"Müxalifətin müəyyən qanadı radikallığı həyat tərzinə çevirib"
"Aprelin 17-də qarşıdurmanın baş verməməsi və 2 aprelin təkrarlanmaması üçün yalnız bir məsələ - qanuna hörmətlə yanaşmaq tələb olunur". Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə "Media forum" saytına açıqlamasında belə deyib. Aydın Mirzəzədə bildirib ki, aprelin 12-də mətbuatda Vaşinqton merinin Konqresin binası qarşısında bir qrup insanla qanunsuz aksiya keçirdiyinə görə həbs olunması haqda məlumat oxuyub: "Dünyanın ən demokratik ölkələrindən birində polis paytaxtın rəhbərini qanunsuz aksiya keçirdiyinə görə həbs edib. Mən soruşmaq istəyirəm ki, nəyə görə Azərbaycanda hakimiyyət orqanları ilə razılaşdırılmamış yerdə mitinq keçirmək olar, amma ABŞ-da yox? Bu sualım həm müxalifət liderlərinə, həm də onlara dəstək verən xarici ölkələrin Azərbaycandakı səfirliklərinədir. Məsələyə yanaşmada ikili standartın olduğu aydın görünür. Çox istərdim ki, müxalifət liderləri kiminsə tapşırığını yerinə yetirdiklərinin fərqində olsunlar. Bunun cəmiyyətimizin, müxalifət liderlərinin də daxil olduğu Azərbaycan xalqının maraqlarına cavab vermədiyini başa düşsünlər".