PDF Oxu

Əsas

  • 15

“Tarixə adını yazan qadınlar"...

“Tarixə adını yazan qadınlar"...
Dünən "Park İnn" otelinin konfrans zalında tanınmış jurnalist, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə elm və ictimaiyyət xadimləri, xarici dövlətlərin diplomatik korpus nümayəndələri və digər tanınmış şəxslər qatılmışdır.
Qeyd edək ki, üç cildən ibarət olan bu kitabda ayrı-ayrı fəaliyyət sahələrində böyük, əsrarəngiz işlər görmüş, "ilk"lərə imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış 100 məşhur qadının həyat və fəaliyyəti haqqında tarixi-bədii oçerklər toplanıb. Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə bildirdi ki, kitab Azərbaycanda gender elminin inkişafına mühüm töhfə kimi qəbul edilə bilər. Kitaba Azərbaycanın tarixində mühüm yer tutan üç azərbaycanlı qadının da adı daxil edilib. Bunlar Tomris, Sara Xatun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, qadınları güclü olmayan cəmiyyət zəif hesab olunur: "Azərbaycan qadınları çox yüksək pillələrə qalxmağa nail olan qadınlardır. Son illər cəmiyyətdə qadınların qərarların qəbul edilməsi prosesində rolu əhəmiyyətli dərəcədə artıb".
Kitabın müəllifi Qənirə Paşayeva isə öz çıxış nitqində bildirdi ki, ümumiyyətlə, Azərbaycan qadın hüquqlarının qorunması sahəsində inkişaf etmiş ölkələr sırasındadır. Lakin hələ də dünyanın bəzi ölkələrində qadınlar ən adi hüquqlardan belə məhrumdurlar: "Tarixə adını yazan qadınlar çox olub. Təəssüf ki, bəzən tarix onların adını lazımınca yazmayıb. Bu kitabı yazmaqda əsas məqsədim tarixə adlarını yazan, "ilk"lər yaradan qadınlarımızın həyatını, fəaliyyətini gənc qızlarımıza örnək kimi göstərmək olub. Bu kitab ən azı yüz qıza ünvanlanıb. Bu qadınların hekayətləri, çətinliklə əldə etdiyi uğurlar qızlarımızın hədəfə çatmaları üçün yardımçı olacaq. Amma kitab yalnız qızlarımıza ünvanlanmayıb. Kitab həm də atalar, qardaşlar, həyat yoldaşları və böyüməkdə olan gənc oğlanlar üçün yazılıb".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura isə çıxış edərkən bildirdi ki, Azərbaycan qadın hüquqlarının qorunması sahəsində bir çox ölkələrdən öndədir. Lakin buna baxmayaraq, həmin istiqamətdə qarşıda daha çox işlərin görülməsi vacibdir. Eləcə də, əhalinin təxminən yarısını təşkil edən qadınların qərarların qəbul edilməsində rollarının daha da artırılması məqsədəuyğun və düzgün olardı.
Sonda onu da xatırladaq ki, üç cildlik kitab halına salınmış topludakı materiallar Lent.az saytında silsilə şəkildə verilib və geniş oxucu auditoriyası qazanıb.

Digər xəbərlər