Son günlər radikal müxalifət "liderlərinin" öz canlarını gənc nəsil nümayəndələri arxasında gizlətmələri, bu vasitələri ilə ölkədə hökm sürən sabitliyi, asayişi iğtişaşlar yaratmaqla pozmağa cəhd etmələri cəmiyyət tərəfindən ikrah və nifrət hissi ilə qarşılanmaqdadır.
Təmsil olunduqları düşərgə daxilində faktiki olaraq öz problemlərini çözə bilməyən radikal təxəyyüllülər bütün bacarıqsızlıqlarını, səriştəsizliklərini ört-basdır etməkdən ötrü başqa əlac tapa bilmirlər. Lakin əlaclarının məhz bu üsullarla "çözüləcəyini" düşünən müxalifət "liderləri" bu dəfə daha çox yanılmalarının fərqinə belə varmırlar. Çünki onların bu günə qədər "şirnikləndirdikləri" gənclərin əksəriyyəti radikalların əsil niyyətlərini anladıqdan sonra onlardan imtina edirlər. Ancaq təəssüflər olsu ki, hələ də "yuxuya dalıb yatan gənclər" də mövcuddur və onların adları öz mənfi xüsusiyyətləri ilə ictimaiyyətə məlumdur.
Əksəriyyəti AXCP (i) və Müsavat partiyası "şinelindən" çıxan bu "gənclərin" Ruslan Bəşirlisindən tutmuş Cabbar Savalanlısınadək (bütün yoldan çıxarılmışları sadalasaq, buna zaman yetməz) hər biri, Əli Kərimov-İsa Qəmbərov "ikiliyinin" qaragüruhçuluğunu, zəhərini kifayət qədər dadıblar. Bu gün həmin "cavanların" əllərində şüar tutaraq, "hamımız narkomanıq" və yaxud "bizə narkotik verin" kimi fikirlər səsləndirmələrinə yuxarıda adları çəkilən "liderləri" tərəfindən "normal hal" kimi qəbul edilmələri artıq bütün acı həqiqətləri öz çılpaqlığı ilə ortaya qoymuş olur. Bəli, nə qədər acı olsa da, belələri artıq azərbaycanlılıqdan çıxaraq, özlərinə "lider" kimi qəbul etdikləri şəxsiyyətsizlər kimi erməniləşdirilməkdədirlər. Yəni azər əhmədovlardan ta aqil xəlillərədək...
Bu gün radikal düşərgənin başdansovdu olaraq "tələbələrin 11 mart hərəkatı" adlandırdıqları hoqqabazlıqların bilavasitə iğtişaşlara yönəldilməsi çabaları da buna hesablanmış iyrənc addımlardandır. Ancaq gəlin görək, tələbə adından istifadə etməklə səs-küy salmalarının arxasında hansı həqiqətlər dayanıb?
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəalları sosial şəbəkələrdə 11 mart tarixinə mitinqə çağırışla bağlı araşdırma aparıb. Bu barədə mətbuata açıqlama verən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə, xüsusilə də, "facebook" və "twitter"də martın 11-i tarixi üçün Bakı şəhərində mitinq keçirilməsi ilə bağlı çağırış edənlərin əksər çoxluğu Azərbaycanda yaşamayan şəxslərdir: "İkincisi, məlum olub ki, sosial şəbəkələrdə çağırışa qoşulma adı altında göstərilən rəqəm tamamilə saxtadır. Bu çağırışa az sayda adam qoşulub ki, onların da xeyli hissəsi xarici ölkələrdə yaşayır. Digər tərəfdən, "11 mart" çağırışı adı altında fəaliyyət göstərən qruplara cəlb olunan şəxsləri əslində əvvəlcə müxtəlif adlar altında olan qruplara cəlb edib, sonradan "özününküləşdiriblər". Yəni, indi "11 mart" adı altında olan qrupların əvvəlki adı başqa cür olub. Onlar iki-üç dəfə ad dəyişikliyi edib, gənclərin təhsilə münasibəti, asudə vaxtı və s. adlar altında yaradılmış qruplara aid toplanan rəqəmləri üstü-üstə gələrək, bəyan ediblər ki, guya bu qədər şəxs onları müdafiə edir. Biz başqa bir nüansa da diqqət yetirmişik. Söhbət ondan gedir ki, 11 martla bağlı qrupda erməni gəncləri də onların tərəfdarı kimi iştirak edirlər. Orada hətta erməni dilində olan yazılar da var ki, guya onlar da bu hərəkata qoşulublar. Gülməli bir situasiya yaranıb: Azərbaycanda, Bakıda aksiya keçirmək istəyirlər, ancaq aksiya keçirmək istəyənlərin əksəriyyəti xaricdə yaşayır, bir qismi isə Ermənistandadır. Erməni gəlib Bakıdakı toplantıda iştirak edəcək? Yenə deyirəm ki, çox gülməlidir. Bu faktın özü göstərir ki, radikal yönümlü müxalifət Azərbaycan əleyhinə erməni ilə də əməkdaşlıq etməyə hazırdır. Mən burada təəccüblü bir şey də görmürəm. Çünki bu adamlar - başda İsa Qəmbərov və Əli Kərimov olmaqla - Azərbaycanın siyasət tarixində daim naxələf, antimilli hərəkətləri ilə yadda qalıblar. Bu adamlar insanların hisslərindən şəxsi maraqları üçün istifadə ediblər. Ona görə də mən nə 11 mart, nə də 12 martda Azərbaycanda, Bakı şəhərində hansısa kütləvi iğtişaşın, hərəkatın baş verəcəyini təsəvvür belə eləmirəm. Çünki Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini müdafiə edir. Bu gün xaricdə təhsil alan minlərlə Azərbaycan gənci bizə internet vasitəsilə yazdığı məktubunda 11 martla bağlı qaldırılan hay-küyü pislədiyini bildirib. Biz bunu YAP gənclərinin sosial şəbəkələrdə yaratdıqları müxtəlif qruplara gələn yazılarda da görürük. Digər tərəfdən, bu gün Azərbaycan sabit şəkildə inkişaf edir".
