Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq genişlənir
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin başçılıq etdiyi nümayəndə heyətini Çankaya köşkündə qəbul edib. Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdırmışdır. Abdullah Gül də özünün səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunmuş, bu əlaqələrin gələcəkdə də uğurla davam edəcəyi vurğulanıb. Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələri Baş qərargahının rəisi, ordu generalı İşık Koşanerlə də görüşüb. Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak edib.