"Həmsədrlərin səfərlərinə Azərbaycan cəmiyyətində birmənalı şəkildə "turist səfərləri" adı verilib"
"ATƏT-in Minsk qrupu həmsədrlərinin səfərlərinə yanaşmalar müxtəlifdir və bu təbii haldır". Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması baxımından həmsədrlərin səfərləri önəmlidir: "Ancaq bu səfərlərin sayı o qədər çox olub ki, Azərbaycan cəmiyyətində birmənalı şəkildə bu səfərlərə "turist səfərləri" adı verilib. İstəməzdik ki, onların gəlişləri doğurdan da cəmiyyətin dediyi kimi "turist səfərləri" olsun". "ATƏT-in Minsk qrupunun qarşısına böyük bir missiya qoyulub ki, bu vəzifənin də yerinə yetirilməsi istiqamətində səylər göstərilir, ancaq göstərilən səylər bir nəticə vermirsə, o zaman həmin səyləri göstərməyə ehtiyac qalmır. 20 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi baş verib, lakin hələ də onun həlli istiqamətində irəliləyiş yoxdur. 1992-ci ildən bu günə kimi Minsk qrupu fəaliyyət göstərir, amma münaqişəni həll edib nizama sala bilmirlər",- deyə YAP-ın sədr müavini Əli Əhmədov qeyd edib.