PDF Oxu

Əsas

  • 23

Yeni Azərbaycan Partiyasının gəncləri daha bir yaşıllıq aksiyasını uğurla başa çatdırdı

Yeni Azərbaycan Partiyasının gəncləri daha bir yaşıllıq aksiyasını uğurla başa çatdırdı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakının Səbail rayonu ərazisində yerləşən "Bayıl yamacı" massivində yaşıllaşdırma aksiyası keçirildi. Ağacəkmə aksiyasında Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Milli Məclisin deputatları, partiyanın Bakı şəhər rayon təşkilatlarının fəalları iştirak etdi.
Qeyd edək ki, yaşıllaşdırma aksiyası çərçivəsində yeni ağac və bəzək kolları əkilib, qurumuş ağaclar kəsilib və ərazidə abadlıq işləri aparıldı. YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov yaşıllaşdırma aksiyası ilə bağlı məlumat verərək, bildirdi ki, hər il olduğu kimi, bu gün də ərazidə 3 minə qədər müxtəlif növ ağac və bəzək kolları əkiləcək.
Ə.Əhmədov, həmçinin, onu da vurğuladı ki, YAP-ın təşəbbüsü ilə belə tədbirlərin paytaxtın digər ərazilərində də davam etdiriləcək: "Ağacəkmə kampaniyası, həmçinin, radikal müxalifət gənclərinin çaxnaşma yaratmalarına cavab olaraq həyata keçirilir. Bütövlükdə, bu yaşıllıq zonası Yeni Azərbaycan Partiyası tərəfindən salınıb. Bura, həmçinin, Yeni Azərbaycan Partiyasının bağı adlanır. Partiyamızın gəncləri çağırışımızla buraya gəliblər. Azərbaycan gəncləri ölkə Prezidentinin abadlıq-quruculuq siyasətinə imkanları daxilində dəstək verir. Güman edirəm ki, Azərbaycanın gənc vətəndaşlarının belə bir həyat mövqeyi, ölkəmizin inkişafına dəstək vermək niyyətləri təqdirəlayiqdir. Arzu edərdim ki, Azərbaycanda fəaliyyət göstərən bütün partiyaların gəncləri ölkənin inkişafına xidmət göstərsinlər. Bir neçə gün bundan əvvəl bəzi partiyaların gəncləri küçələrə çıxıb polislə qarşıdurma yaratmağa cəhd edirdilər. Amma Yeni Azərbaycan Partiyasının gəncləri bütün ölkə gənclərinə nümunə göstərirlər ki, gənc Azərbaycan vətəndaşları ölkəmizin inkişafına xidmət etməlidirlər".
Milli Məclisin vitse-spikeri Bahar Muradova da keçirilən tədbirin böyük əhəmiyyət daşıdığını söylədi: "Keçirilən ağacəkmə kampaniyası YAP-ın ardıcıl fəaliyyətinin növbəti hissəsini təşkil edir. Düşünürəm ki, bu addımlarımızla, eyni zamanda, cəmiyyətə bir çağırış etmiş oluruq. Hər kəs ətraf mühitə sağlam münasibətin formalaşmasında yaxından iştirak etməlidir. Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü alqışlayıram və ümid edirəm ki, ardıcıllarımız daha da çoxalacaq. Biz bu işdə bundan sonra da iştirak edəcəyik. Belə kampaniyalar şəhərin daha gözəl, rahat bir şəhərə çevrilməsinə imkan verir. Bu, o deməkdir ki, təbiətlə insan arasında çox gözəl harmoniya var. Hər ikisi gözəllik, Bakımızın yaşıllaşması və insanlar üçün daha rahat şəhərə çevrilməsi üçün çalışmağa imkan verir. Ona görə də mən bu aksiyanı YAP-ın ardıcıl bir fəaliyyətinin növbəti mərhələsi hesab edirəm. Düşünürəm ki, biz bu addımlarımızla, təbiətə olan münasibətimizlə və ətraf mühitə olan münasibətimizlə cəimiyyətə bir çağırış edirik. Bu şəhər bizimdir, bu şəhərin gözəlliyi və imkanlarından da biz yararlanırıq".
B.Muradova hər bir kəsin bir ağac əkməsini həmin insanların öz ölkəsinə məhəbbəti kimi vurğuladı: "İnsan heç olmasa, bir ağac əkməlidir. Ümummilli Liderimiz Heydər Əliyev bu barədə də ardıcıl işlər aparırdı. Aparılan bugünkü işlər də həmin siyasətin davamıdır. Bu gün ölkə başçısı ekologiyanını yaxşılaşdırılması istiqamətində siyasətini ardıcıl surətdə həyata keçirir və Azərbaycan getdikcə gözəlləşir, yaşıllaşır və bu gün bütün ölkə miqyasında bu tədbirlər həyata keçirilir. Hara getsəniz bu günlər belə canlanma, gözəl əhval-ruhiyyə şəraitində insanların işlədiyini görərsiniz. Bu da Ulu Öndərimizin arzularının, ideyalarının çiçəklənməsi deməkdir. Əminəm ki, bu gün əkilən körpə fidanlar gələcəkdə qollu-budaqlı ağaclar olacaq və bu ağacların ətrafa verdiyi gözəllik, yaratdığı əhval-ruhiyyə daha yaxşı işləmək və yaşamaq üçün insanları ruhlandıracaq".
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da deyilənlərə qoşularan vurğuladı ki, bu kampaniya YAP-ın qurucu olduğunu bir daha göstərir: "YAP hər il Ulu Öndərimizin doğum günü ərəfəsində yaşıllaşdırma kampaniyası həyata keçirir. Ötən il Azərbaycanda "Ekologiya ili" idi, bu il isə "Turizm ili"dir. Dövlət başçısı bildirib ki, "Turizm ili" elan olunsa da, ekoloji tədbirlər davam etdirilməlidir. Unutmamalıyıq ki, ekoloji məsələlər, ətraf mühitin mühafizəsi ilə bağlı nəzərdə tutulan proqramlar ardıcıl olaraq həyata keçirilməlidir. Çünki ekoloji tarazlığın qorunması, bütövlükdə, ümumbəşəri xarakter daşıyır. Ona görə də, YAP-ın saldığı bu bağ bizim partiyanın ətraf mühitin qorunmasında göstərdiyi ən yaxşı nümumnələrdən biridir. Bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətin maraqlarına xidmət edən işlər görür. Eyni zamanda, bu ağacəkmə kampaniyası dağıdıcılıqla məşğul olan radikal qüvvələrə bir cavabdır. Biz onlara göstəririk ki, biz qururuq, siz isə nəinki qurmaq, heç ideya vermək imkanına da malik deyilsiniz".

Digər xəbərlər