Artıq bir daha məlum olur ki, sabit bir şəraitdə ölkəni xaosa sürükləməyə cəhd göstərmək, ölkənin milli maraqlarına zidd hərəkətlər edərək, hansısa dairələrin sifarişlərini yerinə yetirmək Azərbaycan xalqı tərəfindən rədd edilib deyən Mübariz Qurbanlı sonda onu da vurğulayıb ki, radikalizm xalqımız tərəfindən bu gün də rədd edilir, sabah da rədd ediləcək:" Hesab edirəm ki, İsa Qəmbərov və onun ətrafındakıların hay-küyünün arxasında yalnız imitasiya yaranır. Bu imitasiyada məqsəd isə öz mövcudluqlarını nümayiş etdirməkdən başqa bir şey deyil. Onların çağırışlarına qoşulan insanlar Azərbaycanda 0,1 faizdən də dəfələrlə az ola bilər. Ona görə də çağırışlar heç bir nəticə verməyəcək".
Bu mövzu ilə bağlı biz də bir neçə ali təhsil müəssisələrində olduq və həmin müəssisələrdə müxtəlif fakültələrdə təhsil alan tələbələrin fikirlərini öyrənməyə çalışdıq. Məsələn, Azərbaycan Pedaqoji Universitetinin tələbələri arasında ümumi sual qoyduq ki, onların radikal müxalifətin "11 mart tələbə hərəkatı" barədə irəli sürdükləri cəfəngiyyatları barədə ümumiyyətlə xəbərləri varmı? Əgər varsa, buna münasibətləri necədir? Özünü həmin universitetin 2-ci kurs tələbəsi kimi təqdim edən gənc tələbə Arif Qasımov bildirdi ki, şəxsən onun bu barədə öyrənməyə heç bir ehtiyacı yoxdur, çünki heç bir halda bu cür halların baş verməsi qəbuledilməzdir:" Biz gənclərin burada siyasətlə deyil, təhsillə maraqlanmağımız daha məqsədəuyğun olmazdımı? Axı nəyə görə avaraçılıqla, əyyaşlıqla məşğul olan insanları "gənc nəslin nümayəndələri" qismində təqdim edib, sağlam gənclərin adından sui-istifadə edirlər?! Belə davam etsə, biz lazımi instansiyalara müraciət edib, haqqımızı tələb edəcəyik. Radikal müxalifətin bizim adımızdan danışmağa heç bir haqqı yoxdur"
Həmin universitetin 4-cü kurs tələbəsi Arzumanlı İxtiyar da eyni fikirləri bizimlə bölüşdü: "Azərbaycanda xalq tərəfindən bir qəbul edilən siyasət yürüdülür ki, bu siyasət, bu kurs Ümummilli Lider Heydər Əliyevin ölkəmizə, xalqımıza miras qoyduğu yüksəliş və inkişaf yoludur. Bu yoldan biz gəncləri heç kim, heç zaman döndərə bilməz. Radikal müxalifətin bu cür çirkin niyyətlərə əl atma çabaları növbəti dəfə iflasa uğrayacaqdır. Buna indidən əmin ola bilərlər"
Bakı Dövlət Universitetinin də tələbələri radikal müxalifətin "11 mart" adı altında irəli sürdükləri xaos və anarxiya törətmək cəhdlərini hiddət və qınaqla qarşıladıqlarını bildiriblər. Həmin universitetin jurnalistika fakültəsində təhsil alan 3-cü kurs tələbəsi Zemfira Əbdülhəsənova fikrini açıqlayarkən, dedi ki, radikalların daha öncələr də bu tip oyunbazlıqlara əl atmaları puç olmuşdur: "Bu dəfə də belə olacaq. Sosial şəbəkələrdə onlar çox sözlər danışıb yaza bilərlər. Amma bu, o demək deyil ki, yazdıqlarını reallaşdıra biləcəklər. Azərbaycan gənci, Azərbaycan tələbəsi gələcəyin ziyalısıdır. Radikalların sırımağa cəhd etdikləri isə gənclər deyil, onların toruna düşmüş avam insanlardır. Zamanı yetəndə, onlar hansı çirkaba bulaşdıqlarını anlasalar da, gec olacaq. Ona görə də indidən qəflət yuxusundan ayılıb hansı yolda olduqlarını anlasalar, yaxşı olar".
Göründüyü kimi, radikal müxalifət ünsürlərinin budəfəki "tələbə hərəkatı" da anarxiya hərəkətindən başqa heç nə deyil. Bu, eləcə də, xaosa hesablanmış bir siyasi "polyaçi" (kloun) təlxəkliyidir...