"Gənc Heydərçilər" İctimai Birliyi radikal müxalifətə etirazını bildirib
Dünən "Gənc Heydərçilər" İctimai Birliyi son günlər ölkəmizdə radikal müxalifət tərəfindən ictimai siyasi sabitliyi pozmağa yönəlmiş təxribat cəhdlərinə etiraz olaraq mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbiri açan İctimai Birliyin sədri Nəsimi Qədirov radikal müxalifətin ölkədə xarici təşkilatların maliyyə dəstəyi ilə ictimai-siyasi sabitliyi pozmağa yönələn hərəkətlərini pisləyib.
O bildirib ki, Azərbaycan gəncliyi ölkədə gedən inkişafın memarı olan Prezident İlham Əliyev ətrafında sıx birləşməlidirlər. N.Qədirov qeyd edib ki, hər bir insanın müxalifətdə olması mümkündür, amma öz xalqına qarşı müxaliftədə olmaq vətənə xəyanətdir.
İctimai Birliyin ideoloji məsələlər üzrə müavini Sahil Hacıyev demokratik cəmiyyətdə insanların öz fikirlərini bildirməsinin normal qarşılandığını, amma verilən hüquq və azadlıqların başqalarının əleyhinə olmasının qəbuledilməzliyini dilə gətirib. O, söyləyib ki, Azərbaycan gənclərinin çoxu nəyin düz, nəyin səhv olduğunu başa düşsələr də, bəziləri pozucu qüvvələrin nəzarəti altına düşürlər: "Azərbaycan gəncliyi sabitlik istəyir, gənclər normal təhsil almaq istəyir, amma özlərini radikal müxalifət adlandıran qüvvələr onları auditoriyalardan icazəsiz aksiyalara çağırırlar".
Birliyin humanitar məsələlər üzrə müavini Babək Budaqlı bildirib ki, radikal qüvvələr ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərsələr də bu alınmayacaq. O, vurğulayıb ki, 1990-cı illərin əvvəllərində qeyri-sabitliyin acı nəticələrini görən xalq daha o günlərə qayıtmaq istəmir.
Sonda İctimai Birliyin Azərbaycan gənclərinə ünvanladığı və əvvəlki toplantıda qəbul etdiyi müraciət oxunub.