxili 2 milyard 768 milyon manat olub, bu, o deməkdir ki, büdcəyə nəzərdə tutulduğundan 18 faiz artıq daxilolmalar var. Bu, 2010-cu ilin birinci rübü ilə müqayisədə təxminən 13,2 faiz çoxdur. Birinci rübdə Vergilər Nazirliyi 1 milyard 161 milyon manat vergi yığıb. Bütövlükdə, vergi daxilolmaları 2010-cu ilin birinci rübi ilə müqayisədə 15 faiz və ya 150 milyon manat artıqdır. Artıq dövlət büdcəsinə daxilolmalar artıb, bu isə birbaşa neftin dünya bazarında qiymətinin qalxması ilə bağlıdır".

Büdcəyə əlavə olunacaq vəsaitlərin hesabına əhalinin sosial müdafiəsi daha da yaxşılaşdırılacaq

Digər iqtisadçı-ekspert Vüqar Bayramov isə belə hesab edir ki, 2011-ci ildə əmək haqlarını minimum 10 faiz artırmaq mümkündür:"Bu da birbaşa dövlət büdcəsindən profisitin yaranması ilə bağlıdır. İlin birinci rübündə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmalar 19 faiz artmaqla 521 milyon manata çatıb. Bu, o deməkdir ki, ilin birinci rübündə DSMF-ə nəzərdə tutulandan 83 milyon manat daha çox vəsait yığılıb. Eyni zamanda, sosial sığorta haqları üzrə də artımlar müşahidə olunub".
Sosial sığorta üzrə artımlar 15 faiz və ya 35 milyon manat təşkil edib. Dövlət sığortası üzrə fonda 270 milyon manat vəsait ödənilib. Qiymətləndirilmələrə görə, Prezident İlham Əliyevin tapşırdığı kimi, əhalinin pensiyalarının yenidən hesablanması ilə pensiya alanların məvaciblərini təxminən 40 faiz artırmaq mümkündür.

Digər xəbərlər