Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş keçirilib
Dünən Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JFDCO) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və İordaniya tərəfdən rəsmi şəxslərlə yanaşı, 50-ə yaxın sahibkar iştirak edib.
Qonaqlar tədbirdən əvvəl Bakı Biznes Mərkəzində təşkil edilən ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar. Sərgi eləcə də burada nümayiş olunan ölkə təqdimatı, interaktiv məlumat lövhəsi, Azərbaycan məhsullarının elektron kataloqu, ölkəmizin investisiya mühiti və biznes imkanlarına həsr olunmuş xüsusi məlumat toplusu qonaqlar tərəfındən maraqla qarşılanıb.
Sonra Azərbaycan və İordaniya iş adamları arasında işgüzar görüş başlayıb. Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda prezident İlham Əliyev tərəfındən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib. O bildirib ki, Azərbaycan və İordaniya arasında əlaqələrin gücləndirilməsi işgüzar əlaqələrin daha da genişlənməsinə zəmin yaradıb. Onun sözlərinə görə, Azərbaycanla İordaniya arasında əlaqələr günü-gündən inkişaf edir və prezidentlər arasındakı dostluq münasibətləri bu inkişafa təkan verir. İki dövlət başçısının qarşılıqlı səfərləri zamanı investisiya təşviqi, iqtisadi , texniki və digər sahələrdə müqavilələr imzalanıb.
Azərbaycan və İordaniya arasında işgüzar əməkdaşlığın inkişaf etdiyini qeyd edən nazir Şahin Mustafayev əlaqələrin daha da genişlənməsi üçün potensial imkanların olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən yararlanmaqla iordaniyalı iş adamları qeyri-neft sektorunda müxtəlif layihələrin icrasında iştirak edə bilərlər.
İordaniyanın sənaye və ticarət naziri Hani Əl-Mülki iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, hazırda xalqların rifahı, işlərin irəliyə doğru irəlilıəməsinə stimul yaradan biznes və sahibkarlığın inkişaf etdirilməsinə ehtiyac var. Biznes xidmətləri göstərərək mütərəqqi fəaliyyət üsulları, sərmayə imkanlarının yaradılması xüsusi sektorun rolunun gücləndirməsinə imkan yaradır: "Davamlı inkişaf olmadan uyğun mühiti yaratmaq çətindir. Bu gün İordaniya bazarlarının bütün dünyada yaradılması əsas diqqət mərkəzində durur. İnanırıq ki, bu bazarı Azərbaycanda da yaratmağa nail olacağıq".
Tədbirin davamında çıxış edən AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizdəki biznes və investisiya imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. İordaniya Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) icraçı direktoru Yarub Qudah iordaniyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini vurğulayıb, sahibkarlar arasında əlaqələrin genişləndirilməsində işgüzar görüşlərin əhəmiyyətini qeyd edib. Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Tədbir iş adamları arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İordaniya Haşimilər Krallığının Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.