Dünən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2010-cu ilin yekunlarına dair iclası keçirilib.
Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı Sərəncam ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Proqram (2007-2012-ci illər)"dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir sıra qabaqlayıcı əməli-profilaktik tədbirlər həyata keçirilib. Bu tədbirlərdə Dövlət Komissiyasının işçi qrupu aidiyyəti nazirlik, komitə və təşkilatlarla birgə bir sıra layihələr həyata keçirib. Baş nazirin müavini aparılan mübarizə tədbirlərinin dövlətimizin başçısının diqqətində olduğunu vurğulayıb.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və korrupsiyanı bəşəriyyətin ən böyük bəlası adlandıran Komissiya sədri son illərdə siyasi leksikonda "narkokorrupsiya" termininin formalaşdığını deyib. O, "Narkokorrupsiya"ya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə ictimaiyyətə müraciət hazırlanması təklifini də irəli sürüb.
Baş nazirin müavini bildirib ki, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsi Dövlət Komissiyası ilə birlikdə 2010-cu ilin mayında Lənkəranda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı regional konfrans keçirib. İclasda belə bir konfransın bu il də ölkənin digər bir regionunda keçirilməsi təklifi irəli sürülüb.
Əli Həsənov BMT-nin Narkotiklər üzərində Beynəlxalq Nəzarət Komitəsinin illik hesabatına da toxunaraq qeyd edib ki, sənəddə Azərbaycana verilən qiymət reallığı əks etdirmir. Sənəddə guya, Ermənistanda bu problemlə mübarizənin respublikamıza nisbətən daha yaxşı təşkil olunduğu bildirilib və göstəricilər aşağı salınıb. Baş nazirin müavini həmin sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin əkilməsi faktının göstərilmədiyini, buna görə də hesabatda düzəlişin olunmasının zəruriliyini diqqətə çatdırıb. Komissiya bu barədə etiraz məktubu hazırlayaraq beynəlxalq komitəyə təqdim edəcək.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanov, təhsil nazirinin müavini E.Qasımov, səhiyyə nazirinin müavini E.Ağayev, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi G.Muradlı çıxışlarında təmsil etdikləri qurumların narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində gördükləri işlər barədə məlumat veriblər. Hesabat dövründə hüquq-mühafizə orqanları və müvafiq qurumlar yabanı halda bitən 137 min 818 ədəd və 37 min 474 kiloqram narkoxassəli bitki aşkar edərək məhv ediblər. 3 min 197 cinayət faktı aşkar olunmuş, 2 min 604 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət məsuliyyətinə cəlb olunanların 65-i xarici ölkə vətəndaşıdır. Daxili İşlər Nazirliyi qanunsuz dövriyyədən 3 min 18 fakt üzrə 659 kiloqram 906 qram, Milli Təhlükəsizlik Nazirliyi 36 cinayət işi üzrə 1 ton 183 kiloqram 700,9 qram, Dövlət Gömrük Komitəsi 147 fakt üzrə 319 kiloqram 98 qram, Dövlət Sərhəd Xidməti 235 kiloqram 670,4 qram narkotik vasitə müsadirə və məhv ediblər.
Xarici işlər nazirinin müavini X.Xələfov isə bu sahədə tədbirlərin səmərəsini artırmaq üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri arasında koordinasiyanı daha da təkmilləşdirməyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın intensivləşdirməyi təklif edib.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov narkotiklərin yayılmasının mənbəyinə diqqətin artırılmasını təklif edib. İndiyədək görülmüş işləri müsbət xarakterizə edən F.Ələsgərov ölkənin sərhəd rayonlarında mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyinə də toxunmuşdur. Həmçinin qanunvericilikdə müəyyən dəyişikliklər olunmalı, cəza tədbirləri sərtləşdirilməlidir.