PDF Oxu

Əsas

  • 19

Sarkisyan bəşəriyyətə və insanlığa qarşı qətliamlar həyata keçirib

Sarkisyan bəşəriyyətə və insanlığa qarşı qətliamlar həyata keçirib
Məlum olduğu kimi, bütün beynəlxalq qurumlar və dövlətlər tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyü tanınır və dəstəklənir. Lakin bununla belə Liviya lideri Müəmmər Qəddafiyə qarşı tətbiq olunmuş qərarın icrası az zaman kəsiyində yerinə yetirilsə də, Azərbaycanın ərazisinin 20%-i 20 ildir erməni işğalındadır, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün şəraitində yaşayır, amma dünya birliyi susmağa üstünlük verir. Sanki ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi kar və kordurlar. Heç nə görmür və eşitmirlər. Azərbaycan Dağlıq Qarabağın tarixi həqiqətlərini yetərincə bütün dünyaya çatdıra bilir. Özlərini plüralizmin, müasirliyin mənbəyi kimi bütün dünyaya təqdim edən beynəlxalq aləm öz çıxardığı qətnamə və qərarları, birmənalı olaraq icra etməyə borcludur.
Millət vəkili Zahid Oruc bu məsələ ilə bağlı qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, BMT-nin qəbul etdiyi qərar və qətnamələri həyata keçirmək üçün, bilavasitə, işlək mexanizmlər də yaradılıbdır. BMT ya işğalçı tərəfi sülhə məcbur etməklə bu prosesi tənzimləyə bilər, ya da ona çox əsaslı formada ciddi təzyiq göstərə bilər. Bunun üçün də nəzərdə tutulan məlum sənədlərdə konkret müddəalar müəyyənləşib. Əgər tərəfləri sülh danışıqları ilə yola gətirmək mümkün olmasa, dərhal həmin şərtlər qeyd-şərtsiz işə düşməlidir. Hava məkanının nəzarətə götürülməsi, silahların alınıb satılmasına qadağa rejiminin işə düşməsi, ümumiyyətlə, embarqo prinsipləri ilə qarşı tərəfi BMT sülhə məcbur edə bilər. Əgər son nəticə uğurlu alınmasa, ikinci mexanizm işə düşə bilər.
Millət vəkili qeyd etdi ki, beynəlxalq güc lazım gələndə öz rolunu dərhal göstərir və bunun Ermənistana qarşı da münasibətdə tətbiq olunmasını tələb edirik. Sarkisyan Qəddafidən daha böyük cinayətkardır. Azərbaycan Respublikasının rəsmiləri bu məsələ ilə bağlı öz fikirlərini bildirirlər və BMT-nin 4 qətnaməsinin icra olunmasını tələb edirlər.
Zahid Oruc əlavə etdi ki, əgər BMT qətnamələri icra olunmasa, təcavüzkar Ermənistan cəzalandırılmasa, o dövlətə embarqolar qoyulmasa, daha böyük dəhşətlərə yol açıla bilər. İllərlə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi zərurətdir. İndiyə qədər atdığı bütün addımlarda Azərbaycan bir dövlət olaraq, hər zaman konstruktivlik nümayiş etdirir.
Z. Oruc əlavə etdi ki, beynəlxalq hüquq normalarına görə, Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalmış dövlətdir. Ermənistan beynəlxalq ictimaiyyəti də çaşdırmaq istəyir ki, guya "sülhpərvər" dövlətdir, danışıqların aparılmasında olduqca maraqlıdır, ikili oyunlar oynamır və müharibə deyil, məhz sülh variantına üstünlük verir. Ona görə də, Ermənistanın belə bir ikiüzlü oyunu sayəsində danışıqların da heç bir nəticəsi olmur.
Millət vəkili Dağlıq Qarabağda separatçı rejimin olmadığını vurğuladı. Ortada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsi var. Separatçı rejim o halda olur ki, ölkənin bir hissəsi mərkəzi hakimiyyətə tabe olmaq istəmir və beynəlxalq dünya ilə birbaşa təmasda olur. Dağlıq Qarabağ və ətraf zona Ermənistan tərəfindən işğal edilibdir. Beynəlxalq birlik sanki öz missiyasını başa çatmış hesab edir. Beynəlxalq güc lazım gəldikdə, Qəddafi, Səddam rejiminə çox güclü təsir və güc tətbiq edə bilir. Amma Ermənistana qarşı çox "mülayim" siyasət yürüdür, sanki işğala məruz qalan Ermənistandır. Azərbaycan dövlətinə qarşı olan ədalətsizliyə, haqsızlığa bir növ göz yumurlar.
Millət vəkili, xüsusi olaraq, onu da bildirdi ki, bütün haqsızlıqlara, ədalətsizliklərə, ikili oyunlara baxmayaraq, Azərbaycan dövləti istənilən halda işğal olunmuş torpaqlarını geri qaytaracaq, məcburi köçkün və qaçqın adını daşıyan insanlar öz doğma yurd-yuvalarına geri qaytarılacaq. İqtisadiyyatı günbəgün inkişaf edən dövlətimiz buna tam qadirdir.
Millət vəkili sonda onu da bildirdi ki, Azərbaycan xalqı heç zaman öz ərazilərinin itkisi ilə barışmayacaq. Beynəlxalq təşkilatlar, dövlətlər üzərlərinə götürdüyü sülh yolu missiyasını həyata keçirməkdə qərarlı deyillərsə, sözsüz ki, Azərbaycan xalqının ərazilərini öz gücü, Silahlı Qüvvələrinin imkanları ilə azad etməkdən başqa seçim imkanı qalmır.

Digər xəbərlər