PDF Oxu

Əsas

  • 12

İkili standartlara son qoyulmalıdır, çünki...

İkili standartlara son qoyulmalıdır, çünki...
BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan ərazilərinin erməni silahlı qüvvələrinin boşaltmasına dair 4 qətnamə (822, 853, 874, 884) qəbul edib. Lakin indiyə qədər nə işğalçı dövlət Ermənistan qətnamələrin icrasını yerinə yetirməyib.
Amma nəzərə almaq lazımdır ki, Liviyada Qəddafi rejiminə qarşı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etdi və çox qısa müddət ərzində bu qətnamənin icrası həyata keçirildi. 18 ildir Azərbaycanın işğal altında olan ərazilərinə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə çıxarılıb, lakin indiyə qədər icrası həyata keçirilməyib.
Bu məsələ ilə bağlı YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qəzetimizə verdiyi açıqlamasında hansısa bir dövlətə qarşı ikili standartların olmasının yaxşı hal olmadığını bildirdi: "Təbii ki, dövlətlərə münasibətdə ikili yanaşma doğru deyil. İşğalçı ilə işğala məruz qalan dövlətə qarşı fərqli münasibət olmalıdır. Əgər hansısa bir ölkəyə qarşı tətbiq olunan sanksiyaların icrası həyata keçirilirsə, o zaman Ermənistana qarşı da icra olunmalıdır".
Millət vəkilinin sözlərinə görə, BMT-nin strukturuna nəzər salsaq, görərik ki, bu təşkilata üzv olan hər bir ölkə qurumun qəbul etdiyi qətnamə və qərarları icra etməyə borcludur. Çünki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərar və qətnamələr BMT-nin üzvü olan bütün ölkələr üçün məcburi xarakter daşıyır.
Mübariz Qurbanlı BMT Təhlükəsizlik Şurasının dünyada sülhün və təhlükəsizliyi qorumaq üçün güc mexanizmindən də istifadə etmək səlahiyyətinə malik olduğunu qeyd etdi: "Çıxarılmış qərar və qətnamənin icrasını yerinə yetirməyən ölkələrə qarşı müxtəlif formalarda sanksiyalar, embarqolar tətbiq edilə bilər, ən son mərhələdə isə, hərbi gücdən istifadə oluna bilər".
Millət vəkili bu sanksiyaların, embarqoların işğalçı dövlət adını daşıyan Ermənistana qarşı tətbiq olunmasına zərurət olduğunu bildirdi: " Çünki işğalçı dövlət cəzasız qaldıqca daha da azğınlaşır. Səddam, Qəddafi rejiminə qarşı tətbiq olunan qətnamələr Sarkisyan rejiminə qarşı da tətbiq olunmalıdır. Ermənistan başqa bir dövlətin ərazisini işğal edib. Nəyə görə, Ermənistan həmişə beynəlxalq qurumların təsir və təzyiqlərindən kənarda qalır? Beynəlxalq qurumlarla yanaşı, böyük dövlətlər də Ermənistana qarşı təzyiq rıçaqlarından istifadə etmirlər. Bu, Azərbaycan dövlətinə qarşı çox haqsız və ədalətsiz mövqedir. Bu haqsızlığa dünya birliyi hələ də dözür".
M.Qurbanlı BMT-də ikili standartların yaranmasının kökündə BMT daxili ziddiyyətlər durduğunu vurğuladı və bildirdi ki, çox təəssüf ki, ikili standartlar hələ də davam etməkdədir.
Millət vəkili onu da əlavə etdi ki, ABŞ, Qərb dövlətləri BMT-də qəbul edilən qərar və qətnamələrin icrasını öz maraqlarına uyğun gəldikdə yerinə yetirir, gəlmədikdə ikili standartlardan çıxış edirlər.
Azərbaycan dövlətinin bu cür ikili standartlardan əziyyət çəkdiyini bildirən millət vəkili onu da qeyd etdi ki, tək Azərbaycan deyil, bir sıra ölkələrə qarşı da bu tip ikili standartlar tətbiq olunub. Ümumiyyətlə, haqlı və haqsız ölkələr arasındakı bərabərliyə, bu tip ikili yanaşmalara son qoyulmalıdır.
Millət vəkili onu da bildirdi ki, əslində, Ermənistan çox kiçik, aciz və cılız bir dövlətdir. İqtisadiyyatı tamamilə məhv olub: "İqtisadiyyatı məhv olan dövlətin isə, ümumiyyətlə, hərbi bazası, potensialı heç vaxt ola bilməz. Başqa dövlətlərin köməyi, yardımı hesabına yaşayan "cırtdan" bir dövlət heç zaman Azərbaycan kimi güclü, qüdrətli bir dövlətlə rəqabət apara bilməz. Əgər bu gün BMT Ermənistana qarşı ciddi təzyiq göstərərsə, erməni silahlı qüvvələri çox keçmədən Azərbaycanın işğal altında olan ərazilərini qeyd-şərtsiz boşaldarlar.

Digər xəbərlər