Müasir Azərbaycan Ordusunun qurucusu, çağdaş tariximizin ən tanınmış siması sayılan Ümummilli Liderimiz Heydər Əliyev 1990-cı illərin əvvəllərində xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkənin milli maraqlarından doğan strateji əhəmiyyətli tədbirlərin planlaşdırılması, sistemləşdirilməsi və həyata keçirilməsi sahəsində ciddi sıçrayışlar qeydə alındı.
Qarşıda dayanan ən ümdə vəzifənin Silahlı Qüvvələrin quruculuğu olduğunu dərindən dərk edən ünlü sərkərdə ən qısa müddətdə ordunun əsas prioritetlərini müəyyənləşdirməklə yanaşı, bu işin hüquqi-elmi əsaslar üzərində aparılması üçün davamlı strateji tədbirlər planını hazırladı və həyata keçirdi. Onun müxtəlif vaxtlarda xalqa tarixi müraciətləri və bu müraciətlərdə hamını bir mərkəzdə - Müdafiə Nazirliyində birləşməyə çağırması, vahid komandanlıq prinsipinin tətbiqində prinsipial mövqedən çıxış etməsi Azərbaycan cəmiyyətinin orduya olan inamına yeni həyat verdi və xüsusilə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində önəmli rol oynadı. Yeni yaradılan ordunun ən böyük problemi - peşəkar kadrların azlığı Ümummilli Liderimizi hər şeydən çox narahat edən və düşündürən bir problem kimi dövlət rəhbərliyi səviyyəsində tam qabardıldı və onun aradan qaldırılmasından ötrü əgər bir tərəfdən MDB məkanında, müxtəlif hərbi hissələrdə xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması üçün xüsusi diqqət və qayğı göstərildisə, digər tərəfdən də hərbi təhsil sahəsində ciddi islahatlar aparıldı. Bu vacib və mühüm sahəni şəxsən diqqət mərkəzində saxlayan Heydər Əliyev həyata keçirilən mühüm islahatlar sayəsində Azərbaycanın hərbi təhsil sistemini ən qısa zaman kəsiyində təkmilləşdirdi. Bu gün Azərbaycanın hərbi təhsil ocaqlarında hərb elminin sirlərinə yiyələnən xarici ölkə gənclərini gördükcə, Heydər Əliyev adına, Heydər Əliyev zəkasına və uzaqgörənliyinə heyrətlənməyə bilmirsən.
Bu gün ölkəmizdə Silahlı Qüvvələrimiz üçün peşəkar kadrlar hazırlayan, geniş imkanlara malik hərbi təhsil ocaqları fəaliyyət göstərir. Hələ Ümummilli Liderimizin şəxsi təşəbbüsü və fədakarlığı sayəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey nəinki Azərbaycanda, ümumiyyətlə, keçmiş SSRİ məkanında öz yüksək keyfiyyət göstəriciləri ilə daim öndə gedir və seçilirdi. Sonradan C.Naxçıvanski adına Hərbi Liseyin filialı kimi Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan, 2004-cü ildən isə öz tarixinin yeni bir mərhələsinə qədəm qoyan Heydər Əliyev adına Hərbi Lisey də məhz Ümummilli Liderimizin səmərəli fəaliyyətinin bəhrəsidir.
Silahlı Qüvvələrimizin kadr potensialını artırmaq istiqamətində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Təlim və Tədris Mərkəzinin müstəsna rolu vardır. Bu sırada əsas yerlərdən birini də Silahlı Qüvvələr üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi məsələlərin öyrədilməsini təmin edən Hərbi Akademiya tutur. Bu təhsil ocağı da məhz Ümummilli Liderimizin strateji planlarının tərkib hissəsi kimi 1999-cu ildə yaradılmış və az müddətdə ordunun kadr potensialının peşəkar hərbçilərlə daha da artırılması işinə layiqli töhfələr vermişdir. Ölkənin zəngin ənənələrə malik ən qocaman təhsil ocaqları sırasında isə ön cərgədə, heç şübhəsiz, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi dayanır.
İndiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "sələfi" 1939-cu ilin noyabr ayında SSRİ Xalq Müdafiə Komissarının əmri ilə Qroznı şəhərində yaradılmışdır. "Qroznı Hərbi Piyada Məktəbi" adı altında fəaliyyətə başlayan bu təhsil ocağı 1942-ci ildə Bakı şəhərinə köçürülmüş və 1945-ci ildə SSRİ Silahlı Qüvvələri baş qərargah rəisinin direktivinə əsasən "Bakı Piyada Məktəbi" adlandırılmışdır.
70-ci illərin əvvəllərində məktəbin həyatında yeni bir dövr başladı. Bu, ilk növbədə, Ümummilli Liderimizin respublikaya rəhbər seçilməsi ilə bağlı idi. 1973-cü il aprel ayının 7-də onun hərbi təhsil ocağına gəlişi məktəbin dinamik inkişafı istiqamətində əsas stimula çevrildi.
SSRİ-nin süqutundan sonra 1992-ci ilin may ayından Azərbaycan Respublikasının hüquqi tabeçiliyinə keçən məktəb motoatıcı qoşun zabitləri ilə yanaşı, daha on peşə üzrə zabit kadrlarının hazırlanmasına başladı. Fəaliyyətinin ilk dövründən etibarən bu təhsil ocağının yetirmələri təcavüzkar Ermənistan ordusuna qarşı döyüşlərdə yaxından iştirak etmiş, Vətənin müdafiəsi istiqamətində əsil fədakarlıq nümunəsi göstərmişlər. Təkcə onu demək kifayətdir ki, 1992-ci ilin dekabr ayında məktəbin birinci kursunun şəxsi heyətindən ibarət tabor yaradılaraq, döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam bölgəsinə, 1993-cü ilin fevral ayında isə ikinci kurs ümumqoşun fakültəsinin şəxsi heyətindən ibarət bölük yaradılaraq Ağdərə bölgəsinə göndərilmişdir. Təhsil ocağının şəxsi heyəti 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə də xüsusi fəallıq göstərmişdir. Məktəbin məzunlarından 5 nəfəri, kursantlarından isə 3 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Kursantlardan Kərim Kərimovun, Bəhruz Mənsurovun və Əsgər Əliyevin adı bu gün də onların yolunu davam etdirən gənclər tərəfindən ehtiramla yad edilir.
2001-ci ilin avqust ayından Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanına əsasən bu təhsil ocağı "Azərbaycan Ali Hərbi Məktəbi" adlandırıldı. 2001-2002-ci il məzunlarının buraxılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyev şəxsən iştirak etmiş, təhsildə və təlimdə fərqlənən kursantlara diplom və zabit paqonlarını təqdim etmişdir. Onun respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə bu məktəbə göstərdiyi diqqət və qayğını nəzərə alaraq ölkə Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli Fərmanı ilə Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adı verilmişdir.
Məktəbdə zabit kadrlarının hazırlanması prosesi 1997-ci ilin sentyabr ayına qədər keçmiş SSRİ-nin hərbi təhsil sisteminə uyğun həyata keçirilirdi. 1997-ci ilin sentyabr ayından etibarən burada müasir Qərb standartlarına müvafiq yeni təhsil sisteminin tətbiq olunmasına başlanmışdır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təlim-tədris işi Azərbaycan Respublikası müdafiə nazirinin 15 iyul 1998-ci il tarixli əmri ilə qüvvədə olan "Ali hərbi məktəblər haqqında əsasnamə"nin, eləcə də, bakalavr ixtisası təhsili standartlarının tələblərinə uyğun olaraq təşkil edilir. 2009-2010-cu təlim-tədris ilində məktəbin II, III, IV kursları bakalavr təhsilinin "İnzibati idarəetmə" istiqamətinin "İdarəetmə mühəndisliyi" ixtisası üzrə təhsillərini davam etdirmiş, I kurslar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının siyahısı"na uyğun olaraq seçilmiş "Mexanika mühəndisliyi", "İnşaat mühəndisliyi", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" və "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasları üzrə təhsil almağa başlamışlar. Hal-hazırda məktəbin yeni birinci kursunun kursantları da son dörd ixtisas üzrə təhsil alırlar. Yuxarıda qeyd olunan son dörd bakalavr ixtisaslarının seçilməsində məqsəd kursantların hərbi ixtisaslar üzrə aldıqları biliklərin təməl fənlər əsasında möhkəmləndirilməsi və yiyələndikləri peşə üzrə bilikləri daha dərindən mənimsəmələridir.
Hazırda məktəbdə 9 hərbi ixtisas üzrə mütəxəssislər hazırlanır.
4-cü kursun sonunda məktəbi bitirən zabitlərə müasir tələblərə cavab verən ali təhsil haqqında diplomlar təqdim edilir.
Təhsilin yeni dövlət standartlarına uyğun olaraq məktəbin I və II kurs kursantları ilə məşğələlərdə təhsilin daha müasir və mütərəqqi formalarından istifadə edilməyə başlanmışdır. Belə ki, qrup dərslərindən başqa ümumi praktikanın artırılması və təkmilləşdirilməsi üçün müasir informasiya texnologiyalarından istifadə olunmaqla yanaşı, seminar məşğələləri, laborator məşğələlər və müstəqil hazırlıq üçün xüsusi tapşırıqların həcmi artırılmışdır. Bir sıra texniki fənlər üzrə kurs layihəsi və işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Hazırda məktəbdə 11 kafedra fəaliyyət göstərir. Bu kafedralar kompyuter sinifləri, fizika və kimya laboratoriyaları, ixtisaslaşdırılmış hərbi siniflər və əyani vasitələrlə təchiz olunub. Peşəkar pedaqoji heyət təhsildə yeni uğurların qazanılmasında mühüm rol oynayır. Burada onlarla elmlər doktoru, professor, elmlər namizədi və dosent kursantlara elmin sirlərini öyrədir. Onlar beynəlxalq və respublika səviyyəli elmi konfrans, seminar və simpoziumlarda daim məruzələrlə çıxış edirlər. Məktəbdə kursantların hərbi-elmi cəmiyyəti fəaliyyət göstərir. İndiyədək cəmiyyətin 5 elmi konfransı keçirilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev bu mühüm və vacib məsələ haqqında danışarkən demişdir: "Əminəm ki, ali hərbi məktəbi bitirmiş məzunlar Azərbaycan Ordusunda ləyaqətlə xidmət edəcək və ölkənin müdafiə qüdrətini möhkəmləndirəcəklər".
İbrahim RÜSTƏMOV, mayor, əməkdar jurnalist