PDF Oxu

Əsas

  • 25

İğtişaşlar törətməyə hesablanmış müxalifət mitinqləri

İğtişaşlar törətməyə hesablanmış müxalifət mitinqləri
Son günlər "aktiv fəaliyyət" imitasiyaları ilə ictimaiyyət arasında "rəy" formalaşdırmağa cəhd edən radikal müxalifət düşərgəsinin "başbilənləri" ölkə daxilində cərəyan edən ictimai-siyasi sabitliyi yenidən pozmağa səy göstərməkdədirlər. Müxalifətin məlum 11-12 mart uğursuzluğu (burada radikalların baş tutmayan iğtişaşları və sosial baza kasadlıqları nəzərdə tutulur.-R.R.) və 19 mart biabırçılıqları, ümumiyyətlə, onların hansı səviyyədə "müxalifət mənsubları" olduqlarını tam çılpaqlığı ilə sərgiləmiş olur.
Buradan bir daha aydın olur ki, kimliyindən və hansı müxalifət partiyasının "lideri" olmasından asılı olmayaraq, radikal düşərgə mənsubları sözügedən imitasiyaları ilə öz xarici ağalarına yarınmağı, bu yarınmaqlarla beş-on dollar pul qoparmağa çalışırlar.
Mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir daha vurğulayıb ki, ölkədəki sabit ab-havanı pozmağa cəhdlər göstərən, bunun üçün "dəridən-qabıqdan" çıxan radikal müxalifət "liderləri" müəyyən öhdəliklər qarşılığında xarici anti-Azərbaycan qüvvələrə nökərçilik edirlər: "İğtişaşlar yaratmaq istəyən şəxslər xarici qüvvələr tərəfindən qızışdırılıblar. Onlar icazəsiz mitinq keçirməklə aranı qatmaq və qarşıdurma yaratmaq İstəyirlər. Onların məqsədləri ondan ibarətdir ki, həmin qarşıdurmanı çəksinlər və onları maliyyələşdirən xarici təşkilatlara həmin maliyyəni hara sərf etdiklərini göstərsinlər".
Millət vəkilinin açıqlamasına şərh verərkən, onu da ifadə etmək mümkündür ki, müxalifətdə olduqları dövrlərdən bu günə qədər demək olar ki, bütün seçkilərdə rüsvayçı məğlubiyyətlərə məruz qalan radikal müxalif "liderləri" hər zaman xalqın səsinə möhtac qalıblar. Lakin Azərbaycan xalqı bunların "hansı yuvanın quşu" olduqlarını çox gözəl bildiyi üçün daim postseçki və seçki ərəfələrində radikal ünsürlərdən imtina ediblər. Çünki sözügedən siyasətbazların yürütdükləri "siyasət xətti" xəyanət üzərində qurulub, bu gün də belədir. Və əslində, bir neçə nəfər tanış-tunuşunu başına yığıb aksiya keçirməklə onlar özləri-özlərinə bir növ təskinlik vermək məqsədini də daşıyırlar. Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, aksiya keçirməyə cəhd edənlər özləri də bilirlər ki, heç bir seçkidə nailiyyətləri olmayıb, səs qazana bilməyiblər: "Onlar həmişə azad və ədalətli keçirilən seçkilərdə məğlub olublar. İctimaiyyət tərəfindən onlara dəstək yoxdur. Odur ki, beş-altı adam ortaya düşüb ara qatmaqla məşğuldur".
Qeyd etmək yerinə düşərdi ki, özlərini müxalifət yazarları kimi təqdim edən "qələm sahibləri" əsil reallıqları kağız üzərinə köçürmək əvəzinə, öz peşə fəaliyyətlərini başqa vasitələrlə kölgədə qoyurlar, ictimaiyyəti həqiqətlərdən yayındırırlar. Yəni partiyalarına məxsus qəzet redaksiyalarında oturmaq yerinə, icazəsiz aksiyalardakı elektorat qıtlığını "malalamaq" üçün küçələrə səpələnirlər. Eləcə də, ictimai asayişi pozmaqla yanaşı, xuliqanlıq, cinayət hərəkətlərinə rəvac vermək kimi əməlləri ilə qanun pozuculuğu ilə məşğul olurlar. Onlara qarşı qanunamüvafiq tədbirlər görüldüyü zaman, həmin tədbirlər nədənsə bu jurnalistlərin xoşuna getmir. Məhz bundan sonra görülən qanuni tədbirlər radikallar tərəfindən şişirdilir, "söz azadlığının boğulması", "vicdan məhbusu", "siyasi məhbus" kimi başlıqlarla onlara məxsus qəzet səhifələrinin manşetlərində yer alır. Ötən aksiyalarda da belə oldu. YAP İcra katibinin müavini Siyavuş Novruzov bəzi jurnalistlərin aksiyaçılara qoşulması halını pisləyərək deyib ki, müxalifətçilər mitinq keçirməyə cəhd göstərərkən öz qəzetlərində çalışan jurnalistlər də şüarlar səsləndirirdilər: "Halbuki jurnalist bu cür proseslərdə bitərəf olmalıdır və mitinq iştirakçısı kimi çıxış etməməlidir".
Sonda bir faktı da söyləmək mümkündür ki, mitinq və aksiya keçirməyə cəhd göstərən radikal müxalifət "liderlərinin" ətraflarına toplaşanların əksəriyyəti onların yaxın qohumlarıdır. Çünki bəlli olduğu kimi, heç bir halda, xalq amili kimi qəbul edilən sağlam düşüncəli ictimaiyyət, siyasi əxlaqı olan cəmiyyət bu tip xəyanətkarların, siyasi mənfurların ətrafında toplaşmır, toplaşmayacaq da. Çünki istər səviyyə, istərsə də səbatsızlıq baxımından onların arzuolunmaz "fiqurlar" olduqları öz təsdiqini çoxdan tapıb. Xəyanətkar yanında yalnız beş-altı xəyanətkarın olması isə heç nəyi həll etmir. Siyavuş Novruzov onu da bildirib ki, mitinq və aksiya keçirmək cəhdləri zamanı həmin aksiyalara yalnız bu işi təşkil edən şəxslərin yaxın ətrafları toplaşır: "İcazəsiz aksiyanı bir qrup şəxs həyata keçirməyə çalışır. Nə gənc, nə də yaşlı nəsil tərəfindən onların hərəkətinə dəstək göstərilmir".

Digər xəbərlər