PDF Oxu

Əsas

  • 20

Prezidentlərin birgə bəyanatı danışıqların gələcək perspektivini müəyyənləşdirir

Prezidentlərin birgə bəyanatı danışıqların gələcək perspektivini müəyyənləşdirir
Martın 5-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilən növbəti üçtərəfli görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mütərəqqi bir addım kimi qiymətləndirilir. Hər halda, görüş zamanı imzalanan birgə bəyanat bunu deməyə əsas verir. Belə ki, bu bəyanatla, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər.
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün bu formatda Rusiya prezidentinin təşkilatçılığı ilə keçirilən görüş bundan əvvəlki illərdə də bir neçə dəfə keçirilmiş və ümumilikdə bu görüşlərin nəticəsi nizamlanma prosesinə öz müsbət təsirini göstərmişdir. Ötən ilin oktyabr ayında məhz yenidən Rusiya prezidentinin təşəbbüskarlığı ilə keçirilən Həştərxan görüşünün nəticəsində qəbul olunan birgə bəyanatda əsir və girov düşmüş hərbçilərin qaytarılması və dəyişdirilməsi ilə bağlı razılığa gəlinmişdi. Görüşdən sonra isə Azərbaycanın şəhid olmuş hərbçilərinin cəsədləri geri qaytarılmışdı. Bütün bunlar isə, ilk növbədə, Azərbaycan Prezidentinin bu sahədə göstərdiyi böyük səy nəticəsində əldə olunmuşdur.
Soçi görüşündə imzalanmış birgə bəyanatda da qeyd olunur ki, dövlət başçıları ötən il oktyabrın 27-də Həştərxanda qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini müzakirə ediblər. Prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər. Bununla yanaşı, bəyanatda vurğulanır ki, tərəflər bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk Qrupunun himayəsi altında və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarıdır. "Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə öz mütəmadi görüşlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar və bunun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin apardığı işə əlavə olaraq davam etdirilməsinə dair razılığa gəliblər", - deyə bəyanatda bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyev vətənə qayıdarkən Soçinin "Adler" beynəlxalq aeroportunda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye, İqor Popov, habelə, təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiklə görüşüb.
Göründüyü kimi, Soçi görüşü münaqişənin nizamlanması ilə bağlı hər hansı bir həlledici qərarın verilməsi ilə nəticələnməsə də hərbi əsirlərin qaytarılması və ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı ümumi razılığa gəlinməsi danışıqların gələcək perspektivinin daha konstruktiv yöndə inkişaf edəcəyinə bir işarədir. Bu mənada, Rusiya tərəfinin həm Minsk Qrupunun həmsədrlərindən biri kimi, həm də münaqişə ilə daha yaxından tanış olan region ölkəsi kimi göstərdiyi təşəbbüskarlığı xüsusi qeyd etmək lazımdır. Onun son illərdə prezidentlərin üçtərəfli görüşünü təşkil etməyə yüksək təşəbbüskarlıq göstərməsi, bir daha bunu deməyə əsas verir ki, Rusiya münaqişənin həllində maraqlıdır və regionda sülhün təmin olunması üçün danışıqları davam etdirmək niyyətindədir. Lakin buna baxmayaraq, demək olmaz ki, Rusiya tərəfi münaqişənin nizamlanması üçün öz nüfuzundan tam şəkildə istifadə edir. Əslində, o, münaqişənin həlli üçün ən əsas olanı etməkdən çəkinir ki, bu da işğalçı tərəfə təsir və təzyiq metodlarından istifadə etməklə, onu tutduğu qeyri-konstruktiv mövqedən çəkindirməkdir. Nəzərə alsaq ki, bu gün Rusiya hər mənada Ermənistan üzərində böyük bir təsir gücünə malikdir, onda onun bu məsələdə də Ermənistana nüfuz edərək, onu geri addım atmağa məcbur etmək üçün əlində kifayət qədər təsir mexanizmlərinin olduğunu anlamaq olar. Odur ki, bu gün münaqişənin həllində Rusiyanın üzərinə böyük məsuliyyət düşür və o, regionda sülhü təmin etmək üçün öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Ümumilikdə götürdükdə isə, Soçi görüşünün nəticələrini danışıqların gələcəkdə davam etdirilməsi üçün məqbul hesab etmək olar. Yuxarıda da qeyd etdiyim kimi, bəzi məsələlərdə ümumi razılığa gəlinməsi münaqişənin dinc yolla həlli üçün ümidin tam kəsilməməsinə şərait yaradır. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi öz hərbi potensialını artırmaqda davam edəcək və münaqişənin sülh yolu ilə həll olunmayacağı təqdirdə, özünün təbii və beynəlxalq sənədlərdə də birmənalı şəkildə əks olunmuş torpaqlarını hərbi yolla işğaldan azad etmək yolunu tuacaqdır.

Digər xəbərlər