"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" kitabı işıq üzü görüb
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timurçin Əfəndiyevin "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" kitabı nəfis şəkildə çapdan çıxıb.
İlk səhifəsi Ümummilli Liderimiz Heydər Əliyevin "Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir" müdrik kəlamı ilə açılan, Ulu Öndərin çoxcəhətli mədəniyyət nəzəriyyəsinin təhlilinə həsr olunmuş kitabda müəllif tarixilik prinsipinə əsaslanaraq, dünya şöhrətli siyasi xadimin mədəniyyət konsepsiyasını şərh etməyə çalışıb.
Müəllif yeni kitabında belə bir fikri metodoloji əsas kimi götürür ki, Ulu Öndər Heydər Əliyev istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşıb.
Ümumilikdə, "Heydər Əliyevin irsi milli sərvətimizdir" başlıqlı girişdən, 6 fəsildən - "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", "Ümummilli Liderin ədəbi irs təlimi", "Azərbaycan teatrının böyük hamisi", "Milli kino sənətimizə tükənməz qayğı", "Rəssam duyumlu müdrik insan - Heydər Əliyev" və "Musiqi aləmindən dünyaya baxış" fəsillərindən ibarət 259 səhifəlik kitabda Ulu Öndərin milli-mənəvi xəzinəmiz olan adət və ənənələrimiz, dini inanclarımız, ədəbiyyatın, incəsənətin müxtəlif sahələri ilə bağlı söylədiyi müdrik fikirlər yer almışdır. Nəşrdə, həmçinin, Ümummilli Liderimiz Heydər Əliyevin sənət adamları ilə unudulmaz görüşləri, onlara göstərdiyi diqqət və qayğı geniş əksini tapıb.
Yeni kitab elmi-konseptual xarakterdə olduğundan tədqiqatçı-alimlər, ziyalılar, tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulub.