"2011-ci il aprelin 1-nə Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə nisbətən 13,3 faiz artaraq 25 milyard 796,9 milyon dollar olub"
Dünən Azərbaycan Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov 2011-ci ilin birinci rübünün yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan iqtisadiyyatının son illər sürətlə inkişaf etdiyini diqqətə çatdıran Ş.Mövsümov DNF-in cari ilin birinci rübünün gəlir və xərcləri barədə hesabatını açıqlayıb. Bildirib ki, birinci rübdə qurumun büdcə gəlirləri 3 milyard 259,6 milyon manat, büdcə xərcləri isə 1 milyard 399,6 milyon manat təşkil edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən gəliri 62 milyon manat olub.
Bu ilin yanvar-mart aylarında DNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 197,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 77,6 milyon manat, "Şahdəniz-1" mərhələsi üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 16,3 milyon manat, tranzit gəlirləri 1,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 milyon manat olub.
Hesabat dövründə DNF-in 2011-cu il büdcəsinin icrası çərçivəsində 1 milyard 330 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvafiq olaraq 39 milyon manat və 2,3 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə DNF-dən 3,3 milyon manat vəsait ayrılıb. 2,2 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2011-ci ildə DNF-in idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat olacaq.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəlirləri 423,4 milyon manat təşkil edib.
2011-ci il aprelin 1-nə DNF-in aktivləri ilin əvvəlinə (22 milyard 766,8 milyon ABŞ dolları) nisbətən 13,3 faiz artaraq 25 milyard 796,9 milyon dollara bərabər olub.