PDF Oxu

Əsas

  • 23

Azərbaycan xalqı öz Prezidentinə inanır

Azərbaycan xalqı öz Prezidentinə inanır
Bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulmasına dair səsləndirilən fikirlərə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu bəyanatların heç bir əsası yoxdur.
"Azərbaycanda sərbəst toplaşmaq, azad düşünmək, söz və mətbuat azadlığı, informasiya fəaliyyəti ilə məşğul olmaq- bunların hamısı Azərbaycanın konstitusion normalarıdır. Bu institutların fəaliyyəti üçün Azərbaycanda hər cür şərait yaradılıb və Azərbaycanın demokratik dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir", - Əli Həsənov deyib.
Prezident Administrasiyasının rəsmisi təəssüf edir ki, beynəlxalq təşkilatlar bəzən mahiyyətinə varmadan, ayrı-ayrı subyektiv mənbədən daxil olan informasiyanın nəticəsində belə rəylər verirlər: "Əgər nəzərdə tutulursa ki, qanunsuz aksiyaların qarşısı alınıb, bu, belədir və gələcəkdə də belə olacaq.
Azərbaycan hüquqi dövlətdir. Burada hüquqi normalar hər şeydən üstün tutulur. Qanuni aksiyalara dövlət şərait yaradır, həmin aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunur, qeyri-qanuni aksiyaların isə qarşısı alınıb, alınır və bundan sonra da alınacaq.
Buna görə də beynəlxalq təşkilatlar gərək bizə qarşı bu və ya digər çağırışlarda olmasınlar. Ancaq real şəkildə Azərbaycanda bu fundamental hüquqlar məhdudlaşdırılsa, buyursunlar, bu məsələni müzakirə edək".
Əli Həsənovun sözlərinə görə, Azərbaycanda bəlli yerlərdə, şəhər nəqliyyatının, şəhər əhalisinin hərəkətini, dinamik şəhər həyatının ahəngini pozmayan yerlərdə belə aksiya keçirilməsinə şərait həmişə yaradılıb, bundan sonra da yaradılacaq.
"Azərbaycanda hər hansı seçkinin olmadığı bir zamanda bəzi müxalifət partiyalarının "fəallaşmaq" cəhdləri hansı amillərlə bağlı ola bilər" sualının cavabında isə Prezident Administrasiyası rəsmisi qeyd edib ki, onlar cəmiyyətin tələbatından, sosial sifarişdən deyil, ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsirindən çıxış edərək, bugünkü mitinq cəhdlərinə qalxıblar: "Faktiki olaraq, onlar bilirlər ki, bu gün Azərbaycanda hakimiyyətə qarşı hər hansı ciddi aksiyalar keçirməyə, hakimiyyət çevrilişinə nail olmağa və yaxud hansısa şəkildə hakimiyyətə gəlməyə heç bir sosial dayaqları, sosial sifarişləri və əhalinin onları dəstəkləyəcək birliyi yoxdur.
Sadəcə olaraq, onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında bu işləri həyata keçirirlər və sonda bu, onların məğlubiyyətinə gətirib çıxarır, belə də olmalıdır", - Əli Həsənov bildirib.

Digər xəbərlər