Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin nəticələrini cəmiyyətimiz təqdir edir
Son vaxtlar korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan sərt mübarizə tədbirləri özünün müsbət nəticələrini verməkdədir. Ölkə ictimaiyyətinin nümayəndələri cəmiyyətin ayrı-ayrı üzvləri də, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin müsbət nəticələrlə müşahidə olunduğunu vurğulayıblar. Bizimlə həmsöhbət olan millət vəkilləri, təşkilat sədrləri də həyata keçirilən işlərin önəmindən və vermiş olduğu müsbət nəticələrin doğurduğu ictimai maraqdan bəhs ediblər.
Milli Məclisin üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru, professor İsa Həbibbəyli Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının geniş iclasından sonra dövlət strukturlarında və aidiyyatı orqanlarda keçirilən tədbirlərin, kollegiya iclaslarının şəffaflığının daha aydın formada təmin edilməsi üçün atılan addımların bütün cəmiyyət tərəfindən izlənildiyini vurğuladı. Bildirdi ki, həmin iclaslarda toxunulan məsələlər və qarşıya qoyulan konkret tapşırıqlar və həyata keçirilməsi vacib olan işlər idarəçilik sistemindəki qarşılıqlı münasibətlərə artıq öz töhfəsini vermiş olub. İ.Həbibbəyli ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin proqram xarakterində həyata keçirilməsilə bağlı və proqram xarakterli fəaliyyət planına və bundan irəli gələn konkret məsələlərin həllini tapdığını önə çəkdi. Professor neqativ hallar mövcud olan ölkələrdə, onların iqtisadi inkişafında, siyasi arenada irəliləməsində, sosial proqramların icra olunmasında, infrastruktur layihələrinin yerinə yetirilməsində durğunluqların yarandığı, bu da təbii formada insanların haqlı narazılıqlarına səbəb olduğunu söylədi.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da bizimlə söhbətində korrupsiyaya və rüşvətxorluğa qarşı dövlətimizin həyata keçirdiyi zəruri işlərin qarşılığında əldə olunan müsbət uğurların əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün ölkəmiz özünün malik olduğu iqtisadi potensialına görə Cənubi Qafqaz ölkələri ilə yanaşı, bütün dünyada xüsusi çəkiyə malikdir. "Artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində belə rolunun yüksək olmasını dünya birliyi də qəbul edib" deyən A.Hüseynov davamlı inkişaf strategiyasının müsbət nəticələrinin hələ bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Korrupsiyaya və rüşvətxorluğa qarşı bu cür əks tədbirlərin həyata keçirilməsi hamı kimi bizlər tərəfindən də təqdirəlayiq hal kimi qiymətləndirildi. Dövlətimizin bu cür hallara qarşı görmüş olduğu tədbirlərdən və atmış olduğu addımlardan əlavə cəmiyyət üzvlərinin də bu məsələdə aktiv olması vacib idi. Çünki ölkəmizin inkişafının tendensiyalarına təsir edən ən xırda neqativ hala qarşı belə sərt mövqenin olması labüddür. Məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli müstəqilliyimiz və dövlətimizin idarəçilik strategiyası da demokratik dəyərlərə, şəffaf prinsiplərə söykənir. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin də, ölkəmizdə apardığı çox böyük uğurlu iqtisadi siyasətlə, həyata keçirdiyi analoqu olmayan iri layihələrlə dövlətimizin daha da qüdrətlənməsini, beynəlxalq arenada gücünün artmasını təmin edir. Ona görə də, ölkəmizdə görülən böyük işlərə hər hansı bir uyğunsuzluqla kölgə salmaq mümkün deyil".
Milli Məclisin üzvü Ərəstun Cavadov da, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə məsələlərinin öz aktuallığını saxladığını qeyd etdi. Cəmiyyət tərəfindən də çox yüksək səviyyədə diqqətdə saxlanılan bu məsələnin artıq öz müsbət nəticələrini verdiyini də bildirən Ə.Cavadov ölkəmizdə bu cür neqativ hallara qarşı mübarizənin bir kampaniya xarakterli olması ilə bağlı səslənən fikirlərlə qəti şəkildə razılaşmadığını söylədi. "Gündəlik həyatımızda hər bir vətəndaşın bu cür hallara qarşı öz iradəsini bildirməsinin vacibliyi, cəmiyyətimizin belə məqamlarda bir qədər aktiv olması lazımi sturukturların işinə köməklik göstərmələri də məqbul hallardandır. Həmçinin, bu cür hallara qarşı digər məqamlarla yanaşı, mənəvi prinsiplərin də öz aktuallığını saxlaması, həm subyektiv, həm də, obyektiv amillərin mövcud olması vacib amillərdəndir. İctimai qınağın olması, cəmiyyət üzvlərinin bir qədər fəallıq göstərmələri müəyyən töhfələrin verilməsi ilə nəticələndi" deyən Ə.Cavadov korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələrini ictimaiyyətin də diqqət mərkəzində olduğunu və yüksək qiymətləndirdiklərini söylədi.