PDF Oxu

Əsas

  • 19

Ötən dövr ərzində həyata keçirilən siyasət Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olub

Ötən dövr ərzində həyata keçirilən siyasət Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olub
Prezident İlham Əliyevin rəhbərliyi ilə irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da artmasına, davamlı inkişafın sürətlənməsinə və xalqın maddi rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Ölkə iqtisadiyyatının modernləşdirilməsi, diversifikasiya siyasətinin dərinləşməsi bütün sahələrdə dinamizmin təmin olunmasına və yeni inkişaf proqramlarının reallaşmasına əlverişli zəmin yaradıb.
Bir sözlə, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin sosial-iqtisadi qüdrətini artırmaqda və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik, mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentlərini təşkil edib. Ötən dövr ərzində həyata keçirilən siyasət Azərbaycanın maliyyə imkanlarının daha da yaxşılaşmasına səbəb olub. Kapital resurslarının həcmini artıran Azərbaycan hökuməti valyuta gəlirlərini, ilk növbədə, xalqın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi ilə bağlı davamlı proqramların icrasına yönəldib. Dövlət başçısı respublikamızın maliyyə imkanlarının daha da güclənəcəyinə əminliyini ifadə edərkən vurğulayıb: "Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. Əldə olunan əlavə maliyyə mənbələri, ilk növbədə, sosial sahələrə, yəni əhalinin maaş və pensiyalarının, təqaüdlərin, ünvanlı yardımların həcminin artırılmasına yönəldilir. 2010-cu ildə də bu siyasət davam etdiriləcək".
Qeyd edək ki, aprelin 12-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyalarının artırılması tapşırığını verib. Bu sahədə müəyyən ədalətsizlik olduğunu vurğulayan ölkə başçısı onu da bildirib ki, 2006-cı ildən sonra tətbiq olunmuş yeni qaydalara əsasən, 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. Dövlət başçısının pensiyaçıların təminatının yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqları "Səs"ə şərh edən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu mövzu 2006-cı ildən cəmiyyətdə geniş müzakirə olunur və ödənişlərdə olan kəskin fərq haqlı iradlara səbəb olurdu: "Bu məsələ ondan ibarət idi ki, 2006-cı ilə qədər pensiyaya çıxanların pensiya ödənişləri 2006-cı ildən sonra çıxanların pensiya ödənişlərindən bəzən hətta 70-100% fərqlənirdi. Bu, özünü əsasən müəllimlərin pensiya təminatında kəskin şəkildə göstərirdi. Məsələn, 2006-cı ildən əvvəl pensiyaya çıxan professor 2006-cı ildən sonra pensiyaya çıxan müəllimdən az pensiya alır".
Prezidentin tapşırığından sonra həm hökumətdə, həm də qanunvericilik orqanında işlərin başladığını deyən H.Rəcəblinin sözlərinə görə, yaxın vaxtlarda 2006-cı ilədək pensiyaya çıxmış insanlara verilən ödənişlərdə kəskin artım olacaq: "Bu, son zamanlar sosial-müdafiə sahəsində atılan ciddi addımlardan biridir. Mən şəxsən bu problemlə tez-tez rastlaşırdım, bu sahədə müəyyən bürokratik əngəllərlə üzləşirdik. Vəsait çatışmazlığı və s. kimi çoxsaylı bəhanələr gətirilirdi. Nəhayət, dövlət başçısı buna son qoydu və təxminən yarım milyard manata yaxın maliyyə tutumu olan sosial-müdafiə yönümlü ciddi bir addım atıldı. Mən şəxsən peşəkar siyasətçi və sosial problemlərlə məşğul olan mütəxəssis kimi dövlət başçısının bu addımını çox cəsarətli və müdrik hesab edirəm. Bu, bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin dövlət quruculuğu modelində insan amili öndə gedir".
Komitə sədri dövlət başçısının bu göstərişinin pensiya alan 1 mln. 300 min nəfərin 900 min nəfərdən çox hissəsinə şamil olunacağını xatırlatdı.

Digər xəbərlər