Azərbaycan mayeləşdirilən qazı Ukrayna ərazisinə ixrac etməkdə maraqlıdır
Dünən Bakıda Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun birgə ilk iclası işə başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək iclasın gündəliyinə bir sıra əhəmiyyətli məsələlərin müzakirəsi daxil edilib.
İlk növbədə toplantıda Xəzər regionundan yüngül neftin Ukraynaya və Ukrayna ərazisindən tranzitlə üçüncü ölkələrə nəqli məsələsi müzakirə olunub. Bundan başqa, iclasın gündəliyinə "Sarmatia" layihəsi çərçivəsində Avrasiya Enerji Dəhlizi layihəsi çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi və maye qazın Ukraynaya nəqli sahəsində əməkdaşlıq və ümumilikdə birgə layihələrin, o cümlədən Ukraynada maye qaz terminalının tikintisi layihəsinin perspektivləri kimi məsələlərin müzakirəsi daxil edilib.
İclasda çıxış edən Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov iki ölkə arasında mövcud olan münasibətlərə toxunub. O, qeyd edib ki, Azərbaycan neft-qaz sektorunda inkişaf edən ölkə olduğuna görə, hasil olunan karbohidrogen ehtiyatlarını yeni bazarlara ixrac etmək istəyir. Bu zəmində Azərbaycan tərəfi mayeləşdirilən qazı Ukrayna ərazisinə ixrac etməkdə maraqlıdır. Onun sözlərinə görə, Ukrayna tərəfi 2015-ci ilə kimi Azərbaycandan 2 milyard kubmetr maye qaz almağı planlaşdırır.
Ukraynanın Energetika nazirliyində neft, qaz, torf, neft istehsaletmə və alternativ enerjinin əldə edilməsi məsələləri üzrə departamentinin rəhbəri Kiryuşin İqor Vladimiroviç isə çıxışında Ukrayna tərəfinin Azərbaycan ilə Gürcüstanın Kulevi neft terminalında maye qaz terminalının tikintisi çərçivəsində də əməkdaşlığa hazır olduğunu deyib. Belə ki, terminal Azərbaycan qazının Rumıniyaya tədarükünü nəzərdə tutan AGRI layihəsi çərçivəsində tikiləcək